Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü ərəfəsində

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi karantin rejimi müddətində onlayn fəaliyyətini davam etdirib, Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixinin təbliğ ilə bağlı işlər görüb. Bu il Milli Musiqi Günündə Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin anadan olmasının 135 illiyi qeyd olunur. Yubiley ərəfəsində sentyabrın 5-dən muzeyin zəngin kolleksiyalarından korifeylərə aid tarixi sənədlərdən ibarət silsilələr təqdim edilir. Onlar içərisində doğum şəhadətnamələri, 1912-ci ildə Üzeyir Hacıbəylinin Müslüm Maqomayevə verdiyi etibarnamə, nadir fotoşəkillər və digər materiallar muzeyin 3 dildə fəaliyyət göstərən sosial şəbəkə səhifələrində yerləşdirilib. Bu işlərin davamı olaraq sentyabrın 17-də saat 17:00-da Milli Musiqi Günü, Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə Azərbaycan, Türkiyə, Rusiya və Amerikanı təmsil edən nümayəndələrin iştirakı ilə onlayn tədbir keçiriləcəkdir. Qeyd edək ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi avqustun 20-də maestro Niyazinin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans) keçirib. Muzeyinin direktoru Alla Bayramova R.M.Qlierin anadan olmasının 145 illiyinə həsr olunmuş “Reynhold Qlierin musiqisində simfonizm və etnos - XX-XXI əsrdə Azərbaycan musiqisi” adlı növbəti beynəlxalq onlayn-konfransda və Klin şəhərində (Rusiya) P.İ.Çaykovskinin 180 illiyinə həsr olunmuş beynəlxalq festival çərçivəsində keçirilən onlayn konfransda iştirak edib. AZƏRTAC