Nyutonun almasını Eynşteynin başına salanlar...

Bir dövrdəyəm ki, nəzm olub xar, Əşar bulub kasadi-asar... Böyük Füzuli öz dövründə nəzmin, şeirin xar olmasından, əsl şeirin kasadlığından şikayətlənirdi. İndi şeirlə, nəzmlə məşğul olan çoxdur, onlarla işimiz yoxdur. Kim şeir yazar, kim yazmağa çalışar, öz işidir. İşimiz sözü xar etməyə çalışanlarladır. Əsas fikrə keçməzdən əvvəl yenə bir nümunə gətirmək istəyirəm. Böyük şairimiz Məhəmməd Füzulinin "Rindü Zahid" əsərində belə bir fikir var: oğul atasını sadə dildə danışmağa dəvət edir, deyir ki, "sözü məzmuna örtük eləmə (məzmunu sözlə örtmə), məzmun gözləyənlərin qəlbini qanə döndərmə, əsl məsələ bəzək deyil, mənadır, söz odur ki, onu avam da başa düşür". Bu nümunəni gətirməkdə məqsədim nədir? Təbii ki, şair haqlıdır bu fikirlərdə. Bəs görək bu gün buna necə əməl edirlər? Çətin, diləyatmayan terminləri işlətməklə özünü göstərməyə çalışan insanlar var. Yaxud o qədər bəsit və bayağı danışanlar var ki, elə bilirlər, sadə danışmaq, təbii danışmaq necə gəldi danışmaqdır. Dilin qrammatik qayda-qanunlarına əməl etmədən, hətta bu qayda-qanunları yerlə-yeksan edərək danışanlar və ya yazanlar təbii, sadə danışıqla mənasız danışmağı dəyişik salıblar. Bu gün istər efirlərdə, istər kitablarda, istərsə də gündəlik həyatda dillə bağlı qarşılaşdığımız o qədər problem var ki, saymaqla bitməz. Orfoqrafiya, orfoepiya məsələləri bir tərəfdən, əcnəbi sözlər bir tərəfdən, məzmun-məna digər tərəfdən - hamısı qarışıb bir-birinə. Bəziləri deyirlər ki, sözün necə yazılmağı əsas deyil, əsas olan mənadır. Bəs məna necə, varmı? Axı daha çox bayağılıq var. Bayağılıq olan yerdə mənasızlıq var. Mənasızlıq olan yerdə söz qiymətdən düşər. Yenə də o böyük şairə müraciət edək. Dahi şair özünün ən məşhur qəzəllərindən olan "Söz" qəzəlində mətlədən məqtəyə qədər sözü tərif edir, onun qüdrətini göstərir . Həmin qəzəlin bir beytində şair deyir: Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Xabi-əcəl - ölüm yuxusu Uyqu - yuxu Bidar - oyaq Bu bir beytin açmasına baxsaq, sözün qüdrətini və sözə verilən dəyəri görmüş olarıq: Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o, səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan. Neçə müddətdir ki, dilimizin qorunmasına, sözümüzə dəyər verməyə və dəyər verilməsinə çalışırıq. Çalışırıq ki, sözümüzün qiyməti, dilimizin  qüdrəti azalmasın. Dilin ictimai hadisə olduğunu bilirik. Buna görə də dili fərdiləşdirmək, hər kəsin ondan ürəyinin istədiyi kimi istifadə etməsi yanlış olar. Dilimizi sıxışdırmağa çalışan xarici dillərin ölkəmizdə "meydan sulaması"ndan başqa, dilimizin ifadə imkanlarının kifayət qədər zəngin olmasına baxmayaraq, bu dildən istifadədə həddindən artıq nöqsanlara yol verilir.  Bu nöqsanların bu qədər olması  və artması dili qiymətdən, sözü hörmətdən salar. Məlumdur ki, dildən ən çox istifadə edənlər və dili təbliğ edənlər kütləvi informasiya vasitələridir . Oxumaqdan daha çox tamaşa etməyi, baxmağı sevən kütlə olduğundan televiziyaların üzərinə dil məsələsində daha çox məsuliyyət düşür. Lakin bütün televiziya kanalları dil məsələsində qayda-qanunlara əməl edir, dilin normalarını gözləyirlərmi? Nəinki dil normalarını gözləmək, onların bəzilərində heç danışığını belə bilməyən "aparıcılar" var və hətta özlərini ən yaxşılardan hesab edirlər. İki kanal haqqında fikrimi bildirmək istəyirəm. Bunlardan biri internet televiziyası kimi fəaliyyət göstərən AyTV 1 kanalıdır . Bu kanala sosial şəbəkədə təsadüfən rast gəlmişdim. Bir aparıcı xanım hansı verilişdəsə   Qətran Təbrizi  haqqında məlumat vermək istəyirdi. Özündən uydurma məlumatlar verdi, çaşanda isə əlindəki kağızda yazılanı üzündən belə oxuya bilmədi. Bundan sonra o kanalı bir-iki dəfə izlədim ki, görüm bu nə kanaldır belə. Sən demə, baxdığım baxmadıqlarımın yanında heç nə imiş. Bu kanalda Eynşteyni kimyagər edənlər, bu səhvdən "nəticə" çıxarıb indi də Nyutonun almasını Eynşteynin başına salanlar, ən pis oxuyan "müğənni"dən belə bərbad oxuyaraq özünü fenomen adlandıranlar, guya müğənnini təqdim edərkən hər hansı bir saytın aparıcı-müğənnisi olduğunu təqdim edənlər (saytın müğənnisi?) və daha nələr gördüm. Dili unutdum, dil qayda-qanunlarını unutdum bu kanala baxanda. Çünki bu kanalda, ümumiyyətlə, insanların zövqlərinə bir hücum var. O kanalda kimlərin, nələrin olduğunu görmək üçün izlədim. Mənə çox maraqlıdır ki, onları televiziya deyib izləyən varmı? Əgər özlərindən başqa 3-5 nəfər varsa, bu, yenə də faciədir. İnsanın əsəbləri nə qədər sakit olmalıdır ki, onların hazırladıqları "verilişlərə" axıra qədər baxa bilsin. Biz dilimizi qorumağa çalışarkən kimlərsə internet üzərindən televiziya kanalı açır və çıxardığı hoqqalara görə, dilimizin ifadə imkanları varkən, bu dildə ağılagələn və gəlməyən mənasız sözlər  və fikirlərlə əsəblərimizi korlayır, nəticədə  pul qazanmağa çalışırlar. Lazımsız sözlərin azadlığı lazım deyil. O cür sözlərin, fikirlərin azadlığını buxovlamaq üçün senzuraya çox böyük ehtiyac var. O zaman hər kəs dilinin də, sözünün də dəyərini bilər. AyTV - adı da uyğun seçiblər, sanki Aydan gəliblər... Digər bir kanal isə Dünya TV-dir. Neçə ildir fəaliyyət göstərən bu kanal da öz mənasız verilişləri və danışıqıarı ilə "seçilən" kanallardandır. Yuxarıda haqqında danışdığım AyTV kanalı sanki Dünya TV-nin oxşarıdır. Hər ikisində aparıcıların çox işlətdiyi sözlər "qalmaqallı qonaq, tanınmış filankəs, hər kəsin sevimlisi" sözləridir. Hər ikisində aparıcıların danışıqları sanki eynidir. Elə bil AyTV  Dünya TV-dən bəhrələnib. Bir kanal ki, (istər Dünya TV, istərsə digərləri ) efirə çıxmaq üçün 5 min "qananar" (guya "qonorar" demək istəyir) istəyən Bayram Nurlunu qonaq edə, onu bəh-bəhlə təqdim edə, daha o kanal barəsində söz tükətməyə lüzum görmürəm. Tamaşaçı, izləyici, vətəndaş, AZƏRBAYCAN-lı olaraq ricam (sağlamlığımızı qorumaq hüququmuzun olmasını nəzərə alaraq tələb etmək hüququmuz da var) budur ki, efirlərə diqqət etsinlər, danışdıqları sözlərə diqqət etsinlər, dilin imkanlarından istifadə etsinlər. Öyrənmək heç vaxt gec deyil. Dil həm fərd olaraq insanın, ictimai baxımdan xalqın, cəmiyyətin göstəricisidir. Əgər istifadə edə bilmirsənsə, həm özünü, həm cəmiyyəti biabır edirsənsə, lal olmaq ən yaxşısıdır. Başqa sözlə,  desək: "Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma!"