“Artıq Azərbaycan bayrağı o zivələrdə dalğalanır” - Komitə sədri

Cənab Prezident Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət üzrə irəli getdiyi vaxtdan keçən bu 17 ildə verdiyi sözə tam əməl edib. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda inkişafa doğru gedən Azərbaycan öz resurslarına, gücünə, xalqına istinad edərək bir-birinin ardınca ciddi uğurlar qazanıb. Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Komitə sədrinin sözlərinə görə, bu gün Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu nümayiş etdirdi: “Xalqımızın Azərbaycan dövlətinə olan inamını, güvənini artırdı. Azərbaycan vətəndaşının sosial rifah halı, ölkənin inkişafı, hərbi quruculuq sahəsindəki vəzifələri yüksək səviyyədə icra olundu. Bütün bunların müqabilində Azərbaycan dünya ölkələrinin, beynəlxaq güclərin ayrı-ayrı dairələrin, hörmət edib saydığı vacib tərəfdaşa çevrildi. Bu uğurlar isə hazırda içərisində olduğumuz Vətən müharibəsində atılan addımların nə qədər vacib olduğunu meydana çıxardı”. Bahar Muradova qeyd edib ki, inkişafa, yüksəlişə, yeni dövrün vətəndaşının yetişdirilməsinə nail olmaqla bu günki nəticələr əldə edilib: “Azərbaycan region və dünya üçün inkişaf etmiş ölkə olmaqla yanaşı Güclü Orduya nail olduğunu sübüt etdi. Ölkəmiz eyni zamanda lazım gələn anda öz gücünü və imkanlarını səfərbər etdi. Az qala 30 ilə dünya güclərinin cəlb edildiyi, həll edə bilmədiyi, həll etmək istəmədiyi, getdikcə müşkülə çevrilən Dağlıq Qarabağ problemi Ordumuzun gücü, xalqın iradəsi ilə həll edilir. Bütün ölkə vətəndaşları Azərbaycanda yaşayan ayrı-ayrı etnik qrupların birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunur. Bir-birinin ardınca azad olunan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanmalı olduğu zivələrdədir”. Komitə sədrinin sözlərinə görə, Azərbaycanın sülhpərvər ölkə olduğunu, beynəlxaq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirərək, məsələnin danışıqlar yolu ilə həll etdilməsinə sadiqliyini göstərdi: “Hazırda isə Güclü Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə parlaq qələbələr qazanır. Ona görə də, Cənab Prezident İlham Əliyevin 17 illik hakimiyyət dövrü tariximizin qızıl dövrü adlanacaq. Gələcək nəsillər bu dövrü tədqiq edəcək, araşıdıracaq. Azərbaycan xalqı yüz illərlə itirdiklərini geri qaytarmağa nail olan çox az saylı xalqlardan, dövlətlərdən biri kimi tarixdə layiqli yer tutacaq”.