Ölmək qadağandır...

Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
Söz vaxtına çəkər, deyərlər. Uzaq 1993-cü ilin payızı idi. Doğma Qubadlımın işğalından cəmi 2 ay keçirdi. Səhərdən axşama qədər dostlarımla birlikdə evindən-eşiyindən olmuş qohum-əqrəbama sığınacaq axtarmaq, köçkünlərimizi yerləşdirməklə məşğul idim. Dağ boyda dərdə, acıya dözə bilməyərək həyata gözlərini yuman insanların sayı hey artırdı.
Bir gün Sumqayıtda növbəti yasda ağsaqqal bir kişi ayağa qalxıb mərasim iştirakçılarına xitab etdi:
- Camaat, bu nədir? Qırılırıq. Burada yas, orada yas. Bəs o torpaqları kim alacaq? Həsrətlə bizi gözləyən kəndlərimizə, obalarımıza kim qayıdacaq?
Araya sükut çökdü. Qəhrlənmiş adamların hamısının nəzər-diqqəti yaşlı kişidə idi.
- Özümüzü toparlayaq!-dedi. Dözməliyik. Ölmək olmaz!
O vaxtdan 27il keçir. Yurd nisgilli insanlar bir-birinin dalınca bu dünyanı tərk edirlər.
Mən bilmirəm, bu illər ərzində ölkəmizdə nə qədər qaçqın, köçkün dünyasını dəyişib. Bir onu bilirəm ki, 27 il öncə elindən-obasından didərgin düşmüş qohum-əqrəbamın içərisində o zaman yaşı 45-dən yuxarı olanlardan bu gün həyatda qalanları barmaqla saymaq olar.Belə getsə, o torpaqlara qayıdacaq qaçqın tapılmayacaq...
...Norveçdə bir şəhər var-Lonqyir. 2000 nəfərdən bir qədər çox əhalisi olan, planetimizin şimalındakı ən ucqar insan məskəni. Bu şəhərdə ölmək rəsmən qadağandır. Əgər kimsə ölüm ayağındadırsa, yaxud gözlərini əbədiyyətə yenicə yumubsa, onları dərhal ölkənin digər yerlərinə aparırlar. Məcburi tədbirlər onunla bağlıdır ki, əbədi don şəraitində olan bu torpaqlarda heç nə çürümür...
Kaş Uca Allah qaçqınlarımıza ölməyi qadağan edə! Qayıdaq elimizə-obamıza!