Müttəfiqsiz Ermənistan və ya dalana dirənmiş siyasət...  

Xanoğlan Əhmədov İyul ayının 12-də işğalçı Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində bölmələrimizin yerləşdiyi mövqelərimizi atəşə tutması nəticəsində layiqli cavablarını alsalar da düşmən məkrli niyyətindən əl çəkmək istəmir. Görünür, mənfur qonşumularımıza 2016-cı ilin “aprel dərsləri” yetərli olmayıb, yeni “dərslər” lazımdır. Halbuku aprel döyüşləri bütün Ermənisatnı və dünya ermənilərini əməlli-başlı vahimələndirmişdi. Məsələn, həmin aprel döyüşləri ilə bağlı erməni eksperti Karapet Kalençyan çox həyəcanlı şəkildə yazırdı: “Necə oldu ki, düşmən qoşunu cənubda bir neçə postu ildırım sürətilə götürməyə nail oldu? Hansı ki, bu postların yan-yörəsində həm piyada, həm də tank əleyhinə minalı sahələr var idi. Bununla yanaşı, orada döyüşçülərimiz itkin düşdülər. Hara yox oldular, başlarına nə gəldi – indiyədək bilmirik”. Hazırda dövlətimizin,  respublika prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq günü-gündən qüdrətlənən ordumuza xalqımızın inamı günbəgün artmaqdadır. Bunu hazırda cəbhəyə könüllü getmək istəyənlərin siyahısını incələyərək də açıq görmək mümkündür. Artıq bir neçə gün ərzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması yüksək səviyyədə təşkil edilib. İstər paytaxt Bakıda, istərsə digər şəhər və rayonlarda, qəsəbə və kəndlərdə Vətən uğrunda döyüşə getmək istəyənlərin sayının çoxluğu,  xüsusən gənclərimizin təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir. Bu həm də Ordu-Xalq həmrəyliyinin bariz nümunəsidir. Müdafiə Nazirliyi tərəfindən ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək saxlanılması istiqamətində işlərin həyata keçirilməsi, ordumuzun müasir silah-sursat, texnika ilə peşəkarcasına davranması yönümündə hərbi təlimlərin keçirilməsi onu deməyə əsas verir ki, düşmən üzərində QƏLƏBƏ çox yaxındadır. Prezident İlham Əliyev də bütün çıxışlarında işğal altındakı bütün tarixi torpaqlarımızın azad edilməsi barədə fikirlərini olduqca aydın şəkildə ifadə edib: "Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır. ...Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad etməli və ermənilərdən qisas almalıyıq...". Bir məsələni xüsusilə qeyd etmək istəyirəm, həm 2016-cı ili aprel döyüşləri, həm də son Tovuz hadisələri onu göstərdi ki, Ermənistanın nə MDB məkanında, nə də Avropada faktiki müttəfiqi var. Ermənilərin özlərinin də etiraf etdikləri kimihəm fiziki, həm də siyasi müstəvidə mühasirədə”dirlər. “Ermənistan Avropa Şurasının, AŞPA-nın, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü kimi bu qurumların heç birindən dəstək almadı. Hətta AŞPA sədri Pedro Aqramaunt yenidən qızışmış münaqişə xüsusunda təzədən Azərbaycanın ərazi bütövlüyü haqda açıqlama verdi. Lukaşenko və Nazarbayevin mövqeləri isə artıq məlumdur. Ermənistan hökuməti bunlara uyğun olaraq öz siyasətini kökündən dəyişməlidir. Zaman irəli gedib. Bizim xarici siyasətimiz keçən əsrin 60-cı illərinin səviyyəsində qalıb”- bu fikirlər də erməni ekspertin 2016-cı il aprel döyüşləri ilə bağlı gəldiyi qənaətidir. Sonda bildirmək istəyirəm ki, əgər ermənilər özləri təşvişdədirlərsə, Ermənistanda Paşinyan hakimiyyəti günbəgün süquta uğrayırsa, Azərbaycan yaranmış siyasi şəraitdən maksimum yararlanmalıdır.