Əbədiyyətə məktublar

(Həyatdan nakam köçmüş yeniyetmələrin və şəhidlərimizin əziz xatirəsinə) Səkkiz ildir ki, səhərini bu albomla açır, axşamını bu albomla “bağlayır”. Albomdakı şəkillərin on yeddi illik tarixi var. Oğlunun anadan olandan sonra qırxı çıxmamış şəklini çəkdirmişdi. Lüt anahüryan, ayaqları və qolları aralı, başı azca yana əyilmiş, dodaqlarında sehrli-sirli təbəssüm, gözləri bir cüt ulduz kimi bərq vuran məsum bir körpə şəkli. Bu şəkli Yazgülün atası Fərhad müəllim çəkmişdi. Qaynanası və baldızları kinayəli və hikkəli gözləri ilə Yazgülü acılamışdılar: “qırxılı çağanın da şəklini çəkərlərmi? Düşər-düşməzi olar”! Qaynanasını və baldızlarını başa sala bilmirdi. Onlar iki ayaqlarını bir başmağa dirəyib deyirdilər: “Quran”da yazılıb ki, qırxlı çağanın şəklini çəkmək günahdır! “Quran” yazılan vaxtlarda fotoaparatın icad olunmadığını başa salmaq cəhdi isə əbəs idi. Düz on yeddi il sonra bu “Quran” söhbəti yenidən ortaya çıxdı. “Quran” da yazılıb ki, mərhumun qırxı çıxana qədər qəbrin üstü götürülməlidir. Bunu hansı “Quran”dan, hansı “quranşünas” oxumuşdu, bəlli deyildi. Qırxı çıxmamış körpənin şəkli sevincin, fərəhin, ilk dəfə ana olmaq səadətinin, qadın xoşbəxtliyinin rəmzi idi. Elə bu xoşbəxtliyin eşqinə Yazgül balasının lüt-ətcəbala vücudunu şəstlə, abır-həya gözləmədən - əslində isə atasının təkidi ilə tərtəmiz, bəyaz yorğan-döşəyə uzatmışdı. Atası “bu mənim kişi balamdı” deyib ilk nəvəsinin şəklini əbədiləşdirmişdi. Hələ Fərhad müəllimin təklifi ilə oğlunun adını Dəniz qoymuşdular. Fərhad müəllim uzun illər neft mədənində - o vaxtlar “Neft daşları” deyilən əfsanəvi idarədə mühəndis idi. Dənizə və sənətinə olan məhəbbətinin nəticəsi idi, o, ilk nəvəsinin adını Dəniz qoymuşdu. Yenə də qaynana, baldızlar narazılıqlarını gizlətmirdilər. Açıq-aşkar, hamının eşidəcəyi tərzdə dedilər: “Gəlin kimdi ki, bizim evdə özü də atası da ağalıq eləyir”. Yaxşı ki, qaynata və qayınlar arvadların bu sözlərinə məhəl qoymamışdılar. Heç əri də nə səbəbdənsə etiraz eləmədi. Bu minvalla Yazgül on yeddi il oğlunun şəkillərini toplamışdı. Hər il balasının ən müxtəlif pozalarda dəfələrlə şəklini çəkdirir, səliqə ilə alboma düzürdü. Gah güllü-çiçəkli bağ-bağçada, gah qucağında, gah boynunda, gah quzularla, gah at belində, yolu Bakıya düşəndə bulvarda, möhtəşəm binaların qabağında, parklarda, fəvvarələrin yanında, dönər yeyəndə, gəmi ilə dəniz səyahətinə çıxanda. Daha haralar qalmırdı şəkil çəkdirməsinlər. Hələ sonralar bir qızı da olmuşdu. Ona da Dənizin adına yaraşan romantik bir ad qoymuşdular: Sahilə. Dənizlə Sahilənin şəkilləri albomlara sığışmırdı. Indi hər axşam bu albomlara baxır, için-için ağlayır, sonuncudan əvvəlki səhifədəki şəklə dodaqlarını yapışdırıb sakit səslə inildəyir. Sonuncu səhifənin birinci üzündə Dənizin böyüdülmüş şəkli var. Bu şəkil başdaşına vurulan şəkildir. Şəklin altında tükürpədən, ürək parçalayan, ana qəlbinin iniltisini əks etdirən şeir var: Sənsiz dünya məndən ötrü zəlalət, Mən də öz ömrümü başa vurmuşam! Özünü böyüdə bilmədim, oğul, Şəklini böyüdüb daşa vurmuşam! Həmin bu böyüdülüb daşa vurulmuş şəkil albomun ikinci səhifəsində qırxlı çağa olduğu vaxtda çəkilən şəkillə üzbəüz yapışdırılmışdır. Yazgül albomun sonuncu səhifəsində bir şəkil yeri saxlamış və belə bir cümlə yazmışdır: “Mən öləndən sonra şəklimi bu səhifəyə vurarsınız. Heç olmasa oğlumla bu albomun səhifəsində doyunca qucaqlaşa bilim”. Dərindən köksünü ötürür və... oğluna növbəti məktubunu yazmağa başlayır. Əbədiyyətə yazılan məktub... Səkkiz ildir ki, ünvanına göndərilməyən bu məktublarla yaşayır Yazgül. Ilk məktubu yazdığı gündən səkkiz il keçir... Birinci məktub Salam, əziz, sevimli, qaragöz, ağıllı, həyatımdan çox sevdiyim, canım, damarlarımda qanım, vuran ürəyim, həyatımın mənası... daha nələr, nələr... Dənizim mənim! Bu məktubu yazmaqla özümə təskinlik və təsəlli verirəm ki, hardasa uzaqlardasan, qayıdacaqsan! Ya da mən yanına gələcəyəm! Gözlə məni! Dənizim mənim! Heç bilmirəm bu məktubu sənə niyə yazıram? Bir onu bilirəm ki, artıq on dörd gündür sən həyatda yoxsan! Məni tək qoydun, hər şeyi məhv elədin. Bütün arzularımı, ümidlərimi, heçə çıxartdın. Axı mən sənin fərəhinlə yaşayırdım, Dəniz! Niyə belə oldu, oğul?! O qara gün həyatımıza hardan gəldi çıxdı? Hardan ağlına gəldi bu dəniz qırağına getmək? Sinif yoldaşının bacısının “Məzun” günündə iştirak etmək sənə çoxmu lazım idi? Məndən icazə alanda hələ bir irad da tutdun mənə: “ay mama, məni qız kimi böyüdürsən” dedin. “Heç hara qoymursan getməyə. Deyirsən hara getsən məndən icazə al, icazə verəcəyəm, sadəcə bilim ki, hara gedirsən, kimlə gedirsən? Indi icazə ver sinif yoldaşımın bacısı məktəbi qutarır. Biz də o şənlikdə iştirak etmək istəyirik!” hələ bir mənə dedin ki, əgər icazə verməsən, səndən heç vaxt soruşmayacağam. Nə vaxt istəsəm, hara istəsəm icazəsiz gedəcəyəm. Axır ki, saqqızımı oğurladın. Nə biləydim ki, əcəl səni dəniz qırağına çəkir. Axı sənə gedəndə deməmişdin dənizə gedəciyik. Heç boynunu qucaqlamadım, saçlarından öpmədim, sadəcə dedim “Dəniz, ayaqlarının altında ölüm, dəniz qırağında dələduz uşaqlar çox olur. Dava-dalaş olar, ehtiyatlı ol. Qorxuram bala, başına bir iş gələr, Allah eləməmiş, mən nə cavab verərəm, atan da yanımda yoxdur”. Dəniz, sənə icazə verdiyimə özümü ömrümün axırına kimi günahkar sayacağam. Ancaq nə fayda? Bu günah hissi səni mənə qaytarmayacaq ki! Sənə icazə verəndən bir-iki saat sonra boynum elə sərpdi ki, heç tərpənə bilmədim. Sonra başa düşdüm ki, bu mənə xəbərdarlıq imiş! Deyirlərmiş ki, boynunu qırdıq, ayıl, belin də sınacaq! Sən demə çırağımın sönən günü imiş. Arzularımın, diləklərimin talan olan günü imiş! Hava qaralırdı. Sən isə gəlib çıxmırdın! Neçə dəfə zəng vurdum. Hər dəfə də telefonundan eyni cavab gəlirdi: Abunəçinin telefonu ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Lap dəli kimi olmuşdum. Sinif yoldaşlarının da telefon nömrələrini bilmirdim ki, bir xəbər tutam. Nəhayət tanımadığım bir adamın telefonundan zəng gəldi. Qısaca dedi ki, xala narahat olmayın, Dənizi maşın vurub. Bir balaca yaralanıb. Şəhər xəstəxanasındayıq. Mən qışqırıb bağırmağa başladım. Qonşular başıma yığışdılar. Dəli kimi olmuşdum. Hər ürəyimdə ağrı hiss etdikcə bilirdim ki, nəsə bir fəlakət baş verib. Bu fikri başımdan çıxartmağa çalışsam da bacarmırdım. Qonşulardan kimsə dedi ki, dəniz qırağında bir uşağı maşın vurub. Yer ayağımın altından qaçdı. Ürəyimə damdı ki, səni itirmişəm. Balamı istəyirəm deyə-deyə qışqırırdım. Ora-bura vurnuxurdum. Atama zəng vurdum. Sən demə atam hər şeyi bilirmiş. Dedi ki, yığışın kəndə gedin. Biz də ora gedirik. “Balamı istəyirəm” deyə-deyə özümü ora-bura çırpırdım. Amma nə fayda. Bibim oğlu gəldi. Onun “Jiquli”sinə məni sürüyüb mindirdilər. Kəndə gedirdik. Ömrümdə kəndin yollarına bu qədər nifrət eləməmişdim. Bu yolun qurtaracağında məni nələr gözləyirmiş? Artıq başa düşmüşdüm. Daha gizlətmədilər. Dəniz qırağında qudurğan bir məmurun qudurğan balası sinif yoldaşının bacısına sataşırmış. Sən qabağa durmusan. O qudurğan da maşını üstünə sürüb və... mənim evim yıxılıb. Kənddə mənim vay-şivənim yeri-göyü lərzəyə salmışdı. Həmişə ayağı ilə kəndə gələn oğlumu indi xalçada gətirirdilər. İnana da bilmirdim, inanmaq da istəmirdim. Deyirdim yalan olar, balam ayılar, ayağa qalxar. Artıq key kimi olmuşdum. Kənddə də hamı pis vəziyyətdə idi. Bu faciəyə heç kim inanmaq istəmirdi. Mənə elə gəlirdi ki, hamı mənə düşməninə baxan kimi baxır. Bu baxışların altında elə sıxılırdım ki, sanki uşağımı mən öldürmüşəm. Bir az “naves”də oturub ortalıq otağa keçdim çarpayıda büzüşüb uzandım. Yatmaq istəyirdim, özümü aldatmaq üçün, deyirdim ayılanda görərəm ki, bunlar hamısı yuxudur, yalandır. Amma hər dəfə ayılanda yanımda oturub ağlayan arvadları görəndə yenə halım xarablaşırdı. Ağlayıb-ağlayıb haldan düşəndə yenə gözlərimi yumurdum. Həyatımın ən ağır günlərini yaşayırdım. Səhər açıldı. Kaş ki, belə səhər açılmayaydı. Saata baxmaq heç ağlıma gəlmirdi. Hələ ümidimi itirməmişdim. Bayıra çıxanda gördüyüm səhnə... Kaş gözüm çıxaydı o səhnəni görməyəydim. Dəli bir qışqırıqla ağlamağa başladım. Özümü itirmişdim. Səni böyük otağa gətirdilər. O otağa ki, mən ora gəlin kimi ayaq basmışdım. Birdən qadınlar hamısı sənin üstünə tökülüşdülər. Elə bildim səni sıxarlar, əzərlər. Balama dəyməyin, balamı əzməyin, incitməyin” deyib qışqırdım. Qoy sənə şikayət edim, Dəniz! Səni heç beş dəqiqə də qoymadılar qucaqlayıb oxşamağa. Üzünü açmaq istədim, qorxdum ki, bunun sənə ziyanı dəyər. Birdən səni götürdülər. Elə bildim yerini düzəltmək istətirlər. Bir də onu gördüm ki, bayıra apardılar. Qışqırdım ki, “balamı hara aparırsınız, mən ondan doymadım, üzünü görə bilmədim” dedilər “yumağa aparırıq sonra görərsən”. Dəniz, sən həmişə utancaq olmusan, hamamda çiməndə məni belə yaxına qoymurdun. İndi neçə yad kişi başına toplaşıb. Çox istədim ki, üstünə bir qab su da mən töküm. Axı sən axırıncı dəfə idi ki, çimirdin. Qoymadılar. Nə qədər haray-həşir saldım, ondan sonra üzünü göstərdilər. Onu da necə? Artıq səni yumuşdular, bükmüşdülər. Bircə gözlərini, burnunu, yanaqlarını görə bildim. Sən necə də qəşəngləşmişdin balam mənim! Sənə bircə onu deyə bildim ki, “Dəniz, həmişə təmizlikdə”. Məni çəkdilər qırağa. Ürəyim partlayırdı. Amma həm də papamı fikirləşirdim. Ona yazığım gəlirdi. Mənim üzümə baxa bilmirdi. Gözlərindən yanağına yaş süzülürdü. O boyda kişi bir günün içində qocalmışdı, sanki beli bükülüb, qaməti əyilmişdi. Sənin faciən onun belini qırmışdı. O, səni nə qədər sevirdi. Səni yuyandan sonra bir az saxladılar. Allahdan gələn bəla az imiş kimi bəndələr də elə bil qəsdimə durmuşdular. Qoymadılar ki, səni doyunca qucaqlayım, oxşayım. Layla çalım sənə! Dəniz, səni əlimdən alıb apardılar. Ancaq balasını itirən analar bilər ki, mən o vaxt nə hisslər keçirirdim. Allah düşmənimə də qismət eləməsin! O qədər qışqırmışdım ki, yəqin səsimdən sən də bezmişdin! Bilirsənmi mən nəyə görə qışqırırdım? Ona görə ki, istəyirdim mənim də ürəyim partlasın, ölüm. Məni də səninlə aparsınlar. Axı sən təkliyi-tənhalığı sevmirdin. Dəniz, səni heç vermək istəmirdim, səni qara torpağa yaraşdırmırdım, ora layiq mən idim, mən olmalıydım. Dalınca qaçdım tutub saxladılar. “Buraxın məni” deyib qışqırırdım. Baban qabağıma gəldi, yalvardı ki, qayıdım. Ona elə yazığım gəldi ki! Həm elə bilirdim ki, heç nə edə bilməyəcəm. Onsuz da səni aparacaqdılar. Geri qayıtdım. Bilirsənmi nə vəziyyətdə idim? Balasını itirən ana nə vəziyyətdə olar? Məni tək qoymuşdun. Sən mənim göz yaşlarıma heç dözməzdin. Elə hey deyirdin: “mama ağlama, hər şey yaxşı olacaq”. Deyirdin “daha böyümüşəm, səni heç vaxt çətinlik çəkməyə qoymayacağam. Ürəyin nə istəsə yerinə yetirəcəyəm. Evimiz də olacaq, oxuyacağam, işləyəcəm”. Aman Allah, necə də aldatdın məni, Dəniz! Söz vermişdin, üstündə durmadın. Denən görüm mən nə edim. Əvəllər bütün günü səni gəzirdim, səni axtarırdım, çağırırdım. “Dəniz, səni istəyirəm, səndən ötrü darıxıram, gəl yanıma, qurban olum, sarıl boynuma. Üzümdən öp, göz yaşlarımı sil. Mən də səni sıxım bağrıma, öpüm, öpüm... heç əl çəkməyim səndən. Yadındamı, Dəniz, sən həmişə bir yerə gedəndə yalvarırdım ki, get, amma məni peşman eləmə, ehtiyatlı ol. Atan yanımda yoxdur. Sənə bir çey olar, mən ona nə cavab verərəm? Sənsə məni peşman elədin! Sənə bu dəfəki arzunu yerinə yetirmək üçün icazə verməyim mənə baha başa gəldi. Məni atanın qarşısında dili qısa elədin. Atan onsuz da həmişə baban gili qanlı görürdü. Hər şeydə onları təqsirkar bilirdi. İndi yenə də düşmən olacaqlar. Sənin ölümünü də onların boynuna yıxacaq. Heç bilməyərəkdən ki, sənin dənizə getməyindən onların xəbəri yox idi. Bircə təskinliyim var: on yeddi yaşlı bir yeniyetmənin günahı o qədər az olur ki, yeri mütləq cənnətlikdir. Mən bilirəm ki, indi sən cənnətdəsən. Bir də bilirəm ki, axırıncı gecə yanımda olmasan da nənən, xalaların, eləcə də bütün qohumlar səhərə qədər sənə laylay çalıblar, səni oxşayıblar, öpüblər. Bilirsənmi Dəniz, səni torpağa tapşırıb gələndə babandan soruşdum ki, papa necə qıydın Dənizi torpağın altına basdırmağa? Dedi: ay bala, mən onu basdırmadım, özümü basdırdım. Qabağında duransa quruca müqəvvadır. Can ay ata! Sözlərindən ürəyimin başı göynədi. Özümə nifrət edirdim səni bu qədər incitdiyimə görə. Həm də özümə nifrət edirdim Dəniz, sənə görə! Ona görə ki, sənə sənə  layiq həyat verə bilməmişdim. Sən həmişə maddi vəziyyətimizə görəmi, ailə vəziyyətimizə görəmi dərd çəkirdin gizli-gizli. İstədiyin bir arzunu yetirəndə, ikincini eləyə bilmirdik. İstədiyin telefonu, komputeri ala bilmədim sənə! Bağışla oğul, ürəyimdə daha nələr, nələr qaldı. Sənə görə o qədər arzularım var idi ki! Heyf, hamısı puç oldu. İndi qaldı ki, atana nə deyəcəyəm? Səni torpağa tapşırandan on beş gün sonra gəlmişdi. Gecə idi. Bilirsən, o faciə baş verəndə atana ölüm xəbərini deməmişdilərsə də, mənə elə gəlir ki, o, özü hər şeyi hiss etmişdi. Sadəcə olaraq bu fikri özündən qovur, inanmaq istəyirdi ki, sən doğrudan da xəstəxanadasan. Bibin sərhədi keçib gələ bilmişdi, atanı buraxmamışdılar. Məcbur olub geri qayıtmışdı. Bibin deyir ki, elə hey gözünün yaşını tökür, deyir “bir balamın nəfəsinə çatsaydım, gözüm-gözünə baxsaydı qoymazdım balama bir şey olsun. Sağaldaram onu. Bircə ora çatım. Deyir şam yandırıb sənin üçün, uşaqlara deyib qoymayın şam sönsün. Balamın çırağı mən gələnə qədər sönməsin, mən gedib ona kömək edəcəyəm. Dənizin yanından keçəndə əlləri ilə üzünü örtüb: dəniz mənə qanlı görünür deyib. Deyəsən balamı əlimdən alıb”. Bilirdim ki, atan gələndən sonra ona da mənim kimi çox çətin olacaq. Ona necə təskinlik verəcəyimi, necə başa salacağımı dərk edə bilmirdim. Elə istəyirdim ki, gəlib mənə desin: nifrət edirəm sənə, rədd ol gözlərimin qabağından. Çıx cəhənnəm ol get, hara istəyirsən. Həm də ən çox ondan qorxurdum ki, birdən Sahiləni əlimdən alar, deyər Dənizi qoruyub saxlaya bilmədin. Sahiləni verməyəcəm sənə. Sənin yeddini verəndən bir gün sonra Sahilə yuxudan ayılıb ağlaya-ağlaya dedi ki, mama yuxuda gördüm məni atıb gedibsən, mən tək qalmışam. Mama, birdən doğrudan da məni atıb gedərsən haa. Qucaqladım, dedim qızım qorxma, Dənizi itirmişəm, səni heç vaxt itirməyə razı olmaram. Bundan arxayın ol. Amma qorxurdum ki, Sahilənin yuxusu düz çıxar. Atan gəlib çıxdı. Yoldan evə qədər əmin onu piyada gətirib ki, gələ-gələ hər şeyi başa salsın. Yolda elə qışqırdı ki, qıyyəsi evə çatırdı. Əmin onu sakitləşdirə bilmirdi. Evə gəlib heç kimlə görüşmədi. Dedi təkcə anamla danışmaq istəyirəm. Nə danışdıqlarını bilmədim. Gecəni səhərə qədər tut ağacının altında oturub ağladı. Səhər duranda hamı ilə savaşmaq istəyirdi. Çalışırdıq ki, gözünə görünməyək. Elə hey qışqıra-qışqıra deyirdi: Öldürəcəm hamınızı. Mənim uşağımı kim aparıb öldürüb deyin mənə! Özümü güclə saxlayırdım ki, çıxam deyəm mənəm günahkar, öldür məni. Ancaq gözləyirdim ki, sakitləşsin, özü məni axtarsın, soruşsun ki bu nə hadisədir? Əmin mamagili çağırıb xahiş etdi ki, hələlik Sahibin gözünə görünməyin. Sakitləşsin, sonra görüşərsiniz. Onlar da çıxıb getdilər. Mən qaldım tək. Düzdür, bibilərin məni tək qalmağa qoymurdular. Ancaq mən özümü tənha hiss edirdim. Çalışırdım ki, atanın gözünə görünməyim. Özü nə vaxt çağırsa onda yanına getmək istəyirdim. Arada elə zənn edirdim ki, yadından çıxmışam, məni heç çağırmayacaq. Gəldiyinin ikinci günü bibin gəlib dedi: Sahib səni çağırır, qorxma biz orda olacağıq, gir danış. Əslində mən heç qorxmurdum da. Hətta arzulayırdım ki, bıçağı ürəyimə sancıb məni məhv eləsin. mən otağa girəndə üzünü dəsmalla qurulayırdı. Başını qaldırıb mənə qanlı-qanlı baxdı. Dedi: danış görüm necə olub bu hadisə? Mənim uşağımın dənizdə nə işi var idi? Onun baxışlarına tab gətirə bilmədim, qıçlarım əsirdi. Keçib çarpayıda oturdum ki, yıxılmayım. Aman Allah, atan nə qədər dəyişmişdi: saqqalı uzanıb ağappaq ağarmışdı. Onun bu sualını düz on beş gün idi ki, gözləyirdim. Dedim ki, ağladı, ürəyim dözmədi, daha böyüyüb, sərbəstlik istəyirdi. Mənəm günahkar, öldür, döy, söy, nə istəyirsən elə, qanım sənə halaldır. Nə istəyirsən elə, qınamaram səni, haqlısan, üzünü divara çevirib hönkür-hönkür ağladı. “Niyə, Yazgül, niyə? Uşağımızı on yeddi il böyütmüşdük ki, axırda belə edəsən? Axı niyə belə oldu? Dedim Sahib, mən istəyərdim ki, belə olsun? Axı sən özün deyirdin ki, Dəniz adi uşaq deyil. Onu Allah özü üçün yaratmışdı, öz dərgahına da apardı. On yeddi yaşında apardı ki, böyüdükcə özünə günah qazanmasın. Məhəmməd peyğəmbərin üç ovladından birini ona qıymayan Allah bizim də balamızı bizə qıymadı. Onun taleyi elə yazılıbmış. Sənin də gəlişini ona görə ləngitdi ki, gəlib çıxsan mane olarsan. Mənim də dilim-ağzım bağlandı. Onsuz da ömrümün axrınacan yandıracaq bu günah məni. Hamı məni qınayır. Atam da, anam da deyir ki, ay bala niyə belə elədin? Axı o, əmanət idi. Atasına nə cavab verəcəyik? Sahib, dedim, vallah onların heç bir günahı yoxdur. Ancaq mənəm günahkar. İndi mənə bir söz de – çıxım gedimmi? De, nə istəyirsən de, dünyanın ən ağır sözünü de! Ağlamaqdan qızarmış gözlərini silib əl çantasından stəkana oxşar bir qab çıxartdı. Qab mahnı oxuyurdu. Bir az qulaq asıb mənə uzatdı. Mən üzümü çöndərib hönkürtü ilə ağlamağa başladım. O, qabı qaytarıb yerinə qoydu. Ağır addımlarla otaqdan çıxıb getmək istəyəndə mən yenə dedim ki, mənə bir söz de. Dedi ağlama. Dəniz mənə əyan elədi ki, yerim rahatdır, anamı incitmə... və otaqdan çıxdı. Onun bu alicənab hərəkəti məni daha da kövrəltdi. Ağlaması, gözünün yaşı ürəyimi daha da ağrıtdı. Dəniz, yenə sən qanımın arasına girdin. Sözün düzü heç bilmirəm sən onun yuxusuna doğrudan da girmisən, yoxsa ona elə gəldi. Bir də atana dedim ki, sevin ki, sən burda olmadın. Onsuz da bu uşağın taleyində faciə var idi. Allah səni bura buraxmadı ki, sən özünü günahkar bilməyəsən. Deməyəsən k uşağımı qoruya bilmədim. Bunu mənim əlimlə elədi, cəzanı mənə verdi. İkinci məktub Atan heç ovunmaq bilmir. Yazığım gəlir ona! Özümün də ürəyim o qədər ağrıyır ki, az qalıram sinəmi parçalayıb çıxarıb atım ürəyimi. Dəniz, çox istəyirəm ki, yuxuma girəsən. Təsəlli vermək üçün bizə bir söz deyəsən, məsləhət verəsən. Bu günlərdə eyvanımıza bir göyərçin qonmuşdu. Gözləri elə bil insan gözləri idi. Onun qabağına halva umacından, düyü töküblər ki, yesin. Heç kimdən də qorxub eləməyib. Uçub getməyib  - bir saata yaxın oturduğu yerdən tərpənməyib. Sonra “quğğ-quğğ” eləyib uçub qəbristanlıq səmtə gedib. Dedilər bu sənin ruhun imiş. Adamın inanmağı da gəlmir. Sonra da fikirləşirsən ki, bu da qurban olduğumun bir möcüzəsidir. Sənsiz çox darıxıram ay oğul. O gün Vəfa xalan deyir ki, Dəniz yuxuma girib. Deyir ay xala sinif yoldaşlarıma denən bizim balkonun altında durub məni çağırmasınlar. Axı mən orada yoxam. Onlar çağırır, mamamın da ürəyi ağrıyır, narahat olur. Canım, həyatım mənim, mənə görə narahat olursansa elə mənim də yuxuma gir, nə olar?! Axı hər gecə sənə yalvarıram ki, heç olmasa yuxuma gir, səni yuxuda olsa da qucağlayım, öpüm, əzizləyim. Sən də məni qucaqla, öp məni. Apara bilirsənsə məni yanına apar! Üçüncü məktub Dəniz, sənə qurban olum ay oğul! Elə darıxıram ki, sənsiz! Ürəyimin başı göynəyir səndən ötrü. Deyirlər insanlara sağlığında qiymət verin. Öləndən sonra qızıldan baş daşı düzəltməyin nə mənası var. Mən də sənin qədrini yaxşı bilmədim. Elə bilirdim ki ömrüm boyu yanımda olacaqsan. Qulluğunda duracam. Sənə istədiyin qədər diqqət yetirəcəm, hər arzuna, istəyinə əməl edəcəm, nəvaziş göstərəcəm. Hanı bəs? Bağışla məni oğlum, heç nə eləyə bilmədim. Nənən deyir ki, qonşular bizə yığılmışdılar. Deyirdilər Dənizdən sonra dostları, tay-tuşları bizim məhlədə görünmürlər. Sənin yoxluğun onlara da çox pis təsir edib. Hamı sənin sözünü danışır. Zarafatlarını, söhbətlərini xatırlayırlar. Bilirsən, sənin ölümün uşaqları necə yandırıb? Dəniz, uşaqlar səni məndən yaxşı tanıyırmışlar. Xasiyyətinin, düşüncələrinin çoxunu məndən çox dostlarınla bölüşürdün. Məndən gizlətdiklərini onlara demisən. Bilmirəm nədəndir, sənə olan nəvazişlərim, mehribançılığım yadımdan çıxır. Nə vaxt səni incitmişəm, sənə qarşı haqsız olmuşam, gəlib gözümün qabağında durur... yandırır məni. İçimdə elə bir boşluq yaranıb ki, səndən sonra həyat dayanıb mənim üçün, tam mənasız olub. Elə bilirəm ki, ürəyimdə heç bir arzum qalmayıb. Sənsiz mənə bu dünyada heç bir şey lazım deyil. Bu yaxınlarda Mənzər zəng vurmuşdu. Elə ağlayırdı ki... Deyir Yazgül bütün günüm ağlamaqla keçir. Dözə bilmirəm, siz necə dözürsünüz? Dedim ay Mənzər biz artıq ölmüşük, yoxuq, diri meyitlərik. Buna dözmək çox çətindir bacı, sadəcə ölə bilmirik. Ölüm bundan yaxşıdır. Gülərlə Anar qəbrinin üstünə gəlmişdilər. Onları görə bildinmi görəsən? Sənə əyan oldumu? Bilirsən nə qədər ağladılar.  Anar qəbrinin üstündə səninlə nə barədəsə danışırdı. Bilmirəm eşidə bilirdinmi? Başa düşə bilirdinmi onu? Gülərin anası da gəlmişdi. Deyir Dənizi görməsəm də, tanımasam da faciəsi yandırdı məni. Gəlməyə bilməzdim. Gülər deyir Anar Dənizdən sonra yaxşı yeyib-içmir, bütün günü Dənizdən danışır, ağlayır. Özü də siqaretə qurşanıb. Ürəyi də tez-tez ağrıyır. Görürsən, səni nə qədər çox istəyirmişlər. Anar deyib ki, harda yaşasam, yaxın-uzaq fərqi yoxdur – həmişə Dənizəi ziyarət edəcəm. Dördüncü məktub Səni düşünürəm, səni anıram Dəniz! Xəyallar qoynunda sənsizəm. Həsrətin oduna şamtək yanıram. Taleyin oyununda sənsizəm, Dənizim! Sanıram həyatda təkəm, tənhayam. Bir səhrayam, çöləm, biyabanam quru, qumlu, bağrı çat-çat olmuş, susuz, gül-çiçəksiz, bağ-bağatsız kimsəsiz bir boşluq! Gözümün seli ilə suvarıram bu cəhənnəmə bənzəyən dünyamı! Dərdini çəkməkdən varlığım xəstə, gözüm yollarda, qulağım səsdə, ürəyim nisgilli, könlüm qəfəsdə. Fələyin torunda çabalayıram... ümidsiz, ümidsiz! Beşinci məktub Dənizim, bu gün sənin yoxluğundan iyirmi iki gün keçir. Atanla əmin sənin üstünün daşına görə ustanın yanına getmişdilər. Atanın xasiyyətini özün bilirsən, torpağına qurban olum. Əmilərin, bibilərin, baban, dayın hamısı deyirdilər ki, yığışın ən yaxşı mərmərdən düzəltdirək daşı. Dənizin adına layiq olsun! Atan razı olmayıb. Adi daş zakaz verib. Bu gün bütün günü sol gözüm səyliyirdi. Hiss edirdim ki, nəsə pis bir xəbər eşidəcəyəm. Sən demə elə bu xəbər imiş. Atanın belə ucuz daş zakaz verəcəyini heç vaxt təsəvvür eləməzdim. Axı o həmişə hər şeyin yaxşısını alardı səninçün. İndi deyir daş mənə oğlumu əvəz eləməyəcək. Daha fikirləşmir ki bu onun sənə elədiyi sonuncu borcudur. Bağışla həyatım, bilirəm, sən də həmişə hər şeyin yaxşısını, gözəlini sevmisən. Amma əlimdən heç nə gəlmir, bağışla məni! Altıncı məktub Dənizim! İyirmi dörd gündür səni görmürəm. Sənsiz elə darıxıram ki, mənim balam. Torpağına qurban olum, məni tək qoyub getdin. Sənsiz indi mən neyləyim? Axı hamının balası yanındadı. Oğlum, dünən nə qədər elədik ki, atan daşa görə fikrindən daşınsın, bir şey çıxmadı. Atan dediyindən dönmürdü. Əmin də deyir ki, Sahibi müalicə elətdirəndən sonra daşı dəyişdirəcəyəm. Amma indidən razı olsaydı iki xərc çəkilməzdi. Elə sənsizəm ay oğul! Yeddinci məktub Dəniz, torpağına qurban olum! Artıq üçüncü cümə axşamındı. Yenə qonağımız çox idi. Atamgil gələ bilməmişdilər. Sənin qəbrini ziyarət etdik. Nə faydası, səni ki görə bilmədik. Sənə qurban olum gülərüz balam! Bu gecə yuxuma girmişdin, çox sağ ol! O qədər qucaqlayıb öpmüşəm ki, səni! Yuxuma tez-tez gir, nə olar həyatım! Əmin deyir ki, daş düzəldən usta ilə danışacam, sənə daşı mərmərdən düzəltsin. Atana da deyəcək ki, bunu layiq bildim. Əlavə heç bir xərc istəmirəm. Düzəldəndən sonra özümüz yığışıb ustanın hörmətini edəcəyik. Görək nə olur?.. Səkkizinci məktub Əziz balam! Bu gün mənim qırx yaşım tamam olur. Tale gör mənə nə acı qismət bəxş eləyib. Sənin ölümünün qırxı ərəfəsində mənim olumumun qırx ili tamam olur. Mənim yubileyimə Tanrı sənin faciəni hədiyyə elədi. Heç kimin yadına düşmədi ki, məni ağızucu da olsa təbrik etsin. Heç əslində təbrik yeri də deyildi. Bunu gözləmək də arsızlıq olardı. Amma yadına düşənlər oldu. Babangil, Lalə xalagil kəndə gəlmişdilər. Lalə xalan ağlayaraq dedi ay bacı, nə qara gəldi sənin bu ad günün. Məni də ağlamaq tutdu. Onsuz da nənəngil gələndən ağlayırdıq. Onlar sənin şəklini böyütdürüb gətirmişdilər. Belə gözəl, yaraşıqlı və böyük görsənirdin ki, lap yanıb-yaxıldım. Yadıma bilirsən nə düşdü, Dəniz! Sən həmişə mənə deyərdin ki, mama, mənə pul ver, sənin ad günündə, 8 martda sənə hədiyyə alım. Mən də deyirdim ay bala, öz pulumnan alınan hədiyyənin nə ləzzəti olacaq. Nə vaxt böyüyərsən, işləyərsən, bax onda sənin aldığın ən ucuz hədiyyə mənə qızıldan, brilyantdan qiymətli olacaq. Elə bilirdim sən mütləq böyüyəcəksən, işləyəcəksən, ömrümün axırına kimi mənimlə olacaqsan Taleyin qismətinə bax ki, mənim ömrümün yox, sənin ömrünün axırına kimi birlikdə olduq. Ancaq yenə də məni sevindirdin ad günümdə: Sahilənin yuxusuna girdin. Sahilə deyir ki, mama bir söz desəm ağlamazsan ki? O dəqiqə bildim ki, səni yuxuda görüb. Deyir: “gördüm Lalə xalagildəyik. Balkondan baxıb görürəm ki, Dəniz aşağıdakı balkondan mənə əl eləyir. Həyətdəki oğlanlar da bizə söz atır. Zərişlə mənə. Dəniz də oğlanlara acıqlanır. Sonra gedib xalamgili çağırırdım ki, onlar da gəlib Dənizi görsünlər. Xalamgil balkona çıxanda Dəniz onlara əl eləyə-eləyə qalxır havaya. Buludların arasında da əl eləyir və yoxa çıxır”. Sənə qurban olum, bilirəm ki, cənnətdəsən amma yenə də yanımda olmağını istərdim. Lalə xalan deyir ki, Zərişin də yuxusuna girmisən. Görüb ki, mən divanda oturub ağlayıram. Sən də hirsli-hirsli mənə baxıb deyirsən: yenə ağlayırsan? Sonra da xalana deyirsən ki, mamama de məndən ötrü ağlamasın. Axı dedim ki, mənim yerim rahatdı. Canım mənim, özümü nə qədər inandırmağa çalışsam da yerin rahatdı, ağlamaqdan özümü saxlaya bilmirəm. Bağışla məni. Bilirsənmi, əmin gedib daş düzəldənlə danışıb, deyib ki, qara mərmərdən düzəltsin, nə qədər əlavə xərci olsa verəciyik. Görək atan biləndə nə edəcək? Xədicə bibingilə həkim gəlmişdi. Atanı müayinə edib. Deyib sağalan xəstəlikdir. Müalicəni sənin qırxından sonra başlayacaq. Görək nəticəsi nə olur? Bir onu bilirəm ki, onun bu vəziyyəti ilə barışa bilmirəm. Dözümüm get-gedə azalır. Doqquzuncu məktub Əziz balam! Bilirsənmi nə yadıma düşdü? O gün Lalə xalangil kəndə gəlmişdilər. Danışırdı ki, Mətiş zəng vurub deyib ki, yuxuda Yazgülü görmüşəm. Görürəm oturub, başının üstündə də molla var. Xalan da deyib yuxun düzdü, amma bir az fərqlidi. Molla Yazgülün başının üstündə yox (kaş ki, elə mənim başımın üstündə olsaydı) Dənizin başının üstündə “Quran” oxuyub. Yazıq Mətiş o qədər ağlayıb, deyib denən ki, zarafat edirəm. Xalan da deyib belə şeylərlə zarafat etmirlər. Çoxlu ağlayıblar, səndən danışıblar. Sənin onun bişirdiyi peraşkiləri, kətələri, yumurtalı çörək qızartmasını necə xoşladığını xatırlayıblar. Bir dəfə də səni evlərinə çağırıb, demisən ki, Rəşid əmi gəlib bizi bir yerdə görər, acığı tutub səni boşayar. Mənim əziz balam! Dünən Almazın qızı Minişin bir yaşı tamam oldu. Zəng vurub təbrik elədim. O qədər ağladı ki. Bilsəydim heç zəng vurub qanını qaraltmazdım. “Bu cür müsibətin içində necə yadına düşüb” dedi: Dedim Dəniz sağ olsaydı ayrı planlarımız var idi. Nə isə, səndən ötəri çox darıxıram, qaragözlüm! Onuncu məktub Qaragözlü balam, qurban olum, ürəyim partlayır sənsiz. Atan da hət gün söyür, yamanlayır hamını. Nə olar, onun da yuxusuna gir, ancaq sən ona hər şeyi başa sala bilərsən! On birinci məktub Dəniz, ölüm qabağında, təzə şəklini gördünmü? Axırıncı cümə axşamında Gülnar gətirmişdi. Tünüşnən rəqs edirsən. Elə gözəl düşmüsünüz ki! Gülnar deyir ki, şəkli Tünüş böyütdürüb, evlərindədi. Bibin uşaqları da telefonlarına köçürüblər. Sahilə də telefon istəyir. Amma məgər sənə telefon almışdım ki, ona da alım? Dəniz, neyləyim oğul, səndən sonra Sahiləni əzizləmək, qucaqlamaq, sığallamaq, oxşamaq istəmirəm. Elə bilirəm bunu eləsəm sənə xəyanət eləmiş oluram. Sənin üçün eləyə bilmədiyim hər şey məni yandırır. Bu gecə yuxuda səni pis görmüşəm. Bütün günü yuxunun təsiri altındayam. Çox narahatam. Yuxumun məzmununu sənə danışmaq istəmirəm. Qoy yadımızdan çıxsın. Yuxuma belə girmə, qurbanın olum. Səni yuxuda da olsa, şən, gülərüzlü, zarafatcıl görmək istəyirəm. Səni itirdiyimə elə yanıram ki, tüstümü görən yoxdur. Dəniz məni yanına apar. Səninlə qalmaq istəyirəm. Atanla gələcək həyatımız məni çox düşündürür. Nə edəcəyimi bilmirəm. Çox narahatam. Mənə kömək elə. Sən əvvəllər də ürəyimdəkiləri yaxşı bilirdin. Indi sənə hər şey daha yaxşı əyandır. Mənə yol göstər. Yuxuma gir, məsləhət ver. Sənə çox ehtiyacım var. Öpürəm səni, doya bilmirəm qaragözlərindən! On ikinci məktub Dəniz, bu gün Lalə xalan bizə gəlmişdi. Iki bacı bir-birimizə qoşulub səndən ötrü o qədər ağlamışıq ki. Qəbrini ziyarət etdik. Görürdünmü bizi, səsimizi eşidirdinmi? Xalan sənin üçün halva bişirmişdi, konfet almışdı, yaşının sayı qədər – düz on yeddi dənə qərənfil gətirmişdi. Qərənfillər də ağlayırdı... On üçüncü məktub Salam qaragözlüm! Otuz yeddi gündür sənə həsrətəm. Qara gözünə, şirin sözünə, ağıllı baxışlarına, şən zarafatlarına həsrətəm. Sənin üçün bilirsən necə darıxıram? Sənsiz necə yaşayım, necə danışım gülüm bilmirəm. Niyə belə etdin, Dəniz? Niyə məni yandırıb yaxdın bala? Sənə neyləmişdim, ...sevməkdən savayı. Bu gün atan baş daşının dalınca gedəcək. Adi daş yerinə mərmər görəndə nə edəcəyini təsəvvürümə gətirə bilmirəm. Hər halda Allah heç bir valideyni övlad dağı ilə imtahana çəkməsin. mən sənin .əklini daş üzərində - lap mərmərdən yox, qızıldan, brilyantdan olsa belə görmək istəməzdim. Dəniz, sənə çox ehtiyacım var. Qurbanın olum, oğul! Bu gün qırx gündür ki, sən cənnətdəsən (buna inanıram). Amma hər halda mən istərdim ki, yanımda olasan. El-oba, qohum-əqrəba, dost-tanış bu gün sənin qırxına yığışıblar. Bu qırx gündə mən necə ölmədim, bilmirəm. Molla oğula aid elə mərsiyə dedi ki, elə bildim mənim dilimdən deyir: “boyuna doyunca baxmamışam, əllərinə toy xınası yaxmamışam, toy otağı açmamışam oğul”. Dəniz, səhər tezdən Zeynəb nənəgil gəlmişdilər. Özləri ilə bərabər Şamba adlı bir qadın molla da gətirmişdilər. Nənəngil onu sənin qəbrinin üstündə yasin oxutdurmaq üçün çağırmışdılar. Mən də onlara qoşuldum, gəldik sənin yanına. Molla yasin oxudu, biz də doyunca ağlaşdıq və qayıtdıq evə. Gördüm sinif yoldaşların və  iki nəfər müəllimələrdən gəliblər. Onlar da sənin qəbrini ziyarət eləmək istədilər. Təzədən onlara qoşulub yenə gəldim sənin yanına, təzə ünvanına. Yolboyu uşaqlar ağlayırdılar. Mən də onlara qoşulub o ki, var ağlamışam. Uşaqlar sənin üçün gözəl bir əklil düzəltdirib gətirmişdilər. Evə qayıtdıq, yoldaşlarına çay-çörək verib yola saldıq. Oturmaq istəmirdilər. Dedim ki, Dəniz inciyər. Özü burada olsaydı sizi belə yola salmazdı. Onlardan sonra Tərlan anasıgillə gəldi. Sənə görə elə ağlayırdı ki, adamın ürəyi parçalanırdı. Onlar da gedib qəbrini ziyarət elədilər. O gün qonaqlarımız çox oldu. Yəqin ki, sən də onları gördün. Səni nə qədər çox istəyən varmış, qaragözlüm! On dördüncü məktub Qaragöz balam! Xeyli vaxtdır sənə məktub yazmıram. Elə bilmə ki, səni unutmuşam. Yox boyuna qurban, bütün günü sənin həsrətinlə yaşayıram - əgər buna yaşamaq demək mümkünsə. Qırxından sonra hamı dağılışıb getdi öz ev-eşiyinə, işinə, gücünə. Biz hələ kənddəyik. Atan dedi ki, şəhərdən kirayə ev tapım, köçək gedək kənddən. Bir neçə gündən sonra məktəb başlayacaq. Yoldaşlarından ayrı düşdün, torpağına qurban. Bu gecə səni yuxuda görmüşəm. Görürəm ki, “mama acmışam” deyə-deyə gəlirsən. Mən səni qucaqlayıb öpürəm, deyirəm Dəniz məni niyə peşman elədin, niyə ehtiyatlı olmadın? Deyirsən mən istəmirdim belə olsun. Səndən ötrü çox darıxıram mama. Deyirəm elə mən də səndən ötrü darıxıram. Gedək nənəgilə, çörək ye. Gedirik... elə bu vaxt atan necə qışqıra-qışqıra sayaqladısa, yuxudan dik atıldım. Günortadan sonra baban, nənən, Bayram dayı, Nuridə xala gəlmişdilər. Nənənlə mən onlarla birlikdə sənin ziyarətinə getdik. Sahilə də bizimlə idi. Nə qədər çağırdımsa qalxmadın. On beşinci məktub Canım mənim, bu gün ayın 15-idir. Dərslər başlandı. Sinif yoldaşların indi məktəbdədilər. Səhər-səhər şəklini götürüb qucaqladım, bağrıma basdım, yalvardım, sızladım, durub məktəbə getmədin. Bircə ilin qalmışdı. Gözləyirdim ki, bu gün uşaqlar yanına gələcəklər. Nəsə gəlmədilər. Bəlkə sabah gələrlər. Bəlkə də gəlməyəcəklər. Öpürəm səni çoxlu-çoxlu, qaragözlüm. On altıncı məktub Salam qaragözlüm! Bağışla, sənə nə vaxtdır məktub yazmıram. Başım işə-gücə elə qarışıb ki, tələsik mənasız şeylər yazmaq istəmədim. Bir neçə gündən sonra yığışıb şəhərə gedəcəyik. Atan kirayə ev tapıb. Gələn gündən bir gün əvvəl sənin yanına gəldim. Qəbir daşını qucaqladım, nə qədər çağırdım dur mənimlə gedək, durmadın. Baş daşının arxa tərəfində ayaqüstə şəklin var. Necə də canlı görünürdün. Qabağında durub yalvardım, ayaq üstəsən, gəl gedək. Elə üzümə baxıb gülümsəyirdin. Səni orda necə tək qoyub gəldim? Axı sən həmişə bir yerə getmək istəyəndə məndən qabaq qaçıb maşına minərdin. Mən, daşqəlbli anansa səni orada tək qoyub şəhərə qayıtdım. Daha doğrusu sənin cansız cəsədin ordadı, ruhun mənimlədi. Biz şəhərdə yaxın bir qohumun evinə yığışmışıq. Nə qədər qalacağıq hələ bəlli deyil. Evi səliqəyə salmışam. Rahat evdi. Sahilə deyiir ki, ana olmazdı ki, Dəniz sağ olanda özümüzün belə bir evimiz olaydı? Öz ailəmizlə rahat yaşayardıq. Bala yəqin başa düşdün bacın nəyə işarə vurur? Qismətimiz belə imiş! Sənin şəkillərini hələ heç hara qoya bilməmişəm. Atan onları görsə lap dəli-divanə olar. Heç bilmirəm necə edim. O gün baban gəlmişdi bizə. Sözlü adama oxşayırdı. Danışdı ki, “o gün sizə gələndə darvazanın ağzında bir taxta parçası görmüşdüm. Fikirləşdim ki, Dəniz sağ olsaydı mütləq bundan bir yararlı şey düzəldərdi. Doluxsundum. Evə gedib bu fikirlə yatdım. Uşaq gəlib yuxuma girdi. Görürəm deyir ki, ay baba, o taxtanı ver, ondan nəsə bir şey düzəldərəm”. Baban deyir: “elə bil məni tok vurdu. Dedim ay Allah mən bu barədə günorta fikirləşmişdim. Tez deyirəm Dəniz, sən bu gün hardaydın. Deyir sizin yanınızda. Mən həmişə sizin yanınızdayam... Sevinib deyirəm, gəl otur qucağımda. Oturur sol dizimin üstündə. Başını qucaqlayıb o qədər öpürəm ki. Zeynəbi çağırıram, deyirəm gəl gör bizə kim gəlib? Deyirəm Dənizi görmürsən qucağımda? Deyir yox, deyirəm axı qucağımda oturub, necə yəni görmürsən. Deyir a kişi, bismillah elə, qucağında heç kim yoxdur. “Bismillah” deyən kimi uşaq yoxa çıxdı. Deyir ay bala, yuxudan ayılmışam, dəli kimi ora-bura baxıram. Elə bilirəm doğrudan da yanımda olub. Ancaq onu bilirəm ki, onun ruhu bizim yanımızda olub”. Baban elə ağlayırdı ki, Dəniz! Atana da danışdım yuxunu, o da ağladı. Atan özünü çox pis hiss edir. Heç yaşamaq istəmir. Bu gün məndən soruşurdu ki, siçan dərmanı içsəm ölərəmmi? Yazığım gəlir ona. Arada səndən danışırıq, elə ağlayır ki! Çalışıram onun yanında səndən nə danışmayım, nə də ağlamayım. Dəniz, heç bilirsənmi dərs başlayan günü uşaqlar səni necə yad ediblər? Şəklini sinfə qoyublar, oturduğun partanı gül-çiçəklə bəzəyiblər. Sinif rəhbəriniz Sima Petrovna heç kimə icazə verməyib ki, sənin yerində otursun! On yeddinci məktub Dəniz, salam! Çoxdandı sənə məktub yazmıram. Qadan alım, elə bilmə ki, yadımdan çıxmısan. Sadəcə mənasız sözlərlə vaxtını almaq istəmirəm. O gün Tahirə İbadovna gəlmişdi. Uşaqların hamısı gəlmək istəyirmişlər. Deyir güc-bəla ilə sakitləşdirmişəm ki, valideynləri sizi görüb dəli olarlar. Gəlməyə qoymayıb uşaqları. Tahirə müəllimə də, uşaqlar da şəkillərini öpüb ağlayırdılar. Əziz balam, Lalə xalan da ayın 25-dən bizdədir. Müəllimlərin gələn günü xalaların da gəlmişdilər. Biz hamımız oruc tuturuq. Həm də “Quran” oxumağa başlamışam. Qurtarandan sonra sənə bağışlayacağam. Dünən bibilərin də gəlmişdilər. Mənə qarşı çox soyuq davranırlar. Özün də bilirsən ki, baldız-gəlin münasibətləri min illərdir düzəlmir. Hələ qaynana-gəlin münasibətlərini demirəm. Mində, on mində bir gəlin-qaynana-baldız münasibəti, mehribançılığı möcüzəsi baş verə bilər. Mən sənə bibilərdən qeybət eləmək, gileylənmək üçün yazmıram bu sözləri. Mənə ən çox təsir eləyən odur ki, güya onlar səni məndən çox istəyirlər. Heç mən istəyərdimmi bircə dənəmi itirəm? Nə qədər mehribanlıq elədim, yaxşı süfrə açdım, gəlişlərinə necə də sevinmişdim. Amma Sona bibin Sahiləni qırağa çəkib mənim haqqımda pis fikirlərlə onun beynini doldurmağa çalışıb. Deyib ki, anan pis qadındı, onu çox istəmə. Əmilərin, bibilərin yaxşıdı, bizi çox istə. Atanı çox istə. Böyüyəndə özün başa düşəcəksən ki, anan necə də pis qadın olub? Sənin üçün heç nə eləməyir. Sahilə də elə pis günə düşmüşdü ki! Deyir bibim dedi ki, anan səni öyrədir ki, bizə qarşı pis olasan, bizi sevməyəsən, nifrət edəsən. Sahilə gözünün yaşını tökə-tökə deyir ay mama, axı sən heç vaxt onlara qarşı pis bir söz demirsən, artıq-əskik hərəkətlər eləmirsən. Dedim, qızım, eybi yoxdur, qoy nə istəyirlər danışsınlar. Allah göydən baxır. Yaxşını, pisi qurban olduğum hamıdan yaxşı ayırd edir. Mən indi onun cavabını versəm onu da bir söz eləyəcək. Deyəcək bir saatlıq evinə gəldim, mənim üstümə şər atdı. Allaha tapşırıram. Ancaq ürəyimdəki qəzəbimi də soyuda bilmirəm. Üzümə gülüb dalımca danışan adamlara nifrət edirəm. O adamlar özləri şərait yaradırlar ki, onlardan soyuyum. Nə isə... belə sözlərlə səni yormaq istəmirdim. Sənə qurban olum, qaragözlüm! Lalə xalanın yuxusuna girmisən. Demisən ki, xala ağlama, gözlərini mənə qurban demişdin. Gözlərinin yerinə on manat nəzir ver, gözlərinə heç nə olmasın. Xalan da gətirib nəziri verdi mənə! Mən də görməmiş kimi zarafata salıb dedim: “qurban olduğum bu nəzirin miqdarını niyə çox deməyib”. Sabah babanla qəbrini ziyarətə gələcəyik. Hə bir şey də yadımdan çıxmamış deyim: Bayram dayıgilin qonşuluğunda bir türkəçaraçı var, söz verib ki, atanı müalicə edəcək. Bu günlük bu qədər ömrüm, günüm. Bacın da “Quran” oxumağa başlayıb, o da qurtaranda sənə bağışlayacaq. Öpürəm, qaragözlüm! On səkkizinci məktub Həyatım, balam, salam! Sənsizlik məni öldürür. Nə bişirirəm, nə yeyirəm, sən yadıma düşürsən. Hər dəfə qazana əl atanda ruhunu çağırıram ki, gəlib payını götürəsən. Elə də bir az sakitləşirəm. Elə bilirəm ki, doğrudan da ürəyin istəyən yeməkdən payını götürdün. Dünən sənin qəbrini ziyarət etdik. Baban, nənən, Lalə, Nərgiz, Sahilə və... mən. Yolboyu sənin hərəkətlərini, sözlərini yada salıb gah gülmüşük, gah ağlamışıq. Elə bilirdim ki, sənin qəbrini ziyarət edib gələndən sonra bir az yüngülləşirəm. Əksinə oldu. Səni orada tək qoyub gəlmək mənə çox ağırdı. Səni itirməyim həyatda ən böyük səhvimdir. Bu səhvimə görə ömür boyu əzab çəkəcəyəm, özümə nifrət edəcəyəm. Özümü heç cürə bağışlaya bilmirəm. Gərək sənə qarşı sərt olaydım, icazə verməyəydim. Ürəyim ağrısa da göz yaşlarına dözəydim. İndi necə dözürəm Səni öpürəm qaragözlüm! Öpüşlərinə həsrət qalan anan – qaragün Anan! On doqquzuncu məktub Salam balam! Çoxdandı sənə məktub yazmıram. Elə bilmə ki, yaddan çıxartmışam. Sadəcə elə bir yenilik yox idi yazam. Kəndə gedib ilk “qara bayram”ı keçirtdik. Səninlə birlikdə gedib qohum-əqrəbanın qəbrinin üstünə gül-çiçək qoyardıq. Bu bayram sənin üçün qara gəldi. İndi mən sənin yanına sənsiz gəlmişəm. İndi sən mənə nə qədər yaxınsan, amma əl uzadıram çatmır, çağırıram eşitmirsən, ağlayıram cavab vermirsən. İndi bu qədərmi uzaq olduq? Biz bayramları beləmi keçirməliydik? Bu bayram ailəmiz üçün – hamımız üçün “qara bayram” oldu. Keçən Ramazanda dua edib Allaha yalvarmışdım ki, gələn bayramı öz evimizdə keçirmək qismətimiz olsun. Sizin üçün cansağlığı, uzun ömür arzulamışdım. Heyf! Sənin mənzilin dar məzar oldu, bizim də dünyamız qaranlığa qərq oldu. İndi biz kirayədə yaşayırıq. Mənə deyirdilər ki, vaxt keçdikcə sakitləşib təsəlli tapacaqsan. Vaxt keçir, mənsə daha dəli oluram. Hər gün səni gözləyirəm, ağlayıram, sakitləşə bilmirəm. Çoxları mənə deyir ki, əzizi ölən təkcə sən deyilsən ki, özünü az öldür. Ağlamaqla, sızlamaqla ölənlər geri qayıtsaydı, hamı gecə-gündüz ağlayıb ölüsünü dirildər! Bəlkə də haqlıdırlar. Amma onlar mən çəkəni çəkmirlər axı! Ən böyük dərdim isə odur ki, sənin ölümün məni yandırdığı qədər heç kimi yandıra bilməz, amma Nərminə bibin bilirsən kənddə mənə nə dedi? Deyir: “sən heç dərd çəkən adama oxşamırsan”. Sonra da hüzr vaxtı özümü necə aparmağımı müzakirə ediblər. Güya mən telefonda... deyiləsi deyil bala! Onların bu soyuqluğu, qəddarlığı ürəyimi dağ-dağ eləyir, Dəniz! Mənə ürək-dirək vermək əvəzinə, səbrli ol demək yerinə atmacalar atmaqları məni çox incidir. Hələ bir dəfə də olsa telefonla zəng vurub halımı, vəziyyətimi soruşmayıblar. Doğrudan da adama öz doğmalarının canı yanar. Bibilərini heç maraqlandırmır ki, mən nələr çəkirəm. Deyirəm Nərminə, səncə necə olur ki, 17 yaşlı oğulun ölümü yeddi biyana yadı yandırsın, doğma ananı – məni yandırmasın. Necə olur ki, Dənizin necə böyüməyindən, necə yaşamağından xəbəriniz olmaya-olmaya siz bibilər yanasınız, mən doğma ana – kipriyimlə od götürə-götürə böyütdüyüm balamın itkisinə yanmayım? Sizə nə olub ki. Nə olub mənə olub. Balalarınız yanınızda, nə vecinizədi? Qeydimə qalmaqdansa hərəkətlərimi müzakirə edirsiniz! Hüzr vaxtı mənim ağlım başımda deyildi. Nə eləyirdim özüm də bilmirdim. Balası ölmüş ana dəli kimi hərəkət eləyə bilər, qışqırar, ağlayar, sayıqlayar hətta dəli kimi ağlına gələni danışa da bilər. Nə bilim qurban sənə! Heç bunları sənə yazmaq istəmirdim, səni də narahat edirəm. Hər şey yaxşı olacaq, hər şey düzələcək deyib özümü aldadacam. Bircə sən yanımda olmayacaqsan! Sən yaşamağımın mənası idin. Getdin, yaşamaq həvəsim də səninlə getdi. Sahilə olmasaydı neyləyərdim, bilmirəm?! Dünya xali deyildir bala! Arxa duranlarım da var. Zəng vurub vəziyyətimi soruşanlar, sənin itkinə yananlar, təsəlli verənlər çoxdur. Yaxşı adamlar səni hər gün xatırlayırlar. Sən hamımızın qəlbindəsən, həyatım. Biz yaşadıqca səni də qəlbimizdə yaşadacağıq. Sən həmişə bizimlə olacaqsan! İyirminci məktub Qaragözlüm, bu günlərdə səni yuxuda görmüşəm. Səni öpmək istədim, sinəmdən itələdin, dedin: “mama, səndən incimişəm, məni çox istəmirsən”. O gündən hər bu yuxu yadıma düşdükcə dəli oluram. Niyə elə deyirsən? Axı indi sən elə yerdəsən ki, ürəklərdən keçəni də bilirsən. Bilirsən ki, sənsiz günüm-saatım yoxdur, səndən ötrü dəli-divanəyəm. Günüm ağlamaqla keçir. Sənin yoxluğunla barışa bilmirəm. Niyə məni incidirsən? Yuxuma tez-tez gəl, sənə yalvarıram Dəniz, səni heç olmasa yuxuda görüm, qucaqlayım, öpüm. Səni bağrıma basım, ətrini ciyərlərimə çəkim. Dəniz, sənin ölümün həyat qanunlarına uyğun gəlmir. Ana, ata oğlunu torpağa tapşırmalı deyil. Oğul valideynlərini torpağa tapşırmalıdır. Sənin cəmi 17 yaşın var idi. O qədər gözəl xüsusiyyətləri özündə birləşdirmişdin ki, səndən böyüklər də sənə qibtə edə bilərdilər. Əbədi olaraq da gənc, gözəl, qürurlu, ağıllı, tərbiyəli qalacaqsan. Səni həmişə axtaracağam, gözləyəcəyəm. Hər açan çiçəkdə, uçan quşda, kəpənəkdə, qaranquşda, qürub edən günəşdə, parlayan ulduzda, ayda səni axtaracağam. Uç mənim balam, buludlardan da yuxarı qalx. Yer üzərində həyatın tamam oldu, əngin səmalarda yaşa! Qəlbimizdə qal. Bu qısa ömründə heç kimə pislik eləməmişdin. Ona görə də hamının qəlbində mələk kimi qalacaqsan! Ölümündən sonra da mələk kimi çoxlarının dadına çatırsan. Məzəli sözlərini danışıb qüssəli qəlbimizlə gülürük. Bilirsənmi, bu günlərdə Ulduz gəlmişdi bizə. Sənin yoxluğuna o qədər pis olub ki! Şəklinə belə baxmağa cürət eləmədi. İyirmi birinci məktub Əziz balam! Sənsiz gələn təzə ili qarşıladıq. Köhnə-qara gəlmiş, həyatımızı alt-üst eləmiş qanlı ili yola saldıq. Bilirsənmi qurban olum, bu ili sənsiz qarşılamaq mənim üçün nə qədər çətin idi. Axı həmişə bayramdan neçə gün qabaq sən necə sevinclə fişəng, “bomba” alardın. Bir yerdə yolka bəzəyərdik. İndi sənin üçün yolkanı qəbrinin üstündə bəzədik. Bu sənə lazım deyildi. Amma mənə azacıq da olsa təskinlikdir. Ay Dəniz, niyə belə oldu, niyə əcəl bizi ayırdı? Bu gün ayaqüstə çəkilən şəklini gətirəcəklər. Elə həyəcanlıyam ki, görəsən oxşada biliblərmi? Sağlığında qədrini bilmədim, qoruya bilmədim səni ölümündən sonra şəklini, cansız bədənini çəkdirib əzizləmək sənə xoş gələcəkmi? Bilirəm ki, Allaha xoş gedən hərəkət deyil. Amma hər şeyə rəğmən mən bunu etdim. Səni hər zaman evdə görmək üçün. İyirmi ikinci məktub İlinə az qalıb balam! Kəndə gəlmişik. Heç gəlmək istəmirdim. Özün bilirsən niyə? Qurdlu, ilbizli, tənəli sözlərdən bezmişəm. Həyatım get-gedə daha da çətinləşir. Axırı necə olacaq, bilmirəm. Sahilə kənddə sənin paltarlarını geyindi. Elə bilir sənə xoş gələr. Sənin iyini paltarlarından almaq istəyir. Sahiləni tək qoydun, Dəniz! Bacınla qəbrini ziyarət etdik. Atanla əmin hasarı rəngləyirdilər. Qalan işləri də bacınla mən gördüm. Nə qədər ki, kənddəyəm tez-tez gələcəyəm yanına qaragözlüm! Dəniz, dözə bilmirəm, bir ildi ağlayıram. Gözümün yaşı qurtarmır ki, qurtarmır. Daha ilinə nə qalıb ki? Səni itirəndən sonra başa düşdüm ki, nəyim var imiş. Atan haqqında giley-güzar yazmaq istəmirəm. Təəssüf ki, onun varlığının həyatımda – həyatımızda heç bir əhəmiyyəti yoxdur. Nə bir işimə yarayır, nə ona arxalana bilirəm, nə mənə canı yanır, nə işləyib gündəlik çörək pulu qazanmır. Ən pisi də odur ki, məni işləməyə qoymur. Bir gün sonranı fikirləşə, dərk eləyə bilmirəm ki, sabah başımıza nə iş gələcək. Bu bilməməzlik də məni çox qorxudur. Problemlərim qurtarmır. İyirmi üçüncü məktub İlə lap az qalıb. Buralara yavaş-yavaş öyrəşirəm. Burdakıların mənə münasibətləri az-çox düzəlib. Evi yüngül təmir edib səliqə-səhman yaradırıq. Sənin məzarını hər cümə axşamı ziyarət edirəm. Oranı gül-çiçəyə bürümüşəm. Sən axı elə sevirdin. Televizorda bir reklam gedirdi. Ən yaxşı məktub hədiyyə qazanacaqdı. Kompaniyada iştirak etdim: hədiyyə xatirinə yox, əzizim, adını orada da əzizləmək üçün, təsəlli üçün. Hədiyyə qazandım. Bu işdə də mənə yardımçı oldun! Səni son nəfəsimədək unutmayacağam. Göz yaşlarım qurumayacaq! İyirmi dördüncü məktub Əziz balam! Hələ ki, kənddəyik. Sənə həmişə deyirdim ki, maraqlı bir şey olsa səninlə bölüşəcəm. Oldu belə bir şey. Bir gün qırx yaşlarında bir kişi həyətə gəlmişdi. Aliminium, mis alırdı. Hansısa seyidin nəvəsiyəm dedi. Dedi sizə möcüzə göstərəcəyəm. Mənə dedi ki, Məhəmməd peyğəmbərin ruhu ilə görüşmək istəyirsən? Dedim yaxşı olar ki, bunu Sahilə üçün elə! Dedi yox sənə lazımdır. Əlində kiçik bir kitabça var idi. Dedi “Quran”dır. Gözünü bu “Quran”a zillə, sonra göydə bir nöqtəyə diqqətlə bax. Ürəyindəki arzuları de. Kişinin məni avam yerinə qoymağı mənə qəribə gəldi. Mən bilirəm ki, hər hansı bir əşyaya gözünü dirəyib baxandan sonra, yayındırıb ayrı yerə baxsan həmin əşyanın siluetini görərsən. Bu bir möcüzə deyil. Sonra mənə dedi ki, bir ildən sonra bir oğlun olacaq. Məsələ məlum idi. O, insanların bu zəif damarından tutub pul qazanmaq, daha doğrusu nəzir yığmaq üçün cəfəngiyyat danışırdı. Atana bu barədə heç nə demədik. Bilirəm ki acığı tutacaqdı. Əziz balam, hələlik kənddə tək qalmışıq. İldən sonra hamı dağılışıb evinə-eşinə gedib. Bir azdan biz də şəhərə qayıdacağıq. Getməmişdən əvvəl səni ziyarət edəcəyəm. İyirmi beşinci məktub Əziz balam! Bir ildən çoxdur sənə məktub yazmıram. Bu vaxt ərzində neçə-neçə bayramlar, təzə il, Novruz sənsiz keçdi. Bizim üçün bu bayramlar öz mahiyyətini itirib. Ürəyim partlayır. Bayram atəş-fəşanlığı məndən ötrü zülmətdən fərqlənmir. Sənin işığın əbədi söndü, elə mənimki də. Həyatımızda elə bir nə yaxşılığa doğru bir hadisə baş verməyib, nə mühüm bir iş olmayıb. Bircə onu deyə bilərəm ki, Bakıda bir otaqlı ev kirayələmişik. Bacın burada məktəbə gedir. Sağ olsaydın indi sən də bizimlə birlikdə yaşayardın. İndi institutda oxuyardın. Ruslan da instituta girib. İlk dəfə görəndə ürəyim titrədi – bir suyu sənə oxşayır. Zalım fələk aldı səni mənim əlimdən. Atan qəbir üstünə də getməyə qoymadı. Amma nənən, baban, dayın, xalaların ziyarət elədilər səni. Bu gün sənə yasin oxutdurdum. Bacın da özü oxuyacaq. Sinif yoldaşların da səni ziyarət ediblər. Sağ olsaydın bəlkə səni ürəyim istədiyi kimi yaşada bilməzdim. Necə ki, bacını ürəyim istədiyi kimi yaşada bilmirəm. Amma bacardığım qədər sizin xoşbəxtliyiniz üçün çalışacaqdım. Son olaraq onu deyim ki, atanın yerinə olsaydım məni öldürərdim – sənin kimi bir övladı qoruya bilmədiyim üçün. İyirmi altıncı məktub Dənizim, bu gün çox pis başladı mənimçün. Həm yığışıb Bakıdakı evdən çıxdıq – kəndə gedirik, yaylamağa – bəxtəvər insanlar kimi. Adi bir şeydən ötəri həmişəki kimi atan məni incitdi. Möhkəm dalaşdıq. Ömrümün axırına kimi onunla olacağımı düşünəndə özümə nifrət edirəm. Həyatıma heyifim və... yazığım gəlir. Dəniz, bizi niyə bu günə qoydun bala?! Yolboyu ağlamışam. Sənin üçün gül alıb qəbrini ziyarət eləmək istəyirdim, atan qoymadı. Artıq kənddəyik. Qaranquşlar az qala evin içinə qədər giriblər. Mənə elə gəlirdi ki, qaranquşlar səndən xəbər gətiriblər. Deyirlər ki, Dəniz sizi gözləyir ki, ziyarətinə gələsiniz! Qaranquş karnizin üstündə oturub mənə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Qaranquşlar başımın üstündə çırpınanda da elə bilirəm səni xatırladırdı. Ətrafımda tay-tuşların çoxdu. Kaş ki, sən də aralarında olaydın. Hə, bir də onu deyim ki, Nanə nənə də vəfat etdi. İndi məzarlıqda nənənlə babanın arasında yatırsan! İyirmi yeddinci məktub Salam işıqlı dünyamı qaranlığa döndərən günəşim! Uşaq vaxtı elə bilirdim ki, ən uzaqda görünən dağın zirvəsinə çıxsam əlim mavi səmaya çatar. Ağlım kəsəndə başa düşdüm ki, səma əlçatmaz sonsuzluqdur. İndi sən o əlçatmaz sonsuzluqdasan. Surətin bütün günü gözümün qabağından getmir... Əlimi uzadan kimi uzaqlaşırsan. Üfüqüm mənim, günəş qürub edən zaman şəfəqləri aram-aram süzülərək gözə görünməz olur,hardasa elə dağların o üzündəbərk vurmaqda davam edir.Mənim qəlbim o üfüqə bənzəyir,sənin şəfəqlərin qaranlığa qovuşur. O şəfəqlər hardasa işıq saçır, hər halda sabah o biri üfüqdə parlayacaq. Amma sənin şəfəqlərin?!... Dəniz, bu günlərdə Sübhangil burda idilər. Sübhan çox ağır xəstədir. Sağ qalacağına ümid yoxdur. Sənə qurban olum, onun üçün Allaha duaçı ol. Axı sən Allahın dərgahındasan. Çox cavandı Sübhan. Səni məndən aldılar, onu anasından almasınlar. Kənddə günlərimiz pis keçmir. Təkcə sən yoxsan. Arada arzulayıram ki, kaş Sübhan kimi xəstə olaydın, amma gözümün qabağında olaydın. Ümidlə qulluq edərdim, sağalacağına inanardım. Amma heyf ki, bu xülyalar ümidsiz qəlbinin çırpıntılarıdır. Sənin əzab çəkməyinə dözə bilərdimmi? Yox, yox, yox!!! Tab gətirməzdim, birdən ümidlərim puça çıxsaydı neylərdim. Səninlə keçirdiyim hər günümə, ayıma, ilimə görə Allahıma minnətdaram. Heyf ki, tez getdin! İyirmi səkkizinci məktub Ömrüm-günüm, Dənizim! Elə bildim səni bir də itirdim. Bu gün o ağrıları bir daha yaşadım: Sübhan rəhmətə getdi. Səndən üç-dörd yaş böyük olardı. O da səni kimi ata-anasını ağlar qoyub getdi. Səni kimi arzuları ürəyində, murazı gözündə yaşamaq həsrətilə dünyasını dəyişdi. Sənin mənə çəkdiyin dağı o da valideynlərinə çəkdirdi. Amma sənin kimi təsadüfün deyil, ağır xəstəliyin qurbanı oldu. Ölümündən iki həftə qabaq beş gün qonağımız oldu. Sənə yazmışdım. Bir an da gözümün qabağından getmir. Çəkdiyi əziyyətlər, danışmağı, gülməyi, arzuları, yaşamaq həvəsi. Ay Allah, adam nə qədər əzab çəkərmiş, adam nə qədər dözərmiş? Kaş ki, o ağır günlərində görməyəydim onu. Görməsəydim bəlkə də məni bu qədər ağrıtmazdı. Gör indi onun atası-anası nələr çəkir. Bircə mən bilirəm onların nələr çəkdiklərini. Atası dözmədi. Yazıq kişi infarkt keçirdi. Hələ bilmək olmaz taleyi necə olacaq. Ağır dərddi səndən sonra bizi yaşamağa məcbur edən bacın var, ona görə özümüzü ələ aldıq. Sübhandan sonra isə onların heç kimi qalmayıb. Iki ahıl, gözüyaşlı valideyn. Oğul böyütmüşdülər ki, qocalanda övlad qayğısı görsünlər, övlad dərdi gördülər. Bilirəm ki, indi onları ümidsizlik zülməti bürüyüb. Lakin belə vaxtlarda adamı ölməyə qoymurlar. Yaşamağa, danışmağa, hətta gülməyə məcbur edib ayaqda qalmağa ruhlandırırlar. Adama elə gəlir ki, dərdin ağırlığından belin sınacaq, bir daha ayağa qalxa bilməyəcəksən. Amma yaşamaq üçün hərə bir səbəb tapa bilir. Həyat mübarizədir, başladın axıra qədər davam etməlisən. Bəzən adama elə gəlir ki, taleyinlə barışmısan, sakitləşmisən, tədricən hər şeyi unudacaqsan. Başını qatmaq üçün bir məşğuliyyət, bir iş tapacaqsan. Nə vaxtsa yasdan çıxacaqsan, toylarda, şənliklərdə iştirak edəcəksən. Lakin beş-on gün, bir ay, hətta beş-on ildən sonra elə bir hadisə baş veriri ki, bütün dərdlərin-sərlərin yenidən təzələnir. İndikindən də betər günə düşüb göz yaşlarını tökməyə məcbur olursan. Övlad yanğısı sağalan deyil. Bu yaranın uzaq-başı bir az üstü qaysaqlana bilər hələ onu da dəqiq deyə bilmərəm. İyirmi doqquzuncu məktub Canım-gözüm! Artıq Bakıda kirayə ev tutmuşuq. Atan bütün günü evdə olur deyə Sahiləni məktəbə özü aparır-gətirir. Qismət olsa bu il texnikuma qoymaq fikrimiz var. Sübhanın ölümündən sonra heç Rüstəm doxdurgilə başsağlığı da verə bilməmişdim. Bu yaxınlarda atandan xəlvət qaçaraq gedib onlara dəydim. Aman Allah, adam necə sarsılarmış, necə dəyişilərmiş. Əvvəlki adamlardan əsər-əlamət görmədim. Onun əvəzində evdə iki yerlə yeksan olmuş diri cəsəd gördüm. Deyirlər qəddar zaman hər şeyi yerinə qoyacaq. Amma nəyi qoyacaq, necə qoyacaq? Sənin yerinə, Sübhanın yerinə nəyi qoyacaq? Onlara da təskinlik vermək, sakitləşdirmək çox çətin idi. Bir az ürək-dirək verdim. Mənim də dərdimi bildiklərindən bəlkə də bir az ovundular. Hər halda dəhşətdir bala itkisi. Bir az da mərdimazar adamlar qanını qaraldanda lap çətin olur. Hər kəs özü üçün sakitcə yaşasaydı, onun-bunun işinə qarışmasaydı nə yaxşı olardı?! Sən narahat olma, bala, rahat yat! Hər şey yoluna düşəcək! Sənin üçün çox darıxmışam. Bədənim başdan-başa od tutub yanır, sızlayır sənin üçün. Bircə anlıq bağrıma basa bilsəydim səni! Otuzuncu məktub Ölümündən dörd il keçib qaragözlüm! Bu gün dördüncü dəfədir sənsiz sənin ad gününü qeyd edirik. Göz yaşları ilə. Bütün günü kövrəlib ağlayıram. Sənsizlik məni öldürür. Səni və mənim dərdimi unutmayanlar çətin anlarımda zəng vurub, mesaj yazıb dəstək olurlar. Mən də sevdiyin yeməklərdən hazırlayıram. Qonaqlarımız oldu. Çox adam “Yasin” oxuatdurdu. Nənəngil qəbir üstünə getdilər. Mən həmişəki kimi gedə bilmədim. Atan konfet alıb Sahiləyə verdi, dedi apar sinif yoldaşlarına payla. Ürəyim doldu-daşdı, vərəqlərə, sətirlərə boşaltdım: bu da sənin ad gününə mənim hədiyyəm oldu. Bu sətirləri yaza-yaza fikirləşirəm ki, həsrət qaldım, görə bilmədim necə böyüdüyünü, əsgər getdiyini, ali məktəbə girdiyini, utana-utana gəlib “qız sevirəm” deməyini... yandım, yandım... töküldüm. Bu günlərdə qohumlardan biri toy eləyirdi. Həmişəki kimi bayquş atan bizi toya getməyə qoymadı. Möhkəm dalaşdıq. Bir-birimizə hər sözü dedik – bütün layiq olmayan sözləri belə! Özümdən çox Sahilə üçün narahatam. Nə vaxta qədər bu qız könül əzabı çəkməlidir. Sağ olduğun vaxtlarda sən bezdiyin kimi yazıq qızda bezib. Həyatım boyu ataya bu qədər nifrət edən, eyni zamanda yazığı gələn övlad görməmişdim. Gözəl, mehriban, səmimi, mədəni bir ailədə böyüdüyüm üçün, nəvaziş gördüyüm üçün özümü qismən xoşbəxt sayırdım. Amma bacın? Necə özünü xoşbəxt saysın? Heyf, heyf ki, sizə bir xoşbəxt ailə verə bilmədim! Oğlum biz artıq kəndə qayıtmışıq. Atanla da möhkəm dalaşmışıq, danışmırıq. Sahiləni də doqquzuncu sinifdən çıxartdıq. Qorxuram texnikuma girməyə də qoymasın. Sağ olsaydın sənin üçün də heç nə eləməyəcəkdi. Sahiləyə elədiyinə dözsəm də, sənə elədiklərinə dözmədim. Heç sənin özün də dözməzdin. Əzizim, bağışla ki, neçə vaxtdı kənddə olmağıma baxmayaraq səni ziyarət eləyə bilməmişəm. İşim lap çoxdu, vaxt eləyə bilmirəm. Yalvarıram sənə oğlum, yuxuma gir, çox darıxıram. Atanı da yola gətir Sahiləni məktəbə qoysun. Sənsiz çox darıxıram, kaş yanımda olaydın. Otuz birinci məktub Salam həyatımın mənası, ürəyimin dərdi! Çoxdandı sənə məktub yazmıram. Inciməmisən ki? Elə bilmə ki, unutmuşam. Sən həmişə qəlbimdə, arzularımda, xəyallarımda, yuxularımda, göz yaşlarımda, ürəyimin ağrısında mənimləsən. Sənə məktub yazmadığım vaxtlarda çox şeylər olub. Başlayım ondan ki, biz artıq kənddə yaşayırıq. Əmingillə birlikdə. Aysellə Aygünün toyu oldu. Gözlərim səni axtarırdı. Aysel gözəl görünürdü. Günel, Rəşad ali məktəbə qəbul olunublar. Dostlarından bir neçəsi, o cümlədən Faiq dostun da əskərlikdədir. Gülsüm bibi qızı da rəhmətə getdi. İndi bəlkə də görüşürsünüz. Bir-birinizdən muğayat olun. Əsas demək istədiyim budur ki, bacın deyəsən aşiq olub. Sən hər şeyi görürsən, əgər yaxşı insandırsa xeyir-dua ver. Əgər pis insandırsa Sahilənin ondan ayrılmasına yardımçı ol. Birdən sözləri tutmaz, bacının qəlbi sınar. Dəniz, yadındamı, sənə yazmışdım ki, atan üçün Almaniyadan həkim gələsidi. Gəlmişdi. Diaqnoz qoyandan sonra bütün ümidlərim qırıldı. Ömürlük dərmana möhtac olan bir xəstəlik. Bircə təsəllim o oldu ki, qıraqdan haqsız danışanların səsi kəsildi. Daha danışmağa başqa söz axtaracaqlar, axı onlar vərdiş eləyiblər, xislətləri belədir. Ancaq onu da deməliyəm ki, atanda yaxşılığa doğru irəliləyiş var. Sağlamlığında da, xasiyyətində də hiss olunur. Bircə evimiz və işi olsaydı özümü qismən rahat hiss edərdim. Oğlum, həyat öz axarında davam edir. Bircə sən yoxsan. Canım qaragözlüm. Yoxluğun nəfəs aldığım hər anda özünü göstərir. Bizim hamımız və əskərlikdə olan bütün cavanlarımız üçün Allah yanında duaçı ol. Öpürəm! Otuz ikinci məktub Salam qaragözlüm! İllər, aylar necə də tez gəlib keçir. Tay-tuşların əskərliyə gedir-gəlir, ailə quranları da var. Kaş sağ olaydın, sən də əskərliyə gedib-gələydin. Bu günlərdə babanın altmış yaşı tamam olur. Görsən axır illərin dərdləri onu necə qocaldıb. Bu dərdlərin də ən ağrılısı sənsən Dənizim! Gülünün də toyu oldu. Toyda bacını görüb bəyənənlərdən biri əmingilə elçi gəlib. Əmin utana-utana mənə deyəndə dedim Sahilə hələ uşaqdır. Sən bizimlə olsaydın indi sənin də kimdənsə xoşun gəlmişdi. Kimsə də sənə göz qoymuşdu. Gözəl-gözəl qızlar arxanca baxıb köks ötürmüşdü. Elə mənim də gözlərim qızlar arasında ən gözəlini, ağıllısını, sənə layiq olanını axtarardı. Xonça bəzəyə bilmədim, bala! Çox istəyirdim desinlər ki, gəlir oğlan anası... daha orasını demirəm. Dəniz, qışı kənddə qalmaq çətindi. Xalan bizə onlarda qalmağı təklif edir. İki-üç ay onlarda qalacağıq. Axır vaxtlar səninlə bağlı qarışıq yuxular görürəm. Narahat oluram. Ürəyim partlayır. Xalana dedim “yasin” oxutdursun. Bilirsən indi radioda hansı türk mahnısını oxuyurlar: Bir ovuc torpaqsan, yorma özünü, Yalan, başqası yalan! Dünyada ölümdən başqası yalan Dənizim, bu yaxınlarda əlimə bir şeir keçmişdi. Bircə bənd şeir idi. Elə bil sənin üçün yazılmışdı. Ölümdən qabağa ömür var imiş, Ömürdən sonraya ölüm var imiş, Ölümdən o yana ölüm yox imiş – Ölümdən o yana ömür var imiş! Ölümündən sonra da sən ömür yaşayırsan, oğlum! Otuz üçüncü məktub Qaragözlüm, hələ də xalangildəyik. Burada olmağımz həm ona, həm bizə yaxşıdı, rahatdı. Xalan elə adamdı ki, bizə heç sıxıntı çəkdirmədi. Özümüzü evimizdəki kimi hiss edirik. Hərçənd evimiz yoxdu. Adına yemək hazırlamışam, yaşının üstünə bir yaş da gəldi. Bir görsəydin balacalar necə böyüyüblər. Nənəgil qəbir üstünə gediblər. Xalan səninçün bayram xonçası aparıb. Səni sevənlərin hamısı “yasin” oxutdurublar. Zahid böyüyüb cavan oğlan olub. Amma ağıl yox, mərifət yox, tərbiyə yox! Ona da yazığım gəlir, xalana da. Çox incidir valideynlərini. Sən belə deyildin, olmayacaqdın da. Sən tamam başqa bir uşaq idin. 8 martda da kövrəldim. Sənin hədiyyənə ehtiyac duydum. Bircə baxışların, təbəssümün mənim üçün dünyanın malına dəyərdi. Təbrik edən də oldu, hədiyyə verən də. Təkcə sən... kaş sağ olsaydın, hədiyyəm bircə səndən olaydı. Tez-tez yuxuda görürəm səni. Çox sevinirəm, heç olmasa yuxuda görürəm. Qabaqdan Novruz bayramı gəlir. Yenə göyə fişənglər atılıb atəşfəşanlıq olacaq. Yenə ürəyim parçalanacaq. Sənin sevincdən işıldayan gözlərini axtaracağam. Sənsiz necə darıxdığımı kaş biləydin. Fəryadımı ancaq sən başa düşərsən. Çox əsəbi olmuşam. Çətinliklərdən qorxuram. Sahiləni ürəyim istədiyi kimi oxuda bilmədim. Heç olmasa qalan şeylərini layiqli edim deyə çırpınıram. Otuz dördüncü məktub Yenə də kənddəyik. Yoluna, cığırına, daşına, qayasına nifrət elədiyim kənddə. Gələndən özümə gələ bilmirəm. Sənin qəbrinin burada olması mənə təsəlli verməsə ayağımı bura basmaq haqqında heç fikirləşmərəm də. Amma sənin qəbrin, ruhun buranı tərk eləməyə əbədilik qoymayacaq. Ürəyimin yarısını qara torpaq əbədilik qoynunda gizləyib deyə! Danmıram, vəziyyətin bu yerə çatmasında mənim də günahım böyükdür. Bu günahlara da məni atan təhrik elədi. Onun bu mənəviyyatsız, lazımsız, ikiüzlü, quru bir insana çevrilməsi məni dəli elədi. Sahiləyə yazığım gəlir. Heç yaxşı həyatı olmadı. Onun üçün duaçı ol. Yalvarıram sənə! Səni çox sevirəm! Otuz beşinci məktub Mehriban üzlüm, qaragözlüm! Sənsiz daha beş il keçdi. Kim bilməsə də sən bilirsən ki, bu beş il mənim üçün mənasız, məşəqqətli, acı dediyin qədər acı, misgin dediyin qədər miskin, ölümsüz-ölmədim, amma ölümlü qədər bir ömür yaşadım. Sabah nənəngil gələcəklər. Qəbir üstünə gedəciyik, yəni sənin yanına gələcəyik. Həmişəki kimi tək olmadım, yanımda adam çoxdu. Aysu, yoldaşı, baldızı və başqa qohumlar da gələcəklər. Adına yemək, firni, külçə, kətə hazırlamışam. Özləri də bilmədən bu ehsandan yemək qismətləri oldu. Həmişəki kimi Günayla Tellinin yadından çıxmadım, bu ağır günlərimdə mesaj yazıb təskinlik verdilər. Arada ürəyim partlamaq dərəcəsinə gəlir. Elə bilirəm daha dözməyəcəm. Amma insanın üzü bərk imiş. Bəlkə də Sahilənin varlığı mənim yaşamağıma səbəb olur. Hə, balam, sənə bir sevincli xəbər verə bilərəm. Bacın sənədlərini Sabir adına texnikuma verib. İndi burda təkəm, çünki bacın nənəngildə imtahana hazırlaşır. Sən cənnətdəsən bilirəm. Dualarınla kömək ol bacına, qaragözlüm. Sənə qismət olmadı, heç olmasa bacından görüm bu sevinci. Bilmirəm sənə görə bu sevinci yaşamadığımdandı yəqin ki, Sahilənin xəbərini eşidəndə çox da sevinə bilmədim. Niyə belə oldu Dəniz?! Niyə? Sənin üçün çox darıxdığımı təsəvvür edirsənmi? Barışa bilmirəm yoxluğunla! Yuxuma da girmirsən. Öpürəm bircə dənəm, ürəyimin ağrısı, dərdi! Otuz altıncı məktub Salam balam! Bəlkə ilk dəfədir ki, sənə sevincli bir xəbər yazıram: Sahilə Sabir adına texnikuma girdi. İndi deyəsən ora kollec deyirlər. Bacının necə sevindiyini görəydin! Sağ ol, dualarına görə, canım mənim. Ona hədiyyəm bilirsən nə oldu? Arzusunda olduğu gəzinti dolu bir gün yaşatdım ona. Səninlə xəyal eləyib gedə bilmədiyimiz yerlərə bacınla getdik. Sən də bizim ürəyimizdə bizimlə idin. Çox gəzdik, çox şeylər gördük, bəzi şeylərə gözüm açıldı, yəni görmədiklərimizi də gördük. Ramazan ayının əhya gecəsindəki dualarımı eşitdi Allahım. Onu deməmişdim axı – atan Rusiyadadı, şükür Allaha işi yaxşıdı. Dəniz, atan çox düzəlib, səhhəti də yaxşılaşıb, əvvəlkilərə baxanda xeyli dəyişib. Kaş yanımızda olaydın, sevincimizi bölüşə biləydik! Otuz yeddinci məktub Qurban olum, qaragözlüm! Bu gün atan zəng vurmuşdu. “Dənizi iki gündür yuxumda dəniz qırağında ağlayan görürəm” – dedi. Bu günlərdə Nuranəyə elçi gəlmişdi. Yaxşı oğlandı, ailələri də aristokrat ailəyə oxşayırdı. Əyan olubmu sənə? Köhnə sevdiyin qız o idimi? Bəlkə dəniz qırağında ona görə ağlamısan? Bilmirəm, bəlkə Oqtayla Gülərin toyunda yanımızda ola bilməyəcəkdin deyə ağlamısan? Başımı itirmişəm Dəniz! Ölümündən sonra birinci dəfə idi ki, qırmızı paltar geyindim. Necə oldu ki, o paltarı geyəndə sənin yoxluğunu unutdum, özüm də bilmirəm. Səhvi səhv dalınca edirəm. Deyəsən ağlım çaşır artıq. Təki Allah ağlımı əlimdən almasın. Bu yaxınlarda xalan məndən bir şey xahiş eləyib. Mən də razılaşmışam, amma tərəddüdlə! Bu anlaşılmazlıqda mənə yardımçı ol, qurban olum sənə! Üzüm ayağının altında, de görüm Sahilə tək qalmasın deyə bacıdan, qardaşdan biri olsunmu həyatımda. Gələcəkdə arxalanmağa, güvənməyə, dərdini, sevincini bölüşməyə. Təklik çətindi. Bu qərarı verməklə səni əvəz edəcək kimisə axtarmıram, inan! Sənin yerini kimsə doldura bilməz! Səni qəlbimdən kimsə çıxara bilməz! Amma bu gün ətrafımda bacı-qardaşlarımdan aldığım köməyi, güvəni gördükcə bacını da bu sevincdən, arxa-dayaqdan məhrum etmək istəmirəm. Çox darıxıram sənin üçün canım mənim, niyə qismətimiz ayrılıq oldu? Otuz səkkizinci məktub Salam qaragözlüm! Qohumlardan çoxunun toyu oldu. Allah hamının balasını xoşbəxt eləsin! Amin! Gözüm hər yerdə səni axtarırdı. Çox istərdim ki, səndən qismət olmayan fərəhi, sevinci heç olmasa bacından görüm. Bacının bir oğlandan xoşu gəldiyini bilirəm. Çox narahatam ki, bu işin axırı necə olacaq? İndi sevir, ona görə də dediklərimə əhəmiyyət vermir. Doğru deyirlər ki, məhəbbətin gözü kor, qulağı kardır. Elə həyəcanlıyam ki, bala, kaş xeyirli olsun. Allahdan ancaq arzum budur ki, xeyirlisi nədirsə o da olsun. Uzun müddətdir yuxuma girmirsən. Darıxıram balam, qurban olduğum, heç olmasa yuxuda görüşək. Axır çərşənbə babangilə gedib qəbrini ziyarət etdik. Sənsiz keçən növbəti Novruzda da xalangildə keçirdik. Sənsiz sevincimiz-şənliyimiz də ürəkdən olmadı. Dəniz, sənə demişdim bacının aşiq olduğunu. Çox qorxurdum. Hələ balacadı, aldanar, aldadarlar. İndi görürəm ki, sözləri tutmayıb. Sözün doğrusu sevindim. Yaxşı ki, vaxtında ayılıb. Tələsməyindən çox ehtiyat edirdim. Hələ pisi yaxşıdan ayıra bilməz deyirdim. Bilirsənmi bu yaxınlarda mənə nə dedi? Dedi Dəniz mənə yaxşı yol göstərə bilərdi! Səhvimi başa salardı. Bacın deyir ki, səhv hərəkətlərimlə Dənizi incitmək, küsdürmək istəməzdim. Sahilə birinci dəfə idi ki, mənimlə belə danışırdı. Demək sən hər zaman onunlasan! Qırxıncı məktub Salam gözümün yaşı, ömrüm, yarımçıq qalan arzularım, ağıllı balam, Dəniz! Taytuşların artıq böyüyüblər. Amma sənin kimi deyillər. Sən başqa idin. Çox ağıllı, təmkinli, bacarıqlı idin (onu da deyim ki bütün analar balalarını elə belə bilir). Sən özünə hörmət qazanmış bir oğlan olmuşdun. Heyf səndən bir dənəm, heyf... Dəniz, sənə çoxdan gözlədiyimiz, həsrətində olduğumuz bir xəbəri demək istəyirəm. O xəbəri ki, ömrün boyu gözləmişdin, arzulamışdın. Heyf ki, görmək, sevinmək sənə qismət olmadı. Biz ev aldıq. “Qurtuluş” yaşayış sahəsindən kreditlə ev götürdük. Pulunun bir qismini ödəmişik, qalanını da Allahın köməkliyi ilə aybaay ödəyəcəyik. Şükür Allaha ki, axır öz evimiz oldu. Əsas xəbərim isə namaz qılmağa başlamağımdı. Allaha tərəf addımladım, qurban olduğum məni yarı yolda qoymadı: evlə sevindirdi. Sən də məni bağışla oğlum. Bilirəm ki, ölümündə günahkar mənəm. Bağışla məni, mən özümü bağışlaya bilmirəm, sən bağışla... Dənizim! Sahilənin elçisi gəlmişdi. Deyə bilmərəm ki, arzuladığımız adamlardı. Hələ bir qənaətə gəlmək tezdir. Ancaq mənə elə gəldi pis adamlar deyillər. Ya qismət! Sadə, səmimi insanlara oxşayırdılar. Oğlan haqqında sənə yazmışdım. Anası da gülərüz, sadə, mehriban qadın təsiri bağışladı. Elə Sahilə fason bir qadındı. Amma dərhal “hə” demədik. Bəzi problemləri var. Dedim həll eləyib sonra gəlsinlər. Ümid edirəm ki, bacın xoşbəxt olar inşallah. Sənin yaşıdların çoxu ailə qurdu, xoşbəxt olsunlar. Sən isə... Qırx birinci məktub Ömürm boyu ehtiyacım olan balam, həsrət qaldığım Dənizim! Dünən bacının sevib-seçdiyi oğlanın ailəsi ilə tanış olduq. Hamının xoşuna gəldi. Atanı da Rusetdən şağırıb gətizdirdim. Oğlan onun da xoşuna gəlib. Sadə, səmimi insanlardı. O oğlanda səni xatırladacaq nəsə var hər halda mənə elə gəldi. Bəlkə belə arzuladığıma görə özümü inandırmaq istəyirəm. Bacının sənin xeyir-duana ehtiyacı var. Allah dərgahında duaçı ol onun üçün. İlqar üçün də elçi gediblər. Biz də inşallah ayın axırında bacının “həri”sini verəcəyik. Bacın üçün üzük götürərik. Yanımızda olsan birlikdə seçərdik. Yanımızda olmasan da ruhən bizimləsən. Səni çox sevirəm, çox darıxıram sənsiz! Bi gün Xəyalənin ad günüdür. Heç olmasa yuxusuna gir, sevindir onu! Qırx ikinci məktub Çoxdandı sənə məktub yazmıram, yəqin məndən incimisən. Əslində dərddən, qəmdən başqa yazılası bir çey yoxdur. Bircə təsəllim oldu ki, bacının nişanı oldu. Sənsiz “sənli” məclis keçirdik. İncə, zərif barmağına “nişan üzüyü” taxıldı (sənə nəsib olmadı). Hamı təbrik elədi, dedi-güldü, şənləndi. Bir sən yox idin aramızda Dənizim! Bircə sən öpmədin bacını, oxşamadın saçını, üzünə baxıb gülmədin, rəqs eləmədin, gözəl, xeyirli sözlər söyləmədin. Hardasan oğlum? Bacının toyu olacaq. Qu quşu kimi bəyaz gəlin paltarında bəyin yanında oturacaq. Hamı maraqla onlara baxacaq. Kimi sevgi ilə, kimi həsədlə. Xoşbəxtlik arzulayacaqlar: kimi ürəkdən, səmimi, kimi də boğazdan yuxarı – xala xətrin qalmasın. bacının gözləri dolacaq, şirin göz yaşları yanağına süzüləcək. Deyirlər sevincdən axan göz yaşları şirin olur. Təki həmişə sevinc içərisində olsun bacın. Ürkək baxışlarla Sahilə ətrafa boylanıb səni axtaracaq. Kim onu yola salacaq? Xeyir-duanı kim verəcək? Belini kim bağlayacaq? Kim deyəcək: “Xoşbəxt ol bacım”? Hardasan balam?! Heç olmasa yuxularına gir. Gül camalını görsün sənin! Qucaqlasın, öpsün, oxşasın saçını. Sən də onu qucaqla, bağrına bas. Həsrətlə qoxlasın səni! Baxsın gözəl gözlərinə. Yuxularda olsa belə ona uğur dilə. De ki, “günlərin xoş olsun, getdiyin yerdə də, yerə də hörmətin olsun. Onlar sənə ömürlük ailə olsun. Evinizdən körpə səsi gəlsin. Sevincli günlərdə də, kədərli günlərdə də bir-birinizin əlindən möhkəm tutasınız. Dayaq olasınız. Qəlbləriniz, arzularınız bir olsun!” Əziz balam! Görürsənmi heç olmasa yuxuda səni görsələr bir az təsəlli taparlar. Elə mən də sevinərəm. Sənsiz səkkiz il keçdi, hardasan Dənizim?! Yerin cənnət olsun! Amin! Xeyirli günlərimdə yanımda olmayan balasına – ürəyi qan ağlayan Anasından! Qırx beşinci məktub Hə, balam, bu da 2020-ci il. Sənin iyirmi beş yaşın olur. Bu yaşda mən sənin toyunu eləməliydim, qaragözlüm! Sən əskərliyə getməliydin, ali məktəbi qutarmalıydın, sevib-sevilməliydin. Qismət olmadı. Bu illər ərzində çox gözüyaşlı analar gördüm. Şəhid analar gördüm. Şəhid anaları! Onların nələr çəkdiyini şəhid analar kimi, məni kimi analar bilər. Allah şəhidlərimizə də qəni-qəni rəhmət eləsin, yerləri behişt olsun. Vətən uğrunda, torpaq uğrunda ölmək özü bir şərəfdir... və ölməzlikdir. Dənizim! Bu il çox dəhşətli gəldi. Hələ belə olmamışdı. Deyirlər mart gəldi, dərd gəldi. Bu mart deyildi, bu dərd deyildi: “Koronavirus” deyilən bir bəla idi. Adına dərd deyilsə də məncə insanlara dərs “gəldi”. “Allahı tanıyın” mesajı verildi: baxın, ey acgöz insanlar, pulun rol oynamadığı zaman gəlib. Pis cəhəti o oldu ki, qəbrini ziyarət eləyə bilmədim. Halva bişirib payladım. Ömürm boyu unuda bilmiyəcəyim Dənizim! Yorulmuşam daha. Güvəndiyim, əl tutduğum, yaxşılıq elədiyim, dar günündə əllərindən tutduğum insanlar həmin əllərlə arxamdan bıçaqlamağa çalışırlar məni. Bax belələrini görməkdən yorulmuşam, usanmışam, bezmişəm. İçim içimi gəmirir, çölüm çölümü... həm də atalar demişkən özgəni. Dilim bağışlasa da dəniz kimi sakit olan ürəyim bağışlamır. Yaralanmış, parçalanmış, qırılmış ürəklərin müalicəsi olmurmuş məgər? İnsanların saxta, nankor sifətlərini gördükcə hisslərimdən, duyğularımdan utanıram ki, bir zamanlar bunlara inanmışam, etibar eləmişəm, güvənmişəm. Kaş geriyə qayıda biləydim – bu səhvləri eləməzdim. Amma bu naxələf ürək ki, məndə var bunlardan da betərini eləyəcəkdim. Bacardığım qədər daha böyük yaxşılıqlar edərdim. Qarşımdakını yenə özüm kimi saf, təmiz bilərdim. Heç vaxt vicdanımı itirməzdim. Həyat deyilən bu yolda çox şeylər gördüm Dəniz! Daha yorulmuşam, çox yorulmuşam. Bu il “Məzun günü” də olmadı. Hələ bizi nələr gözləyir o da bəlli deyil. Sağ qalsam yenə də məktub yazacağam, oğlum! Səndən cavab gələnə qədər, sənə qovuşana qədər, ömrüm bitənə qədər! Bu dünyanın üzü qara, O dünyanın özü qara, Biri ömrümüzü yeyir Biri özümüzü yeyir! Bu il toyunu etməli idim, əziz balam. Hələ ölkədə toy etməyə də icazə vermirlər. Bacının da toyu hələ qalıb. Hələlik, həyatım. Yazgül gecədən xeyli keçənə qədər oğluna növbəti məktubu yazdı, məktubu sətirlər arasına tökülən göz yaşları ilə birlikdə büküb albomun arasına qoydu. Yatağına girib gözünü tavana zillədi. Nə vaxtsa yuxuya gedəcəkdi... oğlunu yuxuda görmək arzusu ilə. P.S. Real həyatda belə oxşar hadisələrin olması mümkündür. Təsadüfən üst-üstə düşən adlar, hərəkətlər, münasibətlər, oxşarlıqlar ola bilər. Müəllif bunları nəzərə almağı xahiş edir.