Tədris müəssisələri yenidən bağlana bilər - Hikmət Hacıyev

Təhsil müəssisələrinin açılması ilə bağlı ciddi mexanizm hazırlanıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bu hibrid xarakter daşıyacaq təhsil proqramıdır: "Tədris müəssisələrinin açılması ilə bağlı çoxsaylı suallar var idi. Hər bir məsələyə fərqli yanaşan vətəndaşlar var. Ölkə vətəndaşlarının istəklərini və beynəlxalq təcrübəni, mövcud imkanları nəzərə alaraq ən doğru qərarların qəbul edilməsi üçün işlər aparılır. Təbii ki, proses çərçivəsində artım tendensiyası olacaqsa, tədris müəssisələrinin bağlanması ilə bağlı dərhal qərar qəbul edilə bilər. Qeyd edim ki, burada xüsusi təcrübə yoxdur". Akif Qurbanov əlavə edib ki, tədris müəssisələrinin fəaliyyəti adi qaydada bərpa olunmur və burada xüsusi yanaşmalar var: "Orta məktəbdə bir çox şagird dərsləri onlayn qaydada davam etdirəcəklər. Bu müddət epidemioloji vəziyyət imkan verənədək uzanacaq. Nəzərə alaq ki, tədrisin təşkili barəsində xüsusi qərar yoxdur. Mühazirələr onlayn qaydada olacaq. Lakin praktik məşğələlər var ki, onlayn qaydada öyrədilməsi mümkün deyilsə, o tələbələr universitetə cəlb ediləcək".