Qulamhüseyn Əlibəyli: "Axırıncı erməni silahlısı torpaqlarımızdan çıxarılana qədər antiterror əməliyyatları davam etməlidir"

"Ermənistan oktyabrın 10-da razılaşdırılmış humanitar atəşkəs rejimi əməl etmədi və Azərbaycanın verdiyi şansdan  ordumuzun əks-hücum zamanı oldürülmüş hərçilərini yığıb aparmaq, əsirlərini geri almaq üçün deyil, ölkəmizin hərbi əməliyyatlar zonasına aid olmayan Gəncə, Mingəçevir, Ordubad və digər yaşayış məntəqələrinə hücum etmək, ordumuzun işğaldan azad etdiyi əraziləri yenidən işğal etmək məqsədilə yararlanmağa çalışdı, dinc mülki əhalini qətlə yetirdi, mülki və mədəni obyektləri dağıtdı. Bununla da insanlarımız arasında panika yaratmaq, bütövlükdə xalqımızı qorxutmaq istədi. Lakin buna nail ola bilmədi". Bu fikirlər Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur.

Partiya sədrinin fikrincə, Ermənistan bu günkü hümanitar atəşkəsdən də yəqin ki, eyni, bəlkə də daha hiyləgər məqsədlər üçün yararlanmaq istəyəcək. Azərbaycanın hümanitar atəşkəsə razılıq verməsi dövlətimizin Beynəlxalq humanitar hüquq sahəsindəki öhdəliklərinə uyğun olsa da, cəmiyyətdə haqlı olaraq, birmənalı qarşılanmır. Atəşkəsin davam etmə müddəti də konkret vaxtla məhdudlaşdırılmayıb.

"Ermənilərin humanitar atəşkəsdən onun elan edilmə məqsədlərinə uyğun istifadə edəcəyinə inam, demək olar ki, yoxdur. Ermənistan Azərbaycanın verdiyi növbəti şansdan da humanitar məqsədlər üçün deyil, mülki əhaliyə və obyektlərə zərər yetirmək kimi cinayətkar məqsədlər üçün istifadə etməyə cəhd göstərərsə, axırıncı erməni silahlısı torpaqlarımızdan çıxarılana qədər antiterror əməliyyatları davam etməlidir. Terrorçuya dəfələrlə şans vermək olmaz"-deyə Q.Əlibəyli bildirib.