Əks-hücum əməliyyatlarının 40-cı günü: Əsgər Şuşa ətrafındadır, hazırda...

Azərbaycan Ordusunun ölkə süverenliyini təmin etmək üçün başlatdığı əməliyyatın 40-cı günü tamam olur. Hesab edirəm ki, bu 40 günün özünü bir neçə mərhələyə bölmək lazımdır. Birinci mərhələ kimi aran Qarabağın azad edilməsidir. Bu mərhələ bir ayın nəticəsidir. Bir ay ərzində Azərbaycan Ordusu bir neçə böyük rayonu işğaldan azad etməyi bacarıb. Bunun özü böyük hadisə, uğurdur. Bu mərhələnin özünü də bir neçə etapa bölmək olar. İlkin mərhələ, irəliləyiş, torpaqların azad edilməsidir. Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Azərbaycan Ordusunun apardığı əməliyyatların 40-cı gününü qiymətləndirərkən deyib. Mütəxəssis əlavə edib ki, əməliyyatın ikinci hissəsi kimi ordunun Dağlıq Qarabağ bölgəsində operativ əməliyyat həyata keçirməsini göstərmək olar: “Azərbaycan Ordusu hazırda dağlıq ərazilərdə hücum əməliyyatı aparır. Aydındır ki, dağlıq bölgələrdə sürət azalacaq. Burada tələsmək olmaz. Nəzərə alınmalıdır ki, dağlıq ərazilərdə mühasirəyə düşmək kimi təhlükələr də ola bilər. Eyni zamanda bütün istiqamətlərdə eyni vaxtda irəliləmək də mümkün olmaya bilər. Burada ehtiyatla və tədricən irəliləyiş gedir. Biz anlamalıyıq ki, dağlıq hissələrdə həddən artıq müdafiə istehkamları, təbii istehkamlar, artilleriya qurğuları mövcuddur. Biz bu əngəlləri bir-bir dağıdıb irəliləməliyik. Bu da vaxt aparacaq. Əlbəttə, çox zaman almasa da, bir istiqamətdə müdafiə hissəsini yarıb keçdikdən sonra müdafiə xətti tədricən dağılacaq”. Azad İsazadə əlavə edib ki, Laçın dəhlizi Azərbaycan ordusunun atəşi altındadır: “Ermənilərin yaydığı xəbərə görə, bizim kəşfiyyat-diversiya qrupları işləyir, orada silah anbarlarını partladır. Hətta erməni tərəfi iddia edib ki, biz Xankəndini 120 millimetrlik minomyotlardan atəşə tuturuq. Biz 120 millimetrlik minomyotların texniki parametrlərinə baxsaq görərik ki, bu silah 7-9 kilometrə qədər vura bilər. Ermənilərin bu məlumatı feyk deyilsə, deməli, Azərbaycan Ordusu haradasa Xankəndinin 5-7 kilometrliyindədir. Onlar feyk yaymaqla digər tərəfdən əslində öz əhalisi arasında panika yaradırlar. Əlbəttə, mən bu məlumatı mütləq həqiqət hesab etmirəm. Biz daim elan edirik ki, hədəfimiz mülki insanlar deyil. Amma ermənilərin dedikləri doğrudursa və biz Xankəndi istiqamətində hərbi obyektləri minomyotlarla vura biliriksə, bu o deməkdir ki, Xankəndinə yaxınlaşırıq”. Müsahibimiz deyib ki, Azərbaycan Ordusunun 40 günlük hərbi əməliyyatının nəticəsi olaraq ermənilərin vahid-səngər cəbhəsi artıq dağıdılıb: “İndi vahid cəbhə yoxdur, ayrı-ayrı müqavimət göstərən ocaqlar var. Bu ocaqlar hələlik güclüdür, silah-sursatı var. Bir müddət müqavimət göstərə bilərlər. Amma cəbhə xətti birmənalı yoxdur və ordumuz tərəfindən darmadağın edilib”.