Qida zəhərlənməsi hansı səbəblərdən baş verir?  

  Azərbaycanda əhali arasında qidadan kütləvi zəhərlənmə ciddi problemlərdən biridir. İnsanlar arasında kütləvi zəhərlənmələrə restoranlarda və evdə təşkil olunan yığıncaqlarda yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir. İnsanların kütləvi şəkildə yemək yediyi toy və yas mərasimlərində zəhərlənmə təhlükəsindən heç kim sığortalanmayıb. Mütəxəssislər hər bir zəhərlənmə halının ağırlığından asılı olaraq insan orqanizmində müəyyən iz qoyduğunu da vurğulayırlar. Bəs zəhərlənmə probleminin kökündə daha çox hansı səbəblər dayanır? Zəhərlənmənin kökündə qidanın təkrar infeksiyalaşdırılması dayanır. Zəhərlənmənin kökündə qidanın təkrar infeksiyalaşdırılması, ondan istifadə olunması problemi dayanır: İnfeksiyalaşmaya səbəb qidanın düzgün saxlanmasına əməl olunmamasıdır. Əllərdə, avadanlıq və ev əşyalarında istənilən qədər mikroorqanizmlər mövcuddur. Bu mikroblar qidaya düşdükdə və qida isti mühitdə saxlandıqda çoxalır, qidalanır və toksinlərini qidaya buraxır. Ona görə də mikrobların qidaya düşməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. İlk növbədə qidanın hazırlanmasında istifadə olunan əşyalar təmiz saxlanılmalıdır. Qidanın atılacaq hissələri ayrıca otaqlarda təmizlənməli, yuyulmalıdır. Həmin hissələrin qida ilə təmasına qətiyyən yol verilməməlidir. Bu qaydalara əməl etmədikdə zəhərlənmə halları baş verə bilər. İkinci vacib məqam bişirilmiş qidanın saxlanma temperaturuna əməl olunması ilə bağlıdır. Bişmiş qida mümkün qədər tez qəbul olunmalıdır. Əgər qida tez qəbul olunmursa, həmin dəqiqə soyuducuya qoymaq lazımdır. Bəzən qidanın 24 saat müddətində açıq havada saxlanıldığını müşahidə edirik. Mütəxəssislərin bildirdiyinə görə, hazır qidanı 5-6 dərəcədən yuxarı temperaturda saxlamaq olmaz. İaşə sistemində daha çox qarışıq yeməklər hazırlanır. Adətən soyuq qəlyanaltılara üstünlük verilir. Xüsusilə yay aylarında iaşə müəssisələrinin rəhbərləri zəhərlənmə təhlükəsini nəzərə almalıdırlar. Mayonezli, souslu, kremli məhsulların istifadəsini azaltmalıdırlar. Onlardan istifadə olunmaması daha məqsədəuyğundur. Ekspertlər bildirir ki, toyuq məhsulu, xüsusilə bişirilib soyudulmuş toyuqlar təhlükəlidir. Bişmiş toyuq soyuducuda saxlanmalı və yeməkdən 10-15 dəqiqə əvvəl masaya verilməlidir. Bu hal 20-25 dərəcə temperaturun olduğu yerlərdə qidaların çirklənməsinə, zəhərlənməyə səbəb olur. Mayonez, xama ilə evdə hazırlanan salatlar mütləq həmin gün ərzində yeyilməlidir. Amma bu cür salatlar xeyli miqdarda tədarük edilərsə, onda həmin gün nə qədər istifadə ediləcəksə, o qədərinə xama qatılmalıdır. Digər hissəsini şüşə qablarda soyuducuya qoyaraq, daha sonra yeməzdən 5-10 dəqiqə əvvəl istifadə edilən qədərinə xama vurulmalıdır. Təəssüf ki, insanlar belə etmirlər, belə salatları çox miqdarda hazırlayaraq, saxlama qaydasını gözləmirlər, nəticədə salat turşuyur və qida zəhərlənməsinə səbəb olur. Bununla yanaşı hisə verilmiş balıq məhsulları, turşular normal steril vəziyyətdə hazırlanmayıbsa, ağır qida zəhərlənməsi olan batulizmə səbəb ola bilər. Ümumiyyətlə, məsləhət görülür ki, evdə hazırlanan turşulardan istifadə zamanı kifayət qədər ehtiyatlı olmaq lazımdır. Sahibkarların istehsal etdiyi məhsullar isə həm dövlət standartlarının keyfiyyət göstəricilərinə, həm də Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş təhlükəsizlik tələblərinə uyğun olmalıdır. Qayda pozuntusuna yol verənlər inzibati şəkildə məsuliyyət daşıyırlar. İnsanların səhhətinə bu və ya digər formada zərər dəyə və müəyyən problemlər yaranarsa, sahibkarlar qanunla cinayət məsuliyyəti daşıyırlar. Qaydalara əməl olunmadıqda cərimə sanksiyaları, fəaliyyətin, istehsalın müəyyən dərəcədə məhdudlaşdırılması, hətta dayandırılması prossesi də həyata keçirilə bilər. Problemin kökündə istehlakçı hüquqlarını qoruyan qanunların, təşkilatların və dövlət orqanlarının zəif fəaliyyətidir. İnsanların qidadan zəhərlənib həmin an xəstəxanaya düşmələri şərt deyil. İnsanlar istifadə olunan təhlükəli qidalardan tədricən də zəhərlənə bilirlər. Yalnız restoranlar üçün işləyən sərinləşdirici, spirtli içki sexlərinin aşkarlandığı faktlar vardır. Onlar müxtəlif brendləri özlərinin istehsal etdiyi saxta məhsulun üzərinə yapışdırmaqla istehlakçıları aldadır və səhhətlərini təhdid edirlər. Bundan başqa restoranların böyük əksəriyyətində yeməklərin hazırlanma yeri ilə müştərinin oturduğu yer arasında qeyri-şəffaflıq mövcuddur. Problemin kökündə istehlakçı hüquqlarını qoruyan qanunların, istehlakçı hüquqlarını qoruyan təşkilatların və dövlət orqanlarının zəif fəaliyyəti dayanır. Bundan başqa, bu sahədə tələbin təklifi üstələməsi də problemlərdən biridir. Bazarda tələb təklifi üstələyndə, hər zaman keyfiyyətsiz mal və xidmət meydana çıxır. Hələ bir neçə il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq saraylarının standartını hazırlamışdı. Həmin standartlarda vətəndaşlarla müqavilələrin bağlanması önə çəkildi. Lakin dövlət orqanının xoşməramlı niyyəti indiyədək həyatda özünə vəsiqə ala bilmir. Xarici ölkələrdə qidadan zəhərlənmənin qarşısını almaq üçün proqramlar mövcuddur Dünyanın bir çox ölkələrində qida zəhərlənməsi təhlükəsi ilə bağlı xüsusi konsepsiyalar mövcuddur. Belə ki, xarici ölkələrdə qidadan zəhərlənmənin qarşısını almaq üçün məhsulun yetişdirilib süfrəyə çıxarılmasına kimi olan dövrü ahətə edən proqramlar var. Azərbaycanda fəaliyyət göstərən beşulduzlu otelləri həmin proqrama başlasalar da, restoranlar və digər iaşə müəssisələrinin onun nə olduğundan belə xəbərləri yoxdur. Bu səbəbdən bəzi hallarda kütləvi zəhərlənmələr baş verir. Çünki yeməklərin düzgün saxlanması, çatdırılması qaydalarına əməl olunmur. Bu sahədə isə kompleks işlərin görülməsi vacibdir. Şadlıq sarayları, kafe və restoranlar  keyfiyyətdənsə kəmiyyətə üstünlük verirlər. Restotran, şadlıq sarayları və yas məclislərində yeməklərin əksəriyyətinin menyuda adı olsun deyə ortaya qoyulduğunu müşahidə etmək mümkündür. Ancaq sonradan istifadə edilmədikdə həmin yeməklərlə necə rəftar olunduğu məlum deyil. Yemək masaya qoyulur və isti bir ölkədə yaşadığımızdan qidaların temperaturu kritik həddə qalxır. Daha sonra onu soyuducuya qoyub, temperaturunu aşağı salırlar. Bu zaman isə bakteriyaların inkişafına şərait yaranır. Xarici ölkələrə məxsus şirkətlərdə Azərbaycandan fərqli olaraq bütün gigiyenik normaların qorunmasına görə hər ay işçilərlə yanaşı, müdiriyyətə də təlimlər keçirilir. Təlimdən sonra sənədə imza atılır və imtahan verilir. Hər hansı bir oteldə, restoranda zəhərlənmə halı baş verərsə, sistemdə olan hər kəs cavab buna görə cavab verir.   Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən Qida zəhərlənmələrinin səbəbləri və onun qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “Uğur” Gənclərin Maarifləndirilməsi İB tərəfindən hazırlanmışdır.