Əkrəm Bəydəmirli:  “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izlərinin olması faktdır”

Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə  Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, media və QHT təmsilçisi olaraq XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək bizim əsas hədəflərimizə daxildir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  elektron resursların əhatə dairəsinin genişlənməsi” layihəsi çərçivəsində biz bu tədqiqatların müəyyən hissəsini həyata keçirdik.  Bu tədqiqatları bir sıra mənbələrdən əldə etməyə çalışdıq. Müxtəlif  yazarların araşdırmalarına nəzər salmaqla bərabər bəzi arxivlərdən istifadə etməklə, çox məlumatlı və şəxsi arxiv toplayan insanlara və digər mənbələrə müraciət etməklə bu işlər davam edib. Belə tədqiqatları layihədən sonrakı dövrdə  də davam etdirməyi düşünürük. Bir vacib məqamı qeyd etmək istərdik ki, XX əsrdə Azərbaycanın  bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin  mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb.  Zaman gələcək həmin şəxslərlə bağlı toplanan məlumatlar əsasında çap olunacaq kitabların faydası çox böyük olacaq. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı, həyatı öyrənilib. Ancaq onların ermənilər tərəfdən  təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar  çox zəifdir. Biz QHT və media təmsilçisi olaraq bu missiyanı  yerinə yetirmək istəyirik.