Bir dəfə Bakıxanovda

Əcnəbi sözlər, ticarət, xidmət obyekti adları Bakını, eləcə də digər şəhərlərimizi prospekt-prospekt, küçə-küçə fəth edir. Müqavimətsiz. Dövlət dilinə sahib çıxan yoxdur. Sanki Azərbaycan dili dəyər deyil. Bir başqasınındır. Kimsə başqası ona sahib çıxmalı, təəssübünü çəkməlidir. Hər şey pul qazanma qayəsinə xidmət edirmiş. Dünya böyük mədə və udlaq sahiblərinin sərəncamındadır. Bu gün elə Azərbaycan dilinin hülqumu da onların əlindədir. Bakının küçələrində Azərbaycan ruhu yoxdur. Azərbaycanın ürəyi döyünmür. Azərbaycan Respublikasının dövlət  dili haqqında qanunu işləmir, Prezidentin fərmanına etina edilmir. Harada olduğunu unudursan. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında (18 iyun 2001-ci il) deyilir ki, “kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”. Bu mənfi təsir azı 19 ildir davam edir. Kimə deyirsən? Hər yazımızda, hər bir monitorinqimizin sonunda dil haqqında bu qanunu nəzərə çatdırmağı borc bilirik. Bəlkə, şəhərimizin küçə və prospektlərində ana dili əvəzinə əcnəbi dilindən istifadə edərək daha çox qazanc əldə etmək istəyənlərin dil haqqında  qanundan xəbərləri yoxdur? Ona görə də Qanunda öz əksini tapan dil haqqında həmin maddəni bir daha xatırladırıq: Maddə 7.1  Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.       Aparılan monitorinqlərin nəticəsindən bəlli olur ki, əgər lazımi tədbirlər görülməsə, paytaxtımızda əcnəbi dillərin ana dilimizi sıxışdırması prosesi davam edəcək. Bu halın qarşısının alınması üçün hər kəsi dilimizin qorunmasına dəstək olmağa çağırırıq. Aşağıdakı fotolar Bakıxanov qəsəbəsində çəkilib.