Qulamhüseyn Əlibəyli: "Türkiyə həmişə Azərbaycanın yanında olub"

 “Türkiyə qal!” şüarı ilə keçirilən aksiyanın iştirakçılarının istəyi bütövlükdə xalqımızın istəyidir”. Bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında yüzlərlə insanın iştirakı ilə keçirilən aksiyaya münasibətini bildirərkən qeyd edib. Q.Əlibəyli bildirib ki, Türkiyə həmişə Azərbaycanın yanında olub. Siyasi, iqtisadi, hərbi və digər sahələrdə Azərbaycanın ən yaxın müttəfiqi qardaş Türkiyədir və bu müttəfiqliyin daha da genişləndirilməsi günün tələbidir. Azərbaycanla Türkiyə arasında strateji hərbi əməkdaşlıq daha da inkişaf etdirilməli və genişləndirilməli, əməkdaşlığın yeni, daha optimal forma və variantları tapılmalıdır. Aksiya iştirakçıları da məhz bunu tələb edir. Partiya sədri ümid etdiyini bildirib ki, hər iki qardaş ölkənin  səlahiyyətli strukturları bunu nəzərə alaraq ölkələrimizin arasında hərbi müttəfiqliyin tam şəkildə formalaşıb başa çatdırılması üçün fəaliyyətlərini daha da sürətləndirəcək.