"Özü düz adamdırsa..." - Cəlilabadı müəllimlər Prezidentə yazdılar

Cəlilabad rayonunun Soyuqbulaq kənd tam orta məktəbinin bir qrup müəllim və kəndin bir neçə sakininin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları müraciəti çap edirik: “Hörmətli Prezident! Sizi ölkənin bu çətin vaxtında, dövlətin xarici və daxili siyasəti ilə yanaşı əhalinin sağlamlığı naminə covid-19 xəstəliyinə qarşı apardığınız bu çətin mübarizə zamanında vaxtınızı aldığımız üçün əvvəlcədən üzr istəyir, bu çətin və şərəfli işdə Sizə uğurlar diləyirik.  Əziz Prezident, biz sizə inanır və həmişə arxanızda olmaqla yanaşı hər hansı bir əmrinizə hazırıq. Cənab Prezident,  biz məcbur qalıb bu müraciəti sizə edirik. Çünki ümid yerimiz Sizsiniz. Sizə bildiririk ki, əvvəllər Cəlilabad rayonunun Üçtəpə adlanan kəndində yaşamış və yaşadığı həmin kənddə də ancaq onun-bunun haqqında böhtanlar yazmağı üstündə öz kəndində yaşamağa üzü olmayan və gəlib Cəlilabad rayonunun Ağdaş kəndində evlənərək məskunlaşmış, elə burda da bu çirkin əməllərindən əl çəkməyən və hətta bu əməlləri ucbatından dəfələrlə inzibati orqanlar tərəfindən cəzalandırılan və ən nəhayət bir müddət xalq arasında dəlixana kimi adlandırılan əsəb xəstəlikləri xəstəxanasında yatan və sonda övladları tərəfindən Ağdaş kəndindən qovulub, yenə də əvvəlki öz ata - baba kəndinə qayıdan (belə çirkin əməlləri ucbatından) Yarıyev Ramizin facebook səhifəsində Cəlilabad rayon Təhsil şöbəsinin (RTŞ) müdiri Əhmədova Qərənfil xanım və onunla yanaşı bizim məktəbin direktoru Dünyamalıyev Balafər müəllim haqqında böhtan xarakterli yazılar yazmış və məktəbimiz haqqında düzgün olmayan böhtanlar uydurmuşdur. Cənab Prezident,  bu böhtanları da yazmaqda əsas məqsədi odur ki, o qeyri-qanuni yolla bu məktəbə bizim kənddən 4-km aralı yaşayan dünyasını dəyişmiş yoldaşının qohumlarından birinin adını yenə bizim məktəbdə hansısa bir işə yazdırmaqla, həmin pulu özü mənimsəmək istəyir. Məlumat üçün bildirək ki, əvvəllər də mərhum yoldaşı adına bizim məktəbdən belə pul almış və sonradan indiki direktor Balafər Dünyamalıyev onu işdən kənarlaşdırmışdır. Əgər Ramiz Yarıyev özü düz adamdırsa niyə belə saxtakarlıqlar etməyə direktoru və yaxud təhsil şöbəsinin müdirini məcbur edir. Çox hörmətli Prezident, Sizə məlumat üçün bildiririk ki, onun göstərdiyi faktlar hamısı qərəzli və düzgün olmayan böhtan xarakterlidir. 2019-cu ilin fevral ayından Cəlilabad RTŞ müdiri kimi fəaliyyətə başlamış Qərənfil Əhmədova Cəlilabadda təhsil sahəsində ciddi islahatlar aparmış və neqativ halların aradan götürülməsinə böyük səy göstərmiş və hazırda da bu fəaliyyətini davam etdirir. Bizim Soyuqbulaq kənd tam orta məktəbin direktoru Balafər Dünyamalıyev isə 2018-ci ilin oktyabr ayından direktor kimi fəaliyyət göstərir və o da işlədiyi müddətdə heç bir nöqsanlı işə yol verməmiş, əksinə özündən əvvəlki vaxtlarda olan nöqsanları da aradan götürmüşdür. Buna nümunə olaraq 2019-2020-ci tədris ilində məktəbimizdə çoxlu sayda şagird ali məktəblərə yüksək balla qəbul olmuşdur. Cənab Prezident odur ki, məktəbin bir qrup müəllimləri və bir neçə kənd sakini adından Sizə müraciət edir və xahiş edirik ki, belə çirkin əməlləri özünə peşə seçmiş bir insanın öz facebook səhifəsində yazdıqlarına inanmayasınız və belə insanlar haqqında ölçü götürülməsində müəyyən orqanlara göstəriş verəsiniz”.