Polad – polad kimi general!

Əlisafa Mehdi Bu gün "Qaraqaya döyüşü" şəhidlərinin 40 törənidir. Uca Tanrıdan ruhlarına dinclik diləyirik. Bir az geciksəm də, şanlı generalımız Polad barədə xatirəmi danışacam. 2010-cu il idi. QHT Şurasının yardımı ilə "Mənim hərbi xidmət günlərim" adında əsgərin yaddaş kitabçasını çap etdirmişdim. A6 formatda 100 səhifə idi. Bütün döyüş boyu komandirimiz olmuş general-leytenant Rövşən Əkbərov o vaxt Şəmkirdəki korpusun komandiri idi. Kitabın 5 min nüsxəsini ora apardım, Komandir göstəriş verdi, zabit ayırdı, kitabları briqadalar üzrə bölüşdürüb paylamağa başladıq. Bizi briqada komandirləri qarşılayırdı da, qarşılamırdı da. Kitaba "xalaxətrin qalmasın" baxırdılar da, baxmırdılar da... Sonuncu səfərimiz Daşkəsəndəki briqadaya oldu. Qərargahın qarşısında briqada kom. müavini vəzifəsinə görə çox cavan polkovnikə məruzə edəndə bir az çaşqın oldum. Doğrudanmı, bu cavan oğlan belə çətin və çox təhlükəli bu coğrafiyada komandirdir? O, hövsələsizcəsinə kitabçanın bir nüsxəsini istədi. Alan kimi vərəqləyə-vərəqləyə bizi otağına dəvət etdi. O gözünü kitabın səhifələrindən çəkmədən yeriyirdi. Otaqda "oturun" deyəndə də, növbətçi əsgərə "çay gətir" tapşırığı verəndə də gözünü kitabdan çəkmədi. Bir neçə səhifəni çevirəndən sonra karandaş götürdü, mətn üzərində qeydlərini edə-edə gah gülümsəyirdi, gah heyrətlənirdi, gah da irad məqamlarında ciddi tövrlə rəyini səhifə qırağına çıxarırdı. Çay içdik, izlədik, izlədik, izlədik... Axır ki kitabı bütövlükdə oxudu. Yooox, kitabı intellektual hərbi səriştə ilə redaktə etdi. Sonra o anacan heç bir zabitdən görmədiyim şux baxışlarla alqışladı. – Mükəmməl! Nə qədər gətirmisiniz? Nə? Səkkiz yüz? Bu qədər az? Çatmayacaq haa!!! Mən sözün heyrətamiz donunda ŞOK-da idim! ... Bundan sonra tanışlandıq, müzakirələr etdik... Korpusa gəldim. General R.Əkbərova ilk sözüm o oldu ki, mən bu gün gələcəyin bir generalını kəşf etmişəm.
  • Kimdir o? – komandir soruşdu.
  • Polad Həşimov! – dedim.
Hə, o çox cəsur zabitdir, əsl döyüşçüdür. Edilməzlik şəraitində postlar qurub, Amma general olmağına hələ var. Yetişsin hələ, – dedi. – Səninlə razıyam. Nəzərə alacam. Amma və lakin mən o cür düşünmürdüm. O zamanacan Azərbaycan ordusunda tanıdığım çox-çox generaldan daha üstün zehniyyəti, döyüş hazırlığı, savadlılığı, çevik maneraları var idi Poladın. O, tabesində olanlarla həm qətiyyətli komandir, həm də döyüş dostu kimi davranırdı. O yetərincə səmimi idi. Bir neçə il sonra təsadüfən görüşdük. Telefonuna zəng çatmadığını irad tutdum. Məni mat qoyan cavab eşitdim: "Cib telefonu bizim ordunun zabitləri üçün təhlükədir. Əsgərlərin valideynləri, ya bu məqsədlə kimlər-kimlər zəng edirlər. Və... alver bazarı yaranır. Telefon bu mənada komandiri dələduzlaşdırır, möhtəkirləşdirir. Günah camaatdadır. Komandirləri zorən pozurlar. Ona görə gün ərzində söndürürəm, yaxud kabinetdə qalır, açmıram. Mən ancaq bəlli saatda evdəkilərlə danışıram... " Bax belə. Bir müddət sonra indi pensiyada olan general-mayor Gəray Bağırov həmin korpusa qərargah rəisi təyin edildi. Yeni vəzifəsinə "mübarək" deməklə bağlı ona ilk zəngimdəcə bildirdim ki, onlarda "Polad var! Həşimov Polad! O, bişmiş bir sərkərdədir! Mən 1992-ci ildən bu ordunun, döyüşün içindəyəm! Beləsi çoooox azdır. Onun başarılarının bir briqada miqyasında qalması düzgün deyil." Bir müddət sonra Polad o korpusun qərargah rəisinin müavini vəzifəsinə gətirildi. Sonra başqa bir ordu korpusun qərargah rəisi təyin edildi. Bu general-mayor vəzifəsi idi! Sevinirdim. O, 2016-cı ilin aprel döyüşlərində fədakarlıq göstərdi... Yaralandı, ayaq üstə sağaldı. Mükafatlandırıldı. Sonra Polad Şəmkirdəki ordu korpusuna qərargah rəisi təyin edildi. Ona yalnız keçən il general rütbəsi verildi. O, hər cürə təbriklərdən yayındı, şəninə deyilən təriflərdən qaçdı. Yalnız vacib olan halda şəkil çəkdirdi. Heç vaxt özü barədə danışmadı. İctimai faydalılığı olmayan işləri sevmədi. Heç kimi müzakirə etmədi. Düşüncələri başdan-başa konstruksiya idi. O, bu cəmiyyətdə çoxlarının lağ edəcəyi altruist idi. O, empatiya xarakterli insanlar üçün örnək və qürur subyekti idi. O, qüsursuz xidmətə görə medalının hər üç dərəcəsinə layiq bilinmişdi. 12 iyul 2020. Millət ayaqda idi. Düşmən Qaraqaya ətəyində basqı edib tutduğu bir postdan 7-8 saat idi qovulub çıxardılmamışdı. Poladın olduğu yerdə bu ağlasığmaz hal idi. Ola bilməzdi ki, Polad kimi döyüş komandiri düşmənə bu vaxtacan zərbə endirib darmadağın eləməsin! Hadisə yerində olan dostlara zəng etdim. Daha da qabardacağım: "Bəs Polad haradadır?" sualı idi. Mənə dedilər ki: "Polad olmalı olduğu yerdədir. Hər şey düzələcək. Uzun söhbətdir. Görüşəndə danışarıq." Nəsə qəliz söhbət oldu. Bir postun üstündə mövqe döyüşü uzanırdı... 13-ü günü Polad o istiqamətdə düşmənin başına mərmi ələdi, partlatdı, dağıtdı tökdü, düşmənə sarsıdıcı zərbə vurdu. 13-ü gecə FB-də statuslardan birində oxudum ki, "...Polad öldürülüb." O dəqiqə xəbərin dezo olduğunu dəqiqləşdirdim. Dərindən nəfəs aldım. Səhərisi isə... sən demə, dezo müəllifi gizli əllərin və ağılların necə işlədiyini yaxşı bilirmiş. Azərbaycan ordusunda 5-3 möhtəşəm generaldan biri döyüş səhnəsindən əbədi uzaqlaşdırıldı. 40 gün keçir. Generalın öldürülməsi faktı açıqlanmır. Bunu mən də açıqlamıram. Amma zamanı gələndə danışacam.