Qaliblər mühakimə olunmur!

Əkrəm Bəydəmirli Zaman dəyişsədə dünyada mövcud olan  münaqişələrin həllində hələki dəyişiklər görünmür. Yalnız illərin, fəsillərin, yeni politoloji  mülahizələrin dəyişməsini müşahidə etmək olar. Terror şəbəkəsi,  separatizmin dərinləşməsi  böyük  güclərin strateji hədəflərə çatması üçün  vasitə olduğu  şübhəsizdir. Belə yanaşmalar uzun illər davam edəcək. Dünyanın siyasi mənzərəsini xeyli dəyişdirən 11 sentyabr ABŞ tarixində baş verən faciə onu bir daha göstərdi ki, heç bir dövlət  terrordan sığortalanmayıb. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarının terror hücumları zamanı partladılması terrora münasibəti və mübarizəni xeyli dəyişsə də erməni terrorizminə münasibəti təəssüf  ki, dəyişməz olaraq qaldı. Bəlkə də erməni terrorizmi haqqında danışarkən geniş müqədiməyə ehtiyac yox idi. Bu gün Ermənistan dövlət səviyyəsində terrorizmin yeni metodologiyasını  işğal olunmuş Dağlıq Qarabağda tətbiq etməkdədir. Beləki  Orta Şərqdə oturuşmuş terror şəbəkəsinin nümayəndələrini Ermənistan Qarabağa çağıraraq könüllülərdən ibarət hərbi dəstələr formalaşdırır. Həmçinin Orta Şərqdə baş verən məlum hadisələrdən sonra  həmin ölkələrdə yaşayan ermənilər Ermənistanın riyakar siyasəti nəticəsində Dağlıq Qarabağda məskunlaşdırılır. Qanunsuz məskunlaşdırma siyasətinin arxasında çox məkrli planlar durur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  qənaətincə,  beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. Paşinyan Ermənistanın daxilində gedən ciddi çaxnaşmaları, əhalinin sosial-iqtisadi  vəziyyətindən  yaranan ağır durumu  səngitmək, diqqəti əsas problemlərdən yayındırmaq məqsədilə müxtəlif təxribat xarakterli  addımlar mütəmadi olaraq atır. İnsan resursunun, hərbi heyətin  çatışmazlığını  aradan qaldırmaq məqsədilə  Paşinyanın xaricdən muzdlu erməni döyüşçülərinin gətirməsi haqqında məlumatlar yayılır. Təbii ki,  bu siyasət  Ermənistanı bataqlıqdan xilas edə bilməyəcək. Ermənistan rəhbərliyinin daha bir ciddi hədəfi ondan ibarətdir ki,  bu yolla öz tarixi torpaqlarından didərgin düşən azərbaycanlıların öz yurdlarına qayıdışı prosersini əngəlləsin. Münaqişənin ömrü uzandıqca  azərbaycanlıların yaddaşından torpaq, yurd yerləri anlayışı silinsin. Ancaq hər bir Azərbaycan  vətəndaşında o qədər  torpaq, yurd sevgisi var ki, bunu heç bir təxribatla, məkrli planlarla unutdurmaq olmaz. Bəzən düşünürsən ki, qonşu dövlətlərlə normal  iqtisadi, mədəni əməkdaşlığa  deyil, yalnız terrorizm siyasətinə meyl edən  paşinyanlarla hansı sülh danışıqları aparmaq olar?  Həqiqətən cəzasızlıq mühiti  Ermənistanın manevr imkanlarını artırır. Sülhdən, sabitlikdən ağızdolusu danışan dünyanın aparıcı qüvvələri nədənsə terrorizmin yeni təzahürünə göz yumur. Rusiya daxil olmaqla bəzi dövlətlər Ermənistana hərbi dəstəyini dayandırmır. Belə qeyri səmimi, riyakar gedişlə  Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, onun daha çox uzanmasına dəstək olurlar. Bütün bunların  nəticəsidir ki,  dünyada  konfliktlərin həllində  nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar  getdikcə daha da artmaqdadır.  Narahatçılıq doğuran bu, proseslərin gələcəyidir. Dünyanın loyal münasibəti belə terrorizmə meylli olan ölkələrin  qara siyasətlərinə yeni imkanlar yaratmaqda davam edir. Onu da qeyd etmək istərdim ki, ermənilər hər zaman  bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxslərin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistan dövləti məsuliyyət daşıyır və cəzalanmalıdır. Məhz bu aspektdən çıxış edərək  qeyd etmək lazımdır ki,  bizim fəaliyyətimiz  həm  hüquqi, həm də hüquqa əsaslanan hərbi müstəvidə davam etməlidir. Uğurlu hərbi əməliyyatlar Paşinyanın məkrli manevr siyasətinə  son qoyacaq. Bütün bu məsələləri çozmək, qanunu, beynəlxalq hüququ tanımayan ermənini haqqın yoluna gətirmək, ən əsası regionda ədalətli sülhü bərpa etmək üçün qalib gəlmək lazmdır. Bütün sahələrdə qalib gəlmək zəruridir. Axı, qaliblər mühakimə olunmur!