Parlamentdə deputat yerlərinin sayı artırıla bilər

Milli Məclisin payız sessiyasının ilk iclasında hakimiyyətə yaxın deputatların bəziləri Milli Məclis üzvlərinin sayının artırılmasının vacibliyi məsələsinə toxunublar. Bundan sonra belə fikirlər yayılıb ki, növbəti il ölkədə referendum keçiriləcək, konstitusiyaya dəyişikliklər ediləcək, parlamentdə deputat sayı artırılacaq. Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a şərhində bildirdi ki, hazırda ölkədə bir nömrəli məsələ vətən müharibəsi, Qarabağın işğaldan azad olunmasıdır. Ona görə də, şübhəsiz ki, yaxın dövr üçün referendum keçiriləcəyini gözləmək yanlış olardı: “İnşallah vətən müharibəsini qələbə ilə başa vurduqdan sonra ilk işlərdən biri refetrendum keçirib Milli Məclis üzvlərinin sayının artırılması və seçki sisteminin dəyişdirilməsi olacaq. Milli Məclis üzvlərinin sayının artırılması təklifinin hakimiyyət deputatları tərəfindən irəli sürülməsinə sevinirik. Bu, o deməkdir ki, hakimiyyətdə də deputatların sayının artırılmasının lazım olduğu barədə fikirlər var. Bir neçə ildir müxalifətdən parlament üzvlərinin sayının artırılması təklifləri irəli sürülürdü. Hətta rəsmi şəkildə təkliflər paketi də hökumətə verilib.  Lakin məsələyə hakimiyyətdən müsbət reaksiya olmurdu. İndi ola bilsin ki, hakimiyyətdə də bu məsələnin həyata keçirilməsinin vaxtının çatdığı haqda düşüncə var. Biz hesab edirik ki, deputatların sayı ən azı 151 və ya 155-ə artırılmalıdır. Çünki Azərbaycan əhalisinin sayı 7 milyon nəfər olanda da deputatların sayı 125 idi, indi 10 milyon nəfərik, hələ də deputatların sayı 125-dir. Azərbaycanda seçicilərin sayı 5 milyondan yuxarıdır. 125 deputat bu qədər seçicini səmərəli təmsil etmək baxımından azdır. Deputatların sayının az olması vətəndaşların təmsilçiliyini məhdudlaşdırır. İndiki tərkiblə orta hesabla 40-45 min seçiciyə bir deputat parlamentdə təmsil olunur. Amma Milli Məclis üzvlərinin sayını 150-dən yuxarıya artırsaq, 30-35 min seçicini bir adam təmsil eləyəcək. Bu da xalqın dövlətin qanunverici orqanda təmsillçiliyinin artması deməkdir, həmçinin deputatların seçicilərin problemləri ilə daha səmərəli məşğul olmasına səbəb olacaq. İş yükü daha çox deputatın üzərində bölüşdürüləndə görülən işlərin effektivliyi də artar. Bütün bu və digər məsələləri nəzərə alanda görürük ki, Milli Məclis üzvlərinin sayının artırılmasının böyük əhəmiyyəti olar. Yəni Milli Məclis üzvlərinin sayının artırılmasının heç bir neqativ tərəfi yoxdur. Əslində gərək illər öncə biz bu məsələni həll etməliydik". T.Abbaslı hesab edir ki, refertendum keçiriləcəksə, deputatların sayının artırılması ilə yanaşı ölkədə proporsional seçki sisteminin bərpa olunması məsələsi də qoyulmalıdır və həllini tapmalıdır. Çünki ölkədə çoxpartiyalı sistemin güclənməsi, partiyaların güclənməsi üçün bu vacibdir: “Majoritar seçki sistemi Milli Məclisə siyasətdən başı çıxmayan, təsadüfi insanların da düşməsinə gətirib çıxarır. Bu kimi neqativlərin qarşısının alınması üçün də proporsional seçki sistemi bərpa olunmalıdır. İlk vaxtlarda qarışıq sistem ola bilər. Bir müddət sonra isə tamamilə proporsional sistemə keçə bilərik”. “Yeni Müsavat”