Qələbəyə doğru bir addım!

Sovet İttifaqı dövründə rəhbərlikdə Heydər Əliyev amili uzun illər ermənilərə öz mənfur, separatçı niyyətlərini reallaşdırmağa imkan verməmişdir. Lakin Heydər Əliyev məqsədyönlü şəkildə siyasi bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi haqqında iddia qaldırdılar. Keçmişə nəzər salsaq görərik ki, o vaxtkı Azərbaycan Kommunist İttifaqının birincı katibi olmuş,1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun on iki üzvündən biri,SSRİ Nazirlər Kabinetinin birinci müavini kimi çalışmış ümummilli liderimiz Heydər Əliyev cənabları Moskvada fəaliyyətini davam etdirməyə başladığı gündən SSRİ-nin o vaxtkı rəhbəri ,ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı qərəzli mövqeyini ifşa etmiş və buna qarşı daim mübarizə aparmışdır. Xatırlatmaq yerinə düşərdi ki,məhz həmin dövrdə M.S.Qorbaçovun himayəsi altında Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi komitə yaradılmış və həmin komitəyə M.S.Qorbaçov öz köməkçisi Arkadiy Volskini məqsədyönlü şəkildə sədr təyin etmişdir.Elə bu özü danılmaz faktdır ki,Qarabağın Azərbaycandan qoparılması əvvəlcədən hazırlanmış planın bir hissəsi idi. Məhz Qorbaçov kimi himayədarların rəhbərliyi və göstərişi əsasında  1992-ci il,fevralın 26-da erməni separatçıları ilə birlikdə 366-cı motoatıcı alayın Xocalıda törətdiyi ,bəşər tarixinə sığmayan,insanlığa ləkə gətirən,əsrin görünməmiş faciəsi törədilmişdir.Ermənistanın hazırki Baş Naziri N.Paşinyanın bir neçə dəfə Dağlıq Qarabağ Muxtar Vilayətinə məqsədyönlü səfəri bir  daha sübut edir ki,Ermənistan Azərbaycana qarşı öz çirkin niyyətindən əl çəkməmişdir. Tovuz hadisələri Ermənistanın bir daha işğalçı,separatçı  dovlət olduğunu bütün dünyaya nümayiş etdirdi və bir daha göstərdi ki, Ermənistan rəhbərliyi təkcə Dağlıq Qarabağda deyil, Azərbaycanın bütün sərhədboyu ərazilərində elan olunmamış müharibə aparır. Bütün bu illər ərzində Ermənistan tərəfindən törədilən misli görünməmiş vəhşiliklər, vandalizm Azərbaycanı öz sülhsevər mövqeyindən yayındırmamışdır. Azərbaycan demokratik dövlət olaraq mövqeyini daim qoruyub saxlamış, danışıqlara hər zaman hazır olduğunu bildirmişdir. Dəfələrələ   ATƏT-in rəhbərliyi ilə həmsədr dövlətlərin də iştirak etdiyi danışıqlar prosesində Azərbaycan öz üzərinə düşən öhdəlikləri  yerinə yetirsə də, Ermənistan boş vədlərlə kifayətlənmiş, üzərinə götürdüyü ohdəliklər kağız üzərində qalmışdır. ATƏT öz missiyasını yerinə yetirə bilməmişdir. Bu isə Ermənistanın daha da azğınlaşmasına gətirib çıxarmış, iyun ayında Azərbaycanın sərhədboyu ərazilərində atəşkəs rejiminin pozulması ilə nəticələnmişdir. Bu çətin günlərdə qardaş Türkiyə, həmişə olduğu kimi, Azərbaycan xalqının haqq işində ona dəstək olmuş,həmrəylik nümayiş etdirmişdir. Türk və Azərbaycan Ordusunun birgə keçirdiyi novbəti hərbi təlimlər buna əyani sübutdur. Ehtiyatda olan bir zabit kimi inanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tezliklə işğalçı Ermənistanın qeyri-qanuni zəbt etdiyi torpaqlarımızı geri qaytaracaq. Əminəm ki, bu haqq işində on milyonluq Azərbaycan xalqı, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, istər iqtidar, istərsə də müxalifətyönümlü 61 siyasi partiya Ali Baş komandan, cənab İlham Əliyevin döyüş əmrini hər an gözləyir və bu müqəddəs vətən yolunda birlik olub  daim döyüşə hazırdır. Tutduğumuz yol haqq yoludur, qələbə bizimlədir.
Çingiz Dadaşov,
Nəsimi rayon sakini, Ehtiyatda olan zabit