Dildə reduplikat sözlər

Güman edirəm ki, mövzu Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin diqqətinə layiq bir mövzudur. Oxucuları dilimizin fonomorfoloji bir xassəsi ilə tanış eləyək. Dilçilik elmində “reduplikat sözlər” (reduplikatlar) anlayışı var. Dünya dillərində, o cümlədən, Azərbaycan dilində də reduplikat sözlər var. Dilimizdə reduplikat sözlər interfikslər vasitəsilə yaranır. “İnterfiks” sözlərin ortasına artırılan şəkilçidir. Xüsusən, “m” hərfi (və ya səsi) interfiks olaraq sözlərə qoşularaq reduplikatlar yaradır və sözlərin mənalarını heç-puç edir. “M” hərfi bütün anlayış və mənaları bu yolla sıfırlaya bilir. Sözləri mənasız edir, ya da belə deyək, sözlərin mənasına ironiya edir, onların mənasını şübhə altına alır. Necə? Bax, belə: adam-madam, şey-mey, şeir-meir, kitab-mitab, söz-möz, şəkil-məkil, direktor-mirektor, nazir-mazir, sədr-mədr, pandemiya-mandemiya”. Yəni, o, adam deyil, madamdır (heç nədir), yəni, bu, şeir deyil, meirdir (apar at), yəni, bu, kitab deyil, mitabdır (oxumağa dəyməz), yəni, bu, söz deyil, mözdür (mənasız bir şey), bu, şəkil deyil, məkildir (bekara bir şey), yəni, onun nəyi nazirdir, o mazirdir (nazirliyə layiq deyil)... Elə buradaca bir haşiyə çıxım. Biri danışırdı ki, “Əşi, filankəs heç qorxmur e... O gün mənə dedi ki: “Mən prezident-mrezident bilmirəm, dediyimi gətir, səni işə götürüm...”.  Bu da reduplikatdır, amma çox yoğun reduplikatdır... Özü də Azərbaycan sayağı. “Reduplikasiya” sözünün “dublikat, dublikasiya, dedublikasiya” formaları da var, bunlar ayrı və nisbətən fərqli anlayışlardır. Biz xüsusən “M” samitinin yaratdığı reduplikasiya hadisəsindən, həm də onun ironiya yarada bilmək  xassəsindən bəhs edirik. Maraqlıdır, niyə “M” samiti? Bu bir fonomorfoloji hadisədir. Reduplikativ sözlərin müxtəlif sistemli dillərdə tam və natamam növləri var. Mənbə deyir ki, “fonomorfoloji hadisə kimi reduplikatlar  söz yaradıcılığının morfoloji üsuludur. Reduplikat sözlərin bir komponenti müstəqil mənalı söz, ikincisi isə onun təqlidi, oxşarı ola bilər”. Yəni, bu, ekspressivlik yaradır, məsələn, adam-madam, nazir-mazir, pul-mul. Burada ikinci komponenti bəzən “zad” sözü də əvəz edə bilir: pul-zad (Puldan-zaddan verdim, həll elədim), dua-zad (Duadan-zaddan yazdır, müdirin ağzını bağla). Bu lap bizim düşüncə tərzimizdir. Həm də hamısında ironiya var. “Reduplikat” – bəzən adama elə gəlir ki, bu, dublikatın dublikatıdır və ya suyunun suyudur (bu atmacanı bilməmiş deyilsiz, zənn edirəm). “Reduplikat”i  mobil telefonların iki qat dublikatı kimi də yoza bilərik, yəni Çin malı, “kitayski”. Bunları elə-belə sözgəlişi deyirəm. Qayıdaq reduplikat sözlərə. Sultan bəy necə deyirdi: “...bu incinar-mincinar, doktor-moktor, vəkil-məkil, uçitel-muçitellər ilə mənim işim olmaz və xoşuma da gəlməzlər”. Bəs, əgər söz özü “M” samiti ilə başlayırsa? Onun reduplikatı necə yaranır? Məsələn, “maşın, müdir” sözlərinin reduplikatı necə olmalıdır? Bəs, “M” samiti ilə başlayan sözlər, məsələn, məmur, məktəb, maral, müstəntiq, məşədi, motor? Dil ona da məxrəc verir. Başqa hərflər də reduplikat söz yarada bilir. Kənddə bir qonşumuz vardı, biz çaydan motorla su vururduq hovuza, zəmini suvarırdıq, onun arxına su getməyəndə deyirdi: “Gəlib sizin motoru “kator” eləyərəm...” (mator-kator). Demək, “k” samiti də reduplikatlar yarada bilir. İşıqlar sönmüşdü, dedilər ki, Mingəçevirdə nəsə olub, biri montyora belə dedi: “Mən Mingəçevir-dingəçevir bilmirəm, axşama işıqlarımızı yandır. Xeyir işimiz var. Plovun da gələcək...”.  Və ya belə bir deyim də eşitmişəm: “Bala, sən müdirsən-düdirsən, bilmirəm, amma mənə ilişmə...”. Demək, “D” samiti də reduplikat yarada bilir. Və yeri gəlmişkən, ingilis dilində də “D” samiti eyni işi görə bilir, reduplikat söz yaradır: Məsələn, “Humpty-Dumpty” (ruslar bunu “Шалтай-Болтай” kimi tərcümə ediblər). İngilis dilində reduplikatlar: okey-dokey, pitter-patter, hanky-panky, willy-nilly, hokus-pokus, walkie-talkie, ping-ponq, zig-zag.... Rus dilindən xarakterik misallar: “...А эти сволочи , англичане-мангличане , специально все приукрашивают ...”. Ya da “...французы-мранцузы вон какую цену раскрутили...”. Burda da “m” samiti. Dilimizdə başqa cür (başqa hərlərlə) düzələn maraqlı reduplikatlar çoxdur: “çəm-xəm” - “Xanım əvvəl çəm-xəm elədi, əmə sora yola gəldi”. Görək, Qazan xan kafirə necə demiş: “Hərzə-mərzə söyləmə, mərə itim kafir!” Bu fonomorfoloji hadisənin psixoloji-linqvistik mexanizmi necədir, demək çətindir. Bəzi samitlər, xüsusən, “m” samiti interfiks olaraq sözlərə artırılır, sözün semantikasına ironik təsir edir. Vəssalam, təki sözümüzə ironiya etməsinlər!