Qulamhüseyn Əlibəyli: "Fransa daim Ermənistanın işğalçılıq siyasətini müdafiə edib"

 “Azərbaycanın ordusunun işğalçı Ermənistanı torpaqlarımızdan çıxarmaq üçün həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları kontekstində Fransa Prezidenti Makronun mövqeyi və hərəkətləri, nə qədər acı olsa da, təəccüblü görünməməlidir”. Bunu Fransa Prezidenti E.Makronun son açıqlamalarına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri qeyd edib ki, Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü başlandıqdan sonra Fransa bir dövlət kimi bütün gücünü və imkanlarını səfərbər edib ermənilərin haqsız mövqeyinin, işğalçılıq siyasətinin müdafiəsinə qalxıb. Hətta vasitəçi dövlət kimi Minsk qrupunun həmsədri olduqdan sonra da ATƏT-in mandatını pozaraq işğalçı Emənistana açıq və birmənalı dəstək verib və bununla da münaqişə tərəflərindən birinə yanaşmada balansı nümayişkəranə şəkildə pozub. Yəni Fransa bir dövlət kimi daim təcavüzkarın yanında olub və ona dəstək verib, bir növ onun tərəfdaşı kimi çıxış edib. Makron da Fransanın özündən əvvəlki prezidentləri kimi dövlətinin bu siyasətinin icracısıdır. Daha kobud, daha naşı və daha ədəbsiz formada.

Q.Əlibəyli daha sonra bildirib ki, ordumuzun növbəti təcavüz cəhdini dəf edərək əks-hücum əməliyyatlarına başladığı  gündən indiyədək Fransa prezidentinin tutduğu mövqe, verdiyi açıqlama və bəyanatlar həm də bütövlükdə türk və müsəlman dünyasına necə irqçi və rasist yanaşdığının göstəricisidir.

“Tezliklə işğal olunmuş torpaqlarımızın  tamamilə azad olunması, erməni hərbi birləşmələrinin və quldur dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması Makrona və Ermənistanın onun kimi digər tərəfdaşlarına ən yaxşı cavabımız olardı” – deyə partiya sədri öz fikrini yekunlaşdırıb.