Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Bu barədə vəkil Aqil Layıc sosial şəbəkə vasitəsilə məlumat yayıb. O, aşağıdakıları yazıb: "Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyim vəsatəti geri götürdüm. Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində verdiyimiz apelyasiya şikayətinin hazırlıq iclasını bu günə, saat 16:00-a təyin edib. Azadlığa qovuşması məsələsinə də bu gün baxılacaq". Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.