Qulamhüseyn Əlibəyli: “Ermənistan bu cinayətlərə görə görə beynəlxalq tribunal qarşısında məsuliyyət daşımalıdır”

“Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələri tərəfindən bütün cəbhə boyu Azərbaycanın yaşayış məntəqələrinin, mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alaraq atəşə tutulması və bunun da nəticəsində mülki şəxslərin həlak olması, yaşayış evlərinin və digər mülki obyektlərin dağıdılması beynəlxalq hüquq normalarının kobudcasına pozulması və müharibə cinayəti hesab olunur”. Bu fikirlər Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur. Partiya sədri bildirib ki, Beynəlxalq Humanitar Hüquq və bu hüququn əsasını təşkil edən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar, habelə BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə və obyektlərə hücumu qadağan edir: “Adı çəkilən sənədlər hərbi konfliktlər zamanı döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən digər şəxslərin, yəni mülki əhalinin müdafisinə yönəldilib”. Q.Əlibəyliyə görə, Cenevrə konvensiyaları mülki əhalinin və mülki obyektlərin müdafiəsini təmin etmək məqsədilə mülki əhali ilə hərbi əməliyyatların bilavasitə iştirakçılarını fərqləndirməyi konflikdə iştirak edən tərəflərdən tələb edir,  bütövlükdə mülki əhaliyə və ayrı-ayrı dinc sakinlərə hücumu qadağan edir. Hücum yalnız hərbi obyektlərə edilə bilər. “Ermənistan tərəfi hərbi əməliyyatların keçirildiyi əraziyə aid olmayan yaşayış məntəqələrini və mülki obyektləri birbaşa hədəfə almaqla dinc əhalini məhv etmək, mülki infrasutruktur obyeklərini daşıtmaq məqsədi güdür və bununla da beynəlxalq xarakterli cinayət əməli törədirlər və bu cinayətlərə görə görə beynəlxalq tribunal qarşısında məsuliyyət daşımalıdırlar”.