30 illik həsrətə son-Ali Baş Komandandan zəfər müjdəsi!

10 noyabr 2020-ci il! Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan cənab İlham Əliyevin adı qızıl hərflərlə tarixə həkk oldu! Bu tarixi günü nəinki Azərbaycan xalqı,eləcə də beynəlxalq ictimaiyyət heç bir zaman unutmayacaq! Zəfər salnaməsi ilə dünyaya səs salan sərkərdə Ermənistan və onun havadarlarına elə bir dərs verdi ki,çətin bir də onlar cürət edib status-kvo tələb edə. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın və onun havadarlarının 30 il ərzində qurduğu istehkamları darmadağın etdi , muzdurlar hesabına formalaşan ordusunu məhv etdi.Bu qısa müddət ərzində 5 şəhər,4 qəsəbə ,300-dən çox kənd və çoxsaylı strateji yüksəklilər işğaldan azad edildi. Düşmənin 315 tankı, 3 ədəd SU-25 təyyarəsi, 6 ədəd S-300 raketi,2 ədəd S-125 raketi,102 ədəd Qrad qurğusu,79 ədəd piyada döyüş maşını,441 ədəd yük avtomobili məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Ard-arda gələn qələbə xəbərlərindən dərhal sonra noyabrın 8-də Ali Baş Komandan 28 illik həsrətə son qoyaraq nəinki Azərbaycanın,bütövlükdə Qafqazın  tacı ,incisi sayılan,böyük rəmzi məna daşımaqla yanaşı,strateji baxımdan böyük əhəmiyyət kəsb edən Şuşanın işğaldan azad edilməsi müjdəsini  verdi. Gözlənilən an gəlib çatdı.Hərbi ekspertlərin,eləcə də ermənilərin özlərinin də dediyi kimi,”Kim Şuşaya nəzarət edirsə,Qarabağa da o nəzarət edir.”Bu isə o demək idi ki,biz artıq zəfərin bir addımlığındayıq. Aydın məsələdir ki,Şuşanın işğalçılardan azad edilməsi bütövlükdə Qarabağın azad edilməsi deməkdir,özü də döyüş meydanında.Bununla da Ermənistanın bütün manevr imkanları heç oldu və kapitulyasiyaya razı olmaqdan başqa  çıxış yolu olmadı.Bu ,ağ bayraq qaldırmaq demək idi.Dünya hərb tarixinə nəzər salsaq görərik ki,məhz bu şəraitə düşmüş,yəni tam tərk-silah olmuş tərəf məğlub hesab olunur,təslim olur və bütün hərbi əməliyyatlar dayandırılır. Ali Baş Komandanın da vurğuladığı kimi Azərbaycan bu zəfərə məhz döyüş meydanında nail oldu. Noyabrın 9-da müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Qubadlı,Zəngilan,Füzuli rayonlarını,Xocavənd rayonunun böyük hissəsini,Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.Ali Baş Komandan daha bir şad xəbər verdi-“Ordumuz Laçında!” Bu isə Ermənistan üçün yolun sonu demək idi. Döyüş meydanında əsgərlərimizin qanı,canı bahasına ard-arda qazanılan qələbələr nəticəsində Ermənistan kapitulyasiyanı imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il, Moskva vaxtı ilə  00:00-da Azərbaycan,Rusiya Prezidentləri və Ermənistanın Baş Nazirinin birgə imzaladığı 9 bənddən ibarət bəyanat rəsmi olaraq Ermənistanın süqutu deməkdir.Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan beynəlxalq müstəvidə də öz nüfuzunu itirdi.Belə ki,hələ münaqişənin ilk günlərindən Azərbaycan tərəfinin ona təklif etdiyi şərtləri məhz döyüş meydanındakı məğlubiyyətindən sonra qəbul etdi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu 44 gün ərzində verdiyi 30 –dan çox  müsahibənin hər birində,o cümlədən BBC-yə son müsahibəsində də bəyan edi ki,Ermənistan,qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda ,hərbi əməliyyatlar dayandırılacaqdır. Belə də oldu.Ali Baş Komandan hər dəfə olduğu kimi,bu dəfə də sözünün ağası oldu. Ermənistan məcburi şəkildə öz üzərinə öhdəlik götürdü ki,qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam,Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq.Belə ki,bəyanatın 6-cı bəndinə əsasən Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasının Kəlbəcər rayonunu,1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Bəyanatın 2-ci bəndinə əsasən isə 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bəyanatın 5-ci bəndinə uyğun olaraq münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Həmçinin böyük tarixi qələbədir ki,Rusiya sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş  ərazilərindən çıxarılması ilə eyni anda aparılır. Türkiyə rəsmi olaraq münaqişənin həlli prosesinə cəlb olunaraq həm də atəşkəs prosesinə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında Rusiya ilə bərabərhüquqlu dövlət kimi fəal yer alır. Daha bir tarixi qələbə isə tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşasının təmin olunmasıdır.Bu proses nəticəsində Naxçıvan da blokadadan azad olmuş olur. 30 il ərzində beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycan birtərəfli şəkildə 44 gün ərzində reallığa çevirdi.Haqq,ədalət zəfər çaldı. Bu 44 gün say baxımından az müddət kimi görünsə də ,hamımız bilirik ki,ona gedən yol uzun və keşməkeşli olub.Bu 44 gün ərzində ,30 il ərzində olduğu kimi, Azərbaycan bir çox dövlətlərin təzyiqinə məruz qaldı.Ermənistanın vəhşiliklərinə göz yuman bu dövlətlər hər fürsətdə öz qərəzli mövqelərini ortaya qoydular  və hələ də qoymaqda davam edirlər. Ehtiyatda olan bir zabit kimi əsas bir məqama toxunmaq istəyirəm.İllərin təcrübəsindən çıxış edərək qeyd etmək istəyirəm ki,siyasi arenada mübarizə aparmaq döyüş meydanında mübarizə aparmaqdan qat-qat çətindir.Həmçinin beynəlxalq müstəvidə qazanılan hər bir qələbə, döyüş meydanında qazanılan qələbənin təminatıdır. Çünki ruh yüksəkliyi olmadan heç bir əsgər qalib gələ bilməz. Bu ruh yüksəkliyini isə öz qətiyyətli,cəsarətli,təmkinli,peşəkar çıxış və müsahibələri ilə Ali Baş Komandan təmin etdi.Onun iti zəkası,uzaqgörən siyasəti,mahir natiqlik qabiliyyəti,tutarlı cavabları bütün dünyanı heyran etdi və istər orduda ,istərsə də xalq arasında ruh yüksəkliyini günbəgün artırdı.Dövlət-ordu-xalq birliyinin yaranmasına gətirib çıxardı.Məhz bunun sayəsində bu qısa zaman kəsiyində zəfər yürüşümüz qələbə ilə başa çatdı. Deyirlər ki,torpaq bayraq kölgəsində vətən ,insan isə vətəndaş olur.İşğaldan azad olunmuş torpaqlarımızın başı üzərində Azərbaycanın müqəddəs Üçrəngli Bayrağı dalğalandıqca hər bir azərbaycanlı kimi böyük qürur hissi keçirərək düşünürəm ki, doğrudan da” Bayraqları bayraq edən üstündəki qandır.Torpaq,uğrunda ölən varsa Vətəndir!” Artıq ,böyük qürur hissi ilə deyə bilirik : Qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı ,torpaqla qarışıb Vətən oldu! Ulu Öndər Heydər Əliyevin nigaran ruhu şad oldu! Hər müsahibəmin sonunu ,Ali Baş Komandanın da vurğuladığı kimi,qələbəmizin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida”milli şüarı ilə bitirirdim.            Bu dəfə isə böyük fəxarətlə Ali Baş Komandanın xalqa müraciətinin sonunda hər birimizin 30 il həsrətlə gözlədyimiz,sevinc göz yaşları ilə dinlədiyimiz ifadələrlə bitirirəm və bir daha Şəhidlərin  müqəddəs ruhu qarşısında baş əyərək bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza  və müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm! “Füzuli bizimdir,Cəbrayıl bizimdir,Zəngilan bizimdir,Qubadlı bizimdir,Ağdam bizimdir,Laçın bizimdir,Kəlbəcər bizimdir,Şuşa bizimdir ,Qarabağ bizimdir!Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına ! Yaşasın Azərbaycan!“                        Çingiz Dadaşov,  Nəsimi rayon sakini, ehtiyatda olan zabit