FOLKLOR TOPLAMAQ ÜÇÜN HƏRBİ ƏSİR DÜŞƏRGƏSİNƏ

Son onilliklərdə Azərbaycanda folklor toplanırmı? MEA-nın Folklor İnstitutu bölgələrə ekspedisiyalar təşkil edirmi? Ümumiyyətlə, yaddaşında, ruhunda xalqın sərvət xəzinəsini yaşadan çoxmu insanlarımız qalıb?
Bilmirəm. Vaxtı ilə əsərlərini çapa hazırladığım soydaşımız, Türkiyəyə çağdaş türkologiya elminin yaradıcılarından biri olan professor Əhməd Cəfəroğlu (1899-1975) folklor nümunələri, dialekt və jarqon sözləri toplamaq üçün həbsxanalara gedirmiş... Ondan daha əvvəl isə eyni işi macar türkoloqu, Macarıstan EA-nın müxbir üzvü İqnats Kunoş (1860-1945) Birinci Dünya müharibəsi illərində hərbi əsir düşərgələrində görmüşdü.
Birinci Dünya müharibəsində Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları Rusiya, Fransa və İngiltərəyə qarşı vuruşurdu. 1915-ci ildə Avstriya-Macarıstan ordusunun cənub-qərb istiqamətində, Karpatlarda və Qalisiyadakı uğurlu hərbi əməliyyatları nəticəsində rus ordusunun çoxsaylı əsgər və zabitləri əsir alınmışdı. Onların arasında türk-müsəlmanlar da az deyildi. Çox güman ki, müttəfiq Osmanlı dövlətinin istəyi ilə komandanlıq hərbi əsirləri dini mənsubiyyətə görə ayırmışdı. Avstriya-Macarıstan ərazisində müsəlmanlar üçün təxminən qırx min nəfərin saxlandığı iki əsir düşərgəsi yaradılmışdı. Onlardan biri Budapeştin 60 kilometrliyində, tarixi Esterqom şəhəri yaxınlığında, digəri isə Egerde (Macarıstanın şimalındakı eyni adlı yerlə qarışıq salmamalı, indi Cheb adlanan bu şəhər Çexiya ərazisindədir) yerləşirdi. Əsirlərə gəldikdə milli tərkib etibarı ilə Kazan, Krım, Mişar tatarları, başqırd, qumuq, noqay və az sayda türkmənlərdən ibarət idilər. Burada Şimali Qafqaz və Dağıstan müsəlmanlarının olması haqda məlumata da təsadüf edilir. Tərkibində azərbaycanlılardan ibarət alayın vuruşduğu məşhur “Vəhşi Diviziya”nın Qalisiya cəbhəsinə göndərildiyini nəzərə alsaq, hərbi əsirlər arasında tək-tük soydaşlarımızın mövcudluğu da ehtimal oluna bilər.
Əsir düşərgəsində müxtəlif türk boylarının təmsilçilərinin olduğunu öyrənən İqnats Kunoş dərhal hərəkətə keçmişdi. Öz ayağı ilə qapıya gəlmiş fürsətdən yararlanmamaq ona ağılsızlıq görünürdü. Dillərini, xalq ədəbiyyatlarını öyrənmək istədiyi Kazan və Krım tatarları, başqırdlar, noqaylar indi Macarıstanda idilər. Doğrudur, bura öz xoşları ilə gəlməmişdilər. Talelərindən məmnun qalmaq üçün də heç bir əsasları yox idi. Amma çox şeylərini itirsələr də, təbii ki, mahnılarını, nağıllarını, dastanlarını qoruyub saxlamışdılar. Bəlkə də əsirlər günün birində vətənə qayıdacaqdılar. Əsas məsələ gətirdikləri mənəvi sərvətin mümkün qədər çoxunu Macarıstanda saxlamaq idi. Hərb dövrünün çətinliklərinə baxmayaraq İqnats Kunoş Macarıstan EA vasitəsi ilə müsəlman əsir düşərgələrinə etnoqrafik ekspedisiyanın təşkili ilə bağlı Avstriya komandanlığından izin almağa müvəffəq olmuşdu.
1915-ci ilin yazında o, Kenyermezö (Esterqom) düşərgəsinə gəlmiş və bir neçə həftə burada qalıb Kazan və Noqay tatarlarından eşitdiyi ağız ədəbiyyatı nümunələrini yazıya almışdı. Onların arasında “Çora Batır” dastanı da vardı. Təhlükə qarşısında qalan Çora Batır Etele xanın sarayına sığınır. İqnats Kunoşun fikrincə, adı çəkilən Etele xan hunların əfsanəvi hökmdarı Atilladır. Başqa sözlə desək, xalq dastanı tatarlarla macarların əcdadları arasındakı bağlılığa işarə edir.Növbəti ildə alim bir neçə ay 30 min əsirin saxlandığı Eger düşərgəsində qalaraq onlardan yüzlərlə jır (şeir), ekaye (nağıl), şərqi, atalar sözü toplamışdı. Həm də Esterqom düşərgəsindən fərqli olaraq bu dəfə İqnats Kunoş tək deyildi. Onunla birlikdə bütöv tədqiqatçılar qrupu çalışırdı. Avstriyalı etnomusiqi araşdırıcısı Robert Lach (1874-1958) fonoqrafla tatar xalq musiqisi örnəklərini yazıya alırdı. Şərqşünas Gotthold Veil (1882-1960) əsirlər arasında yayılmış ədəbi mətnlərin və çap məhsullarının tədqiqi ilə məşğul olurdu. Vyana Etnoqrafiya və Antropologiya İnstitututunun qurucusu Rudolf Röch (1870-1925) türk-tatar antropologiyası sahəsində araşdırmalar aparırdı. Vyanadakı İmperator EA və Macarıstan EA tədqiqatların yüksək dəqiqliklə həyata keçirilməsi üçün alimləri dövrün bütün mövcud texniki vasitələri ilə təmin etmişdi. Egerdə çəkilən yüzlərlə foto-şəkil təkcə düşərgə həyatını işıqlandırmaq deyil, həm də insan tiplərini, türk-tatarlara məxsus üz quruluşunu, fiziki keyfiyyətləri, antropoloji xüsusiyyətləri əks etdirmək baxımından böyük maraq doğururdu.
Eger düşərgəsindəki Mişar tatarları Kunoşun diqqətini daha çox çəkmişdi. Bu da adlarının macarların Megyer tayfasının adı ilə bənzərliyindən irəli gəlirdi. Hətta mişarların tatarca nitqi də səslənmə tərzi, habelə bəzi spesifik fonemlərin mövcudluğu baxımından alimə macar dilini xatırlatmışdı. Onlardan “giyr” (yəqin ki, şeir? – V.Q.) adlandırdıqları xeyli sayda şərqi toplamaq mümkün olmuşdu. Kazan tatarlarının melanxolik əhval-ruhiyyədə köklənmiş şərqiləri ilə müqayisədə Mişar giyrləri daha şən, çılğın və oynaq idi. Mişar adlarının islam öncəsi türk şəxs adlarına bənzəməsi də alimin diqqətindən yayınmamışdı. Kunoş mişarların macar olduqları, yalnız sonradan tatarlaşdıqları ilə bağlı fərziyyə irəli sürmüşdü.
Müxtəlif türk xalqlarının təmsilçiləri ilə ünsiyyət nəticəsində alim Kazan tatarlarının mütəşəkkil qüvvə kimi çıxış etməsi, mədəni-siyasi inkişaf baxımından öncüllüyü qənaətinə gəlmişdi. Hətta Vəliyev soyadlı bir tatar hərbi əsirindən tatar dili dərsləri də almışdı. Krım tatarlarına gəldikdə digər türk boyları ilə müqayisədə Osmanlı təsirinə daha çox məruz qaldıqlarını, bunun hətta milli kimliyi itirmək həddinə yaxınlaşdığını vurğulamışdı. Krım noqaylarının xalq ədəbiyyatının tədqiqi istiqamətində ilk təşəbbüsün Kunoşa məxsusluğu da ayrıca qeyd edilməlidir. Əsirlər arasından folklor toplanması və etnoqrafik tədqiqatlar aparılmasının nəticələri barəsində 1916-cı ilin yanvar ayında Macarıstan EA-da İqnats Kunoşun məruzəsi dinlənilmişdi. Məruzənin mətni eyni ildə “Tatar əsirlərinin düşərgəsində. Müsəlman əsir düşərgəsində apardığım araşdırmalar haqda məlumat” adı altında ayrıca broşura şəklində nəşr edilmişdi.
Əsir düşərgələrindəki Volqaboyu, Krım və Qafqaz türklərindən toplanmış zəngin materalı sistemə salıb çap etdirmək Kunoşa müyəssər olmamışdı. 1952-ci ildə Macarıstan EA-sı alimin ailəsindən onun 1914-1918-ci illər dövrünü əhatə edən bütün əlyazmalarını (üst-üstə 1250 vərəq həcmində) Şərq kolleksiyası üçün satın almışdı. Tanınmış macar türkoloqu, professor Juja Kakuk həmin məxəzlər əsasında 1980-ci ildə Budapeştdə “Kazan tatar xalq türküləri”, 1989-cu ildə İmre Baski ilə birlikdə “Kazan tatar xalq nağılları” (almancaya tərcümə ilə), 1993-cü ildə Ankarada “Krım tatar şərqiləri”, nəhayət 1986-cı ildə Segeddə “İndeksli Mişar tatar mətnləri” kitablarını çap etdirmişdir. Materialların müəyyən bir qismi isə hələ də araşdırıcıdısını gözləməkdədir.
P.S. Qarabağ savaşı qələbəmizlə başa çatandan sonra bizim dilçilərə də erməni müharibə canilərindən dillərindəki çoxsaylı türk kökənli sözlərlə bağlı materiallar toplamaq qismət olsun!