"ABŞ-ın yeni prezidenti taktiki dəyişikliklər etmək məcburiyətindədir"

ABŞ-da prezident seçkiləri yekunlaşdı. Seçkilərin ilkin nəticəsi olaraq Co Bayden Amerikanın 46-cı prezidenti seçildi.
Bayden gəlişi ilə ABŞ-ın daxili və ya xarici siyasətində nə dəyişə bilər? Sualımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikirlərini oxuculara çatdırırıq. - ABŞ-da hakimiyyətdə istər demokratlar, istərsə də respubilikaçılar partiyasının namizədi olsun, fərqi yoxdur, kimin olmasından asılı olmayaraq dövlətin strategiyası birdir. Hakimiyyətə gələn siyasi partiya taktiki baxımdan dəyişikliklər etməklə dünya ictimaiyyətinə ABŞ-ın fəqli siyasət görüntüsü yaradırlar. ABŞ dövlətinin qəbul etdiyi strategiya valyutası olan dolları nəyin bahasına olursa-olsun vahid dünya valyutası kimi qoruyub saxlamaq və gücləndirməkdir. Bu strategiyanı qorumaq üçün ABŞ-da hakimiyyətə gələn partiya taktiki baxımdan daxili və xarici siyasətdə kosmetik dəyişikliklər edir. ABŞ siyasətçiləri və analitikləri demokratiya ideyasını strategiya kimi önə gətirməklə görüntü yaradır və əsas məqsədlərini ustalıqla gizlətməyə çalışırlar. ABŞ-ın strategiyasına təhlükə yarana biləcək maneəni nəyin bahasına olursa-olsun dəf etməyə çalışır, hətta xarici dövlətlərdə çevrilişlər, rəngli inqilablar bahasına nəticə xaos olsa belə, geri çəkilmirlər. Dünya bazarında dolların zəifləməsi ABŞ-ın milli təhlükəsizliyinə təhlükədir, bu baxımdan, dünyada nə qədər xaos yaranırsa, ABŞ dollarına bir o qədər təlabat artır, nəticədə, dolların dəyəri güclənir, beləliklə, strategiya qorunmuş olur. Buna Yaxın Şərqdə baş verənlər bariz nümunədir. Dünyada üç əsas sahə üzərində böyük ticarət həyata keçirilir - enerji (neft-qaz), silah və narkotika - bu sahələrin demək olar ki, 100 faizi dollar üzərindən aparılır. Bildiyiniz kimi, təxminən Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) bu gün dünya ticarətinin 90-95 %-i dollarla, beynəlxalq əməliyyatların çoxu isə ABŞ maliyyə sistemi vasitəsilə tənzimlənir. Bu sistem vasitəsilə ABŞ dünyanın maliyyə sektorunu tam nəzarətə götürdüyündən, bununla dünya iqtisadiyyatını tənzimləyir. İqtisadiyyat siyasətə, siyasət də iqtisadiyyata bağlı olduğundan ABŞ dünya siyasətini tənzimləmək gücünə sahibdir. Beləliklə, ABŞ öz marağına uyğun olmayan dövlətlərdə krizis yaratmaq gücünə malik olur, bir sözlə, SWIFT beynəlxalq ödəniş sistemi ABŞ-ın əlində siyasi alətə çevrilmiş olur, bununla da strategiyanın qorunmasına xidmət etdirir. ABŞ-ın istədiyi dövlətdə şirkətlərə, banklara və şəxslərə sanksiya tətbiq etmək imkanı var. ABŞ bu imkanlardan istifadə edərək öz maraqlarını hər şeydən önə çəkməkdədir. Hesab edirəm ki, ABŞ-ın yeni seçilmiş prezidenti dövlətin idarə edilməsində, daxili və xarici siyasətdə strategiyanı qorumaqla taktiki dəyişikliklər etmək məcburiyətindədir.