Qafqaz Albaniyası ilə bağlı iki dildə sayt yaradılıb

“İnnovasiyalara və İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qafqaz Albaniyasının tarix və mədəniyyətindən bəhs edən sayt hazırlamışdır. Sayt qafqazalbaniyasi.az adlanır. Təqdim edilən sayt Azərbaycan tarixini saxtalaşdirmaq cəhdlərinə tutarlı arqument və faktlarla əhatə olunan materiallarla zənginləşdirilib. Göstərilir ki, Albaniya dövləti Azərbaycan xalqının dövlətçilik tarixində özünəməxsus yer tutan dövlətlərdən biridir. Cənubi Qafqazın ilk dövlətlərindən biri olan Albaniya ən qədim zamanlardan Azərbaycan xalqının təşəkkülündə iştirak edən müxtəlif tayfaların yaşadığı ərazidə təşəkkül tapmışdır. Dövlətin qurucuları olan albanlar bölgənin ən qədim sakinlərindən biri olmuşlar. Lakin xristianlıq faktoru Albaniyaya zaman-zaman qonşuların saxta tarix düzəltməklə sahib çıxmaq iddialarını meydana gətirir. Saytda bu məsələyə də əhatəli cavab almaq mümkündür. Belə ki, saytla tanışlıqdan bəlli olur ki, əsrlərdən bəri müxtəlif mədəniyyətlərin qaynayıb-qarışdığı bir ərazi olmuş Azərbaycan müxtəlif dinlərin formalaşdığı, çoxkonfessiyalı bir ölkədir. Burada ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlik, yəhudilik, xristianlıq, islam kimi dini inanclar bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdi. Qafqaz Albaniyası dövrü Azərbaycan əhalisinin islamaqədərki inanclarının ən zəngin mərhələsini təşkil edir. “Qafqazalbaniyasi.az” saytı öz materiallarını oxucuya iki dildə - azərbaycan və ingilis dillərində təqdim edir. Bu isə daha çox oxucu kütləsi toplamağa və həqiqətin geniş arenada yayılmasına xidmət  edir.