Bu gündən Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur FOTO VİDEO

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib. Görüş 10 saatdan artıq davam edib. Görüşün yekunu ilə bağlı məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.   Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab olaraq, tərəflər arasında görüş olub. Görüşün nəticəsində Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Həmçinin, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir. Rusiya tərəfinin təşəbbüsü əsasında keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir. Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb: 1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.