Prezident ABŞ mediasının “ağır artilleriya”sına master-klass keçdi - incə məqamlar

Dünyanın altını-üstünü bilən jurnalist Qreq Palkot Ali Baş Komandanın ona verdiyi dərsi şübhəsiz ki, heç zaman unutmayacaq... Vətən Müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyev dünyanın bir çox telekanallarına, saytlarına, qəzet və jurnallarına müsahibələr verib. Bu gərgin, vaxtın qızıldan da qiymətli olduğu bir vaxtda Ali Baş Komandanın informasiya savaşında önə çıxıb, bu cəbhədə də əsas yükü öz üzərinə götürməsi heyranlıq hissi doğurur. Prezident müsahibələrində Azərbaycanın haqlı mövqeyini çox ustalıqla, peşəkarlıqla dünyaya çatdırır. Bütün dünyaya anladır ki, hüquqi, siyasi, tarixi, hərbi baxımdan dövlətimiz Qarabağ məsələsində tamamilə haqlı tərəfdir. Eyni zamanda Ermənistanın işğalçı dövlət olduğunu, onu dəstəkləyənlərin tam ədalətsiz, Azərbaycana münasibətdə qərəzli mövqedə dayandıqlarını detallı şəkildə izah edir. Paralel olaraq hər kəsi anladır ki, Qarabağı işğaldan azad etmək Azərbaycan Ordusunun vəzifəsidir, hüququdur və atılan bütün hərbi addımlar beynəlxalq hüququn tələbləri çərçivəsindədir... Azərbaycan 30 il sülh danışıqlarına ümid edib, lakin ermənilər işğalçılıq siyasətindən çəkilmədikləri üçün bu addımı atmaq məcburiyyətində qalıb. İndiyədək elə bir media orqanı olmayıb ki, Prezident İlham Əliyevə hansısa sualı versin, onu çətinliyə salsın. Azərbaycan Prezidenti bununla həm də yüksək siyasi, diplomatik, tarixi, hüquqi bilik-bacarıqlarını, bütün mövzular, məqamlar üzrə çox hazırlıqlı bir lider olduğunu nümayiş etdirir. Daha dəqiqi, insanlar onun davranışlarından, bəyənat və açıqlamalarından bunun şahidi olurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində isə pafossuz-filansız dünyanı mat qoyub. Öncə onu diqqətə çatdıraq ki, Prezidentdən müsahibə alan ABŞ-ın “Fox News”un jurnalisti Qreq Palkot sıradan biri deyil. O, daim dünyanın qaynar nöqtələrindən reportaj hazırlayıb. Beynəlxalq terrorizmlə bağlı çoxsaylı reportajları var. Habelə, Yaxın Şərqi yaxşı tanıyır. 11 sentyabrdan sonra ABŞ ın Əfqanıstana və İraqda apardığı müharibələri canlı izləyib, işıqlandırıb. Dəniz piyadaları ilə birgə Fəlluca şəhəri uğrunda döyüşlərdə olub. 2006-ci ildə Səddam Hüseynin gizləndiyi quyuya düşən ilk repartyordur. Vaxtı ilə Üsama bin Ladenin gizləndiyi villasında olub, Mümmar Qəddafini onun gözü önündə qətlə yetiriblər. Ukraynada müharibəni işıqlandırıb. 3 dəfə “Emmi" mükafatını alıb. Faktiki olaraq Qreq Palkot ABŞ mediasının "ağır artilleyası" sayılır və məhz onun müsahibəyə cəlb edilməsi də təsadüfi deyildi. Bəlkə də gözləyirlərmiş ki, bu hazırlıqlı, bacarıqlı jurnalist Azərbaycan Prezidentini hansısa çətin vəziyyətə sala bilər. Belə bir informasiyalı, müharibə tarixlərini bilən adamın Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz olması mümkünsüz olsa da, o, müsahibə boyunca özünü elə aparmağa çalışırdı ki, sanki Ermənistanın haqsız, işğalçı tərəf olduğunu, bugün Azərbaycanın faktiki anti-terror əməliyyatları keçirərək torpaqlarını işöaldan azad etdiyini bilmir... Bilirdi, sadəcə, ampluasına uyğun davranırdı. Lakin ilkdə fərqində deyildi ki, müsahibi hansı peşəkar siyasətçidir. Müsahibənin sonunda isə Azərbaycan Prezidentinin onu mat vəziyyətdə qoymasını etiraf etməkdən başqa çarəsi qalmadı... Təbii ki, müsahibədə (Link: https://musavat.com/news/prezident-ilham-eliyev-abs-in-fox-news-televiziya-kanalina-musahibe-verib_747734.html ) Prezident Azərbaycanın haqlı mövqeyini incə detallarına qədər izah edərək duyururdu və jurnalist də bunlarla razlaşırdı. O, manevrlər edərək, Azərbaycanın Prezidentinin üzərinə fərqli kontkestlərdən gəlməyə çalışdı və bu zaman da İlham Əliyev ona master-klass keçdi: Birinci məqam: Jurnalist: - Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür? Prezident: - Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb. - Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər. -Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə.... - Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır? – Bəli, tamamilə doğrudur. - Sual olunur niyə? - Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir... Bir jurnalist kimi bu durumda amerikalı həmkarımın hansı pərtliyə məruz qaldığını hiss edirəm... İkinci məqam: -Cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil? - Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir. - Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər. - Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş. - Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident. - Bilirəm. Mən hazırlıqlı adamam... Prezidentin cavabı sadəcə şedevrdir və jurnalist artıq anlamış oldu ki, Azərbaycan dövlətini necə bir xarizmatik, usta lider idarə edir... Üçüncü məqam: Jurnalist: - Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir? – Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir... Jurnalist bu məqamda heç şübhəsiz ki, tamam başqa cavablar gözləyirmiş, bundan Azərbaycana qarşı istifadə etməyi də düşünürmüş, amma yenə uduzdu. Heç bir şərhə ehtiyac da qalmır bu dialoqa dair! Dördüncü məqam: (Müsahibənin sonuna yaxın jurnalist çox incə şəkildə nəbz yoxlayır və bununla dünyanın diqqətini çəkmək istəyir) Sual: -Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər? Prezident: - Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür... Və nəhayət, “ağır artilleriya” yekun olaraq deyir: “Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq”. Qısaca qeyd edək, bu son sözün “tərcüməsi” odur ki, “mən hələ belə usta dərsi görməmişdim”... *** Düzdür, müqayisə bəlkə də qüsurludur, ancaq bizim hazırda müharibə apardığımız Ermənistanın dövlət rəhbərlərinin – baş nazir Nikol Paşinyanın, prezident Armen Sarkisyanın son iki həftədə müxtəlif ölkələrin tv-lərinə, saytlarına müsahibə verərkən dünya ictimaiyyəti onların hansı biabırçı vəziyyətə düşdüyünü də görüb. Çünki əvvəla Ermənistan işğalçıdır, onların deməyə sözü yoxdur, ikincisi Paşinyan sadəcə küçədən gəlib baş nazir olmuş biridir: beləsinin nə savadı, nə danışıq qabiliyyəti ola bilər, nəinki siyasi manevrlər etmək, Amerika tarixini bilmək imkanları... Elşad MƏMMƏDLİ “Yeni Müsavat”