FADMM, bu da dil məsələsidir

 Kompüterdə çoxlu mətnlər yazıram, mətnlə işləyənlər (? – mətndə sual işarəsi kompüterin bu sözü bu şəkildə tanımadığını (?) bildirir – F.A.) bilir ki, Microsoft Word proqramları (və ya MS Word - MS Vord) sözlərin düzgün yazılışına avtomatik nəzarət edir. Bu, korrektura səhvlərindən (?) qorunmağa çox kömək edir, əvvəllər mətnin korrekturasını diqqətlə oxumaqdan çox əziyyət çəkirdik. Birinci, ikinci, üçüncü... korrektura oxunurdu. Uzun bir proses idi. İndi Vord proqramı səhvsiz yazmağa imkan verir, bizi korrektura əziyyətindən xilas edir. Amma... Vord proqramının Azərbaycan seqmenti spesifik yerlərdə səhv tapır. Bəlkə də, “error” verir.  Mövzu ilə bağlı axtarışlar etdim. Bir mənbə deyirdi: “Microsoft Office" Word 2003-də Azərbaycan dilində mətn yazanlar üçün əvəzolunmaz proqram təminatıdır. Əgər fikir vermisinizsə (?), "Office Word"-də mətn yazarkən sözlərin altından qırmızı xətt çəkilir. Bu da Orfoqrafiya yoxlamasının ingilis dilində olması ilə əlaqədardır. Bizim proqramı yazdıqdan sonra Azərbaycan dilində yazılmış və buraxılmış səhv sözlərin altında qırmızı xətt olacaq və sizə sözün düzgün forması təklif olunacaq”. Amma proqram sözün düzgün formasını təklif etmir. Sadəcə, səhv hesab etdiyi sözlərin altından qırmızı xətt çəkir. Xüsusən, feilin təsrif formalarının, zaman və şəxs şəkilçilərinin işləndiyi sözlərin. Ya da sözü kök və şəkilçiyə ayıraraq göstərir. Daha sonra, mənbə yazır: “Proqram Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün istifadə olunur və "Microsoft Word 2000/XP/2003"-ü dəstəkləyir. Dəstəkləyirsə, düz yazılmış sözü niyə “error” hesab edir? Haşiyə. İntensiv işlədiyim illərdə ingilis dilində yüzlərlə tərcümə mətni yazırdıq, korrekturanı kompüter özü düzəldirdi, o illərdə kompüterdən, Vorddən xəbərsiz “müdir məmurlar” dönə-dönə tapşırırdı ki, korrekturanı yaxşı oxuyun ha, səhv getsə... Sonra da töhmət və qonorarın kəsilməsi gəlirdi gündəmə. Amma səhv getmirdi, əlahəzrət Komp köməyimizə çatırdı, biz də bunu gizlədirdik... Ki, “korrektura oxumaqdan gözümüzün işığı gedir”. Qonorara əlavə də lazımdı-filan. İndi budur, “əlimi suya toxundurmaqla” ifadəsini yazmışam, komp altından xətt çəkir ki, “toxundurmaqla” səhvdir, “toxuşdurmaqla” olmalıdır. Bilməm, niyə? “İşlədiyimiz yerdə” ifadəsini yazıram, komp altından xətt çəkir ki, “işlədiyimiz” sözü səhvdir, “işədiyimiz” olmalıdır. Niyə? Düzgün formanı da təklif etmir ha... Və ya “dediyimdən, yazdığımdan, aldığımdan...” tipli yüzlərlə sözü çıxışlıq halda tanımır, deyir ki, yerlik halda olmalıdır (?), yəni, çıxışlıq halı tanımır, niyə? “Hazırlaşırdım” sözündə sonuncu “m” şəxs şəkilçisini tanımır, bütöv sözün altından xətt çəkir ki, səhvdir. Gümanım yüz yerə gedir, bəlkə şəkilçiləri tanımır, dilimiz şəkilçili dildir, axı. Güman edirəm ki, bu “error” iddiası dilimizin qrammatikasınadır (?), Vordun Azərbaycan seqmenti mükəmməl deyil, yoxsa bu sözləri niyə səhv hesab edib altından qırmızı xətt çəksin. (Özü də qırmızı! Mən qırmızıdan yaman qorxuram. Çünki bu, qırmızı ilə yazılan “beş” deyil). Məsələn, sadəcə bu saat əlimin altında olan müxtəlif mətnlərdən misallar: “görüşlərimizdə, dediklərini, soruşurdular, ətrafındakıları, hirsləndirirdi, qaldırılmamışdı, edilməmişdir, araşdırılmalıdır, buraxılmasından, məhdudlaşdırıcı, azlıqların, ölkələrindəki, uyğunlaşdırılmışdır, xidmətlərindən, doğulduğunu, uyğunlaşdırdım, olunmasını” və s. Hələ bütöv kitabda nə qədər belə səhvlər tapır? Bu sözləri Vord niyə səhv hesab edir, cənab proqramçılar? Dilimiz aqqlütinativ dildir, “aqqlütinativ dillərdə söz formaları aqqlütinasiya yolu ilə düzəlir. Aqqlütinativ dillərə aqqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni, sözdüzəltmə (derivasiya) və qrammatik, yəni, sözdəyişmə (relyasiya) əlaqələri, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur”. Proqramçılar bilər, kompüter proqramlarının – bizim istifadəmizdə MS Vordun Azərbaycan seqmentini hazırlayarkən (Vord bu sözü də tanımır, altından xətt çəkir, sözü iki yerə bölməyi təklif edir – hazırlayar+kən) bu məsələ necə həll olunur? Proqram gül kimi şəkilçilərimizi (?) niyə tanımır? Bəlkə, tanıtdırmamısız? (?) Yaddaşına verməmisiz? (?) Şəkilçisiz necə yazaq? Mənsə yazıda, mətndə çox konservativəm, bircə səhvin də olmasını istəmirəm. Bəzən üsluba uyub, qrammatika ilə yazmasaq belə, cümləmizin möhkəm bir qrammatik zəmini var. Amma bu kompüter proqramları bu zəmində niyə “error” tapır?