Düşmənin Zəngilanda atıb qaçdığı onlarla tank, BMP və digər hərbi texnika

Azərbaycan Müdafiə Nazirliyi düşmənin oktyabrın 20-də Zəngilanda atıb qaçdığı və ordumuzun hərbi qənimət olaraq götürdüyü çoxsaylı döyüş tanklarının, digər hərbi texnikasının yeni görüntülərini yayıb. Bu görüntülərə əsasən düşmən ordusu onlarla T-72 tankını, bir neçə BMP-1 döyüş maşınını və digər hərbi texnikanı heç döyüş meydanına çıxarmağa imkan tapmadan tərk edərək qaçıb. Belə ki, ordumuz cənub cəbhəsində uğurlu və sürətli hücum əməliyyatlarını davam etdirərək tarixi  Xudafərin körpüsünü azad etdikdən sonra Xudafərin su anbarını da keçib. Cəbrayılın kəndlərini bir-birinin ardınca azad edən ordumuz Zəngilan rayonunun inzibati sərhədinə çataraq Qubadlı istiqamətində irəliləyib. Həkəri çayının sahili boyu bir neçə kəndi işğaldan azad edərək sürətlə, demək olar ki, cəmi bir sutkaya Zəngilana gedən yeganə yolu bağlayaraq orada möhkəmlənib. Nəticədə düşmənin Zəngilandakı qruplaşması, o cümlədən zirehli tank və motoatıcı batalyonları mühasirə vəziyyətinə düşüb.   Texnika ilə geri çəkilmək mümkün olmadığından düşmən bütün tanklarını və digər hərbi texnikanı elə hərbi hissədəcə ataraq dağlarla Ermənistan istiqamətində qaçıb. Ötən gün ordumuz Zəngilanın düşməndən təmizlənməsi əməliyyatını davam etdirərək Mincivan qəsəbəsini və daha bir neçə yaşayış məntəqəsini azad edib. Xatırladaq ki, Zəngilan döyüşlərinə qədər ordumuz düşmənin 40-a yaxın T-72 tankını qənimət olaraq götürmüşdü. Virtualaz.org