Şeirlər

Şuşa üçün bayraq tikən Laçın nənəyə Qabar-qabar əllərilə Bizə bayraq tikən nənə, Laçın təkin gözləriylə Düşmən bağrın sökən nənə - Laçın nənə, Laçın nənə. Çox çəkmisən yurd həsrətin, Bitəcəkdir bu möhnətin, Gözünün nurun, zəhmətin Üçrənginə tökən nənə - Laçın nənə, Laçın nənə. Günəş Şuşadan çıxacaq, Ağdam, Xankəndi baxacaq, Al bayrağın  sancılacaq, Vətən qəhrin çəkən nənə - Laçın nənə, Laçın nənə. Bayrağına Ay olaram, Mübarizə tay olaram, Erməniyə vay olaram, Qeyrət dərsin keçən nənə - Laçın nənə, Laçın nənə. Gəzəcəksən Cıdır düzün, Yox olacaq qüssə, hüzn, Tikəcəksən hələ yüzün, Bayrağını sevən nənə - Laçın nənə, Laçın nənə Vətən andı içən əsgər, Oğulların candan keçər, Düşmən ordusunu biçər, Şəhadəti seçən, nənə - Laçın nənə, Laçın nənə. Göy rəngi - Vətən səması, Qırmızı- şəhid qisası, Yaşıl - peyğəmbər əbası, Ay-ulduza dönən nənə - Laçın nənə, Laçın nənə. Az qalıbdır, qurtar işin, Sal  naxışın, vur tikişin, Yeyinlət addım, yerişin, Əldə bayraq gedən nənə - Laçın nənə, Laçın nənə. 8 oktyabr 2020-ci il,Bakı  Molla Pənah Vaqifin 300 illiyinə (N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Vaqifin 300 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransa) Qazaxdan bu yana, Şuşadan belə Yayılıb hər yana sözü Vaqifin, Şirin kəlamından, dürüst şeirindən Canlanır siması, özü Vaqifin. Şairlik eşqində, rütbəsi vəzir, Hər sözü təbərrük,hər sözü nəzir, Misrası elimi,obamı gəzir, Gəzir ruhu Cıdır düzü Vaqifin. Xanlığın qüruru, şöhrəti, tacı, Toy-bayram kimiydi ona dərd, acı, Müşküllər olanda edən əlacı, Qarşısında çöküb yüzü Vaqifin. Hardadır Qarabağ? Hardadır Şuşa? İsa bulağına edək tamaşa, Ciyərparasıyla qətl olan qoşa Ölümə dik baxdı üzü Vaqifin. Dünyasına vurğun , sevgisində saf, Varmı hüzurunda kimsə etsin laf? Olmadı Məhəmməd bəydə heç insaf Gördü oğul dağı gözü Vaqifin. Cismi Qarabağda qalıbdır nalan, Ruhu Şuşa üçün hələ nigaran, Ocağın qoysa da namərdlər viran, Yandırır düşməni közü Vaqifin. Heykəli gülləyə gəlibdir tuşa, Güllə əsər eylər divara-daşa, Üç yüz il , beş yüz il vursa da başa, Silinməz sənətdən izi Vaqifin. Unutmaz şairi bu xalq, bu millət, Əskilməz təbilə yoğrulan sərvət, Sənətkar ömrünə verilən qiymət, Yığıb işığına bizi Vaqifin. 4 iyun 2017-ci il