27 illik nisgilə bu yaxınlarda son qoyacaq yubilyar

Elbəyi CƏLALOĞLU   Onunla tez-tez görüşürəm. O, millətinin dəyərli oğullarını sevir, çünki özü də dəyərlilər sırasındadır. O, millətinin, milli dövlətinin, milli-mənəvi sərvətlərimizin, mədəni dəyərlərimizin, milli dövlət atributlarımızın vurğunudur. O, dövrümüzün ləyaqətli, haqpərəst insanlarındandır. Səxavətlidir, milli ruhda fəaliyyət göstərən bir çox insanlara və təşkilatlara, ürəyəyatımlı layihələrin həyata keçirilməsinə hər zaman dəstək olub və olmaqdadır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındankı 7 rayon erməni terrorçuları tərəfindən işğal olunduqdan sonra üzünü qırxmaqdan imtina etdi, saqqal qoydu. Səbəbini soruşduğumda dedi ki, Qarabağ işğaldan azad olunmayınca saqqalımı qırxmayacam, hətta təxminən bir il öncə ümidsizcəsinə onu da dedi ki, yaşım çoxalıb, o dünyaya saqqallı getmək istəmirəm. Əslində bu o demək idi ki, torpaqlarımızın işğaldan azad olunmasını görmədən o dünyaya getmək istəmirəm. Bəli, müqəddəs arzudur. Bu gün isə onun arzuları çin olmaq üzrədir. Rəşadədtli Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməkdə, erməni terrorçularını ərazilərimizdən birdəfəlik qovmaqdadır. Hesab edirəm ki, qəhrəman əsgərlərimiz Şuşaya üçrəngli, ay-ulduzlu bayrağımızı sancanda o, saqqallı ilə vidalaşacaq. Bəhs elədiyim şəxsiyyət – Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Hüseyn Artıkoğludur. Hüseyn müəllim həm də dəyərli ziyalı, qiymətli dostdur, fərqli, özəl bir dünyagörüşünə malik insanıdır. Bu gün, oktyabrın 5-də hörmətli Hüseyn müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə yubilyara ən gözəl arzularımı ünvanlayıram. Sağlam ol, yüz yaşa, Hüseyn müəllim, tezliklə yuxarıda qeyd etdiyim müqəddəs arzularına qovuşasan, 27 illik nisgilinə son qoyasan!.. Sonda isə 10 il öncə yubilyarın 60 illik yubileyi münasibətilə qələmə aldığım şeiri təkrar xatırladıram:   Artıkoğlu, nəzər saldın arxana, Gənc ürəyin naza doğru çağırdı. Bir gözəlin eşqi başa vuranda, Həvəs səni qıza doğru çağırdı.   Aldanmadın, amma dünya nəfsinə, Qulaq asdın gerçək ərən səsinə. Bələd idin Həqiqətin bəhsinə, Doğru yola, rizə doğru çağırdı.   Ehtirası yandırıb eylədin kül, Həzz vermədi nə bir çiçək, nə bir gül. Tanrı eşqi nur topladı bir könül, Üzə doğru, gözə doğru çağırdı.   Mərhəmətin bəyan oldu ellərə, İmam adın düşdü dildən dillərə. Bir baxsana sevgi dolu illərə, Ömür səni yüzə doğru çağırdı.   Cəlaloğlu könül verdi pirlərə, Agah oldu Haqq yolunda sirlərə. İnan billah, Tanrı səni dürlərə – Haqqı deyən sözə doğru çağırdı.   Bakı, 05 oktyabr 2020-ci il.