Şuşanı azad edənlərə borcumuz - Prezidentdən səmimi istəyimiz... Яндекс.Директ

Bu gün yaşadığımız sevinci, Şuşa zəfərini sözlə ifadə etmək mümkün deyil. Odur ki, heç bu barədə beynimizi yorub, söz bazamızı eşələməyək. Bircə onu demək mümkündür ki, 8 noyabr sadəcə, Azərbaycan xalqının qürur günüdür. Heç zaman Azərbaycan xalqı belə sevinməmişdi. Son 200 ildə ilk dəfədir torpağımız işğaldan, düşmən tapdağından xilas edilir, Qarabağ öz sahibinə qaytarılır. Şuşaya dönürük! Şuşanın azadlığı Böyük Qələbənin əsas şərti idi... Ən əsası, 28 il öncə sındırlmış qürurumuz bərpa olundu bu gün! Qalib xalq olmağın sevinci, yaratdığı hissləri də izah etmək mümkün deyil. Bəs, kim və necə bərpa etdi? Əlbəttə, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Müzəffər Ordumuz işğaldan azad etdi Şuşamızı və işğaldakı digər torpaqlarımızı. Amma bu yalnızca nəticəvi hissədir. Bu nəticəyə çatmaq, nail olmaq üçün isə uzun bir yol gəldi Prezident İlham Əliyev. Bir jurnalist, ölkənin aparıcı media orqanlarından birinin redaktoru olaraq diplomatik müstəvidə, beynəlxalq aləmdə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin özünün neçə illərdən bəri - ən azı 2010-cu ildən üzü bu yana Qarabağın azadlığı üçün hansı işləri gördüyünə dair müəyyən, detallarını bilmədiyimiz informasiyalarımız vardı. Bacardığımız qədər də bu prosesə dəstək vermək boynumuzun haqqı idi, bunu edirdik, edirik. Və əlbəttə ki, Qarabağın xilasına yönəlmiş bu prosesdən erməni lobbisi, ermənipərəst qüvvələr də xəbər tutmuşdular, hərəkətlənmişdilər və onlar biləsiniz ki, son 10 ildə Azərbaycan dövlətinə, şəxsən İlham Əliyevə qarşı ən şərəfsiz qaydalarla kampaniya apardılar. Yəqin söhbətin nələrdən getdiyini hamı bilir. Ağlı kəsən, vətənini, Qarabağını sevən hər kəs bu prosesdə dövlətinin yanında oldu, dövlətinə uzanan dilləri kəsmək üçün əlindən gələni etdi. Bu prosesdə “Yeni Müsavat” Media Qrupunun da az-çox rolu olduğuna görə xoşbəxtik. Bu proseslər haqda inşallah, böyük qələbəmizdən sonra geniş danışarıq, kimlərin hansı oyunların iştirakçısı olmasına da aydınlıq gətirərik... İndilik ondan danışaq ki, şükürlər olsun, bu anti-Azərbaycan kampaniyaları baş tutmadı, cənab İlham Əliyevin apardığı Qarabağ siyasəti öz məntiqi sonluğuna yetişdi və biz bu gün ŞUŞA ZƏFƏRİni qeyd edirik! Əminliklə deyə bilərəm, bəlli şərtlər, reallıqlar daxilində Azərbaycanı bu uğura İlham Əliyevdən başqa kimsə yetişdirə bilməzdi! Məhz onun misli görünməmiş xarici siyasətinin bəhrəsidir yaşadığımız Qarabağ qələbəsi! Təkcə xarici siyasətmi? Əlbəttə yox, daxili, iqtisadi, hərbi siyasət də kifayət qədər uğurlu oldu: diplomatik uğurlarla yanaşı, güclü iqtisadiyyatımız formalaşdırıldı, mükəmməl ordu quruldu, müasir silahlar alındı, çevik hökumət komandası təşkil etdi və bütün bunların yekununda Qarabağımızı azad edə bilirik. Təsəvvür edirsinizmi 28 il işğalda qalan Şuşanı 42 günə azad etmək nə deməkdir? Bu, hərb nəzəriyyəsinin, diplomatiya nəzəriyyəsinin yenidən yazılmalı olduğunu göstərir... Təbii, böyük qardaşımız Türkiyənin misilsiz siyasi və mənəvi dəstəyi, Pakistanın, İsrailin, Ukraynanın və digər dost dövlətlərin yanımızda olması, Rusiyanın, İranın, əksər Avropa və Qərb dövlətlərinin neytral mövqe tutmaları da məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əgər bu diplomatik uğurlar olmasaydı, Qarabağ zəfərimiz belə sürətli baş tutmayacaqdı! Bunun üçün illərlə əziyyət, zəhmət çəkib Ali Baş Komandanımız! Azərbaycan xalqı üçün xoşbəxt gələcək qurub!... Bu gün Ali Baş Komandan Şəhidlər Xiyabanında Şuşa Zəfərini elan etdi. Bu yazını yazanda artıq həmin müraciətin üzərindən 6 saata yaxın vaxt keçirdi. Hələ də “sevinc şoku”ndan tam ayılmamışdım. Prezidentin Şuşanın azadlığını elan etməsinin ardınca söylədiyi nitqdə hər kəlməsi bir hikmət daşıyırdı. Bir sözünü isə biz gələcək nəsillərimizə, övladlarımıza həmişə örnək kimi göstərəcəyik: Onun “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” kəlməsini xalqımız zaman-zaman gələcək nəsillərə örnək kimi göstərəcək... Sizə necə təşəkkür edək, necə borcunuzdan çıxaq, Ali Baş Komandan və Qəhrəman Əsgərlərimiz? Şəhid olan hərbçilərimizin ruhu qarşısında daim baş əyəcəyik, and yerimiz edəcəyik, onların varislərini göz bəbəyimiz kimi qoruyacağıq. Nə etsək belə, çıxa biləcəyikmi borcunuzdan, Vətəni xilas edənlər? Sizin fədakarlığınızı, misilsiz zəkanızı və müdrikliyinizi necə tam qiymətləndirək, cənab Ali Baş Komandan? Səmimi istəyimiz odur ki, hər zaman xalqımızın, dövlətimizin başında Siz olun. Bizə başqa kimsə belə sevinci yaşada bilməzdi axı. Nə qədər ömür vəfa edir, o qədər bu dövləti, xalqı gücləndirməkdə, sevinclərimizi artırmaqda davam edin... Bizi daha çox xoşbəxt edin, başqa kimsə bacarmayacaq...