“Nifrət və qəzəb hissi sağlam düşüncəni üstələməməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi   -Qüdrət bəy, bu günlərdə mətbuata verdiyiniz açıqlamada Əli Kərimlini söyüşçülərin “mənəvi ata”sı adlandırmışdınız. Onlar söyüş kampaniyası ilə nəyə nail olmaq istəyirlər və hadisələrin bu istiqamətdə inkişafı bizə nə vəd edir? -Bilirsiniz, belə bir el məsəli var “qılınc yarası sağalar, söz yarası sağalmaz”. Konstitusiyanın və qanunların aliliyi uğrunda mübarizə apardıqlarını bəyan edənlər heç olmasa bir dəfə Konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsini oxusunlar. Orada qeyd olunur ki, “heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”. Təəssüf ki, bəziləri onlara və başqalarına qarşı haqsızlıqların baş verdiyini bəhanə edib ağır təhqirlərə və böhtanlara yol verirlər. Onları buna təhrik edənlər isə söyüşçüləri “tənqidçi bloqerlər”, ağır təhqirləri isə “sərt tənqid” adlandırır, söyüşün mənəviyyatı və ictimai əxlaqı korlamasına dair bir kəlmə belə danışmırlar. “Beşinci kolon” adlandırılan bu tipli insanları himayə edən ermənipərəst xarici dairələr gözəl anlayırlar ki, belə mövqe cəmiyyətdə siyasi tolerantlığı tamamilə heçə endirir, nifrət və qisas doğurur. Belə şəraitdə isə heç bir ciddi islahatlardan söhbət gedə bilməz və tərəflər “qalib” olmaq üçün bütün vasitələri məqbul sayacaqlar. Onlara isə zəif və imici korlanmış Azərbaycan, Azərbaycanın daxilində isə kukla kimi oynatdıqları siyasi partiyalar lazımdır. Ona görə də məsuliyyətli siyasətçilər elə danışmalı və davranmalıdırlar ki, sabah ölkənin milli maraqları tələb edəndə bir araya gəlmək mümkün olsun. Nifrət və qəzəb hissi, hakimiyyət ehtirası sağlam düşüncəni üstələməməlidir. Baxın, “beşinci kolon” təmsilçiləri utanmadan, öz içlərindən bir nəfərin belə etirazı ilə qarşılaşmadan açıq söyləyirlər ki, xalqın iztirabları onların xeyrinədir və onları hakimiyyətə yaxınlaşdırır. Yalnış olaraq düşünürlər ki, söyüşlə iqtidarı gözdən sala bilərlər. Amma zaman göstərdi ki, xalqımız söyüş söyənləri və onların “mənəvi atasını”, yaxud “atalarını” qətiyyətlə qınayır. -Tofiq Yaqublunun azad olunmasını ölkə prezidentindən xahiş edənlərdən biri də Siz idiniz. Onun evə buraxılmasını necə qarşıladınız? -Çox yaxşı. İqtidarın Tofiq Yaqublunun səhhətini nəzərə alması və xalqın içindən gələn səslərə qulaq asması təqdirə layiqdir və gələcəyə ümidlə baxmağa imkan verir. Tofiq Yaqublu həyatını itirərdisə onun ölümü Azərbaycanda heç nəyi yaxşıya doğru dəyişdirməyəcəkdi, sadəcə yaxınlarına növbəti acılar yaşadacaqdı. Həm də imkan verəcəkdi ki, beynəlxalq arenada dövlətimizi tamamilə gözdən salan, Qarabağın azad olunmasını daha da çətinləşdirən böyük bir antipiar kampaniyası başladılsın. Onun ölümü daha yaxşı cəmiyyət uğrunda mübarizə aparan və buna inanan çoxlu sayda insanları ruhdan salacaq, bir qismini isə ekstremizmə yuvarladacaqdı. Marığa durmuş “beşinci kolon”un himayədarları da böyük ümüdlə gözləyirdilər ki, nəsə baş versin və onlar Azərbaycana sanksiyalar tətbiq etsinlər. Daxilimizdə bunu gözləyənlər isə başa düşmürlər ki, bu sanksiyalar demokratiyanın inkişafına təkan vermək üçün yox, Azərbaycanı zəiflətmək üçün tətbiq oluna bilərdi. Qərb başa düşür ki, işğal olunmuş torpaqlarda məskunlaşdırmanı başa çatdırmaq üçün Ermənistana zaman lazımdır. İndi torpaqlarımızı azad etməyə risk etmiriksə sanksiyalar altında olan Azərbaycanın bunu etməsi mümkünsüz olacaqdı. Mən bir daha vurğulayıram ki, Qərbin və Ermənistanın digər müttəfiqlərinin Azərbaycanda əsas məqsədi Qarabağın işğalını rəsmiləşdirmək üçün Azərbaycanı Türkmənistana çevirməkdir. Tofiq Yaqublu və mənsub olduğu düşərgə özlərində güc tapıb, əgər bacara bilərlərsə xarici təsirlərdən qurtulmalı, söyüş kampaniyasını durdurmalı, iqtidarın dialoq təklifini qəbul edib, heç bir şərtsiz dialoqa başlamalı, onunla normal əməkdaşlıq münasibətləri qurmalıdır. Kimsə sadəlövhcəsinə düşünməməlidir ki, ölümü ilə Qərb standartlarına uyğun cəmiyyət quruculuğuna töhfə verə bilər. Bunun üçün ilk növbədə söyüşçü yox, Qərb standartlarına uyğun cəmiyyət qurmağa və onu qorumağa hazır olan insanlar yetişdirməliyik.