Milli Məclisin sabiq deputatı, Yurddaş Partiyasının sədri Mayis Səfərlinin ilkxeber.org-a müsahibəsini təqdim edirik: - Mayis bəy, partiyanızda nə var nə yox? Pandemiya şəraitində necə fəaliyyət göstərirsiniz? - Yurddaş partiyası 27 ildir ki, siyasi arenadadır. Ondan da xeyli əvvəl - ötən əsrin 80-ci illərinin sonunda eyniadlı ictimai birlik kimi fəaliyyətə başlamışdıq. Məqsədimiz taleyin hökmü ilə bütün Yer üzərinə səpələnən həmvətənlərimizlə əlaqələr qurmaq, onları təşkilatlandırmaq, hüquqlarını qorumaq idi. Biz xaricdə Azərbaycan diaspor hərəkatının ilk cığırını açmışıq. Partiyamızın fəaliyyət proqramının ana xətti də bu problemlə bağlıdır. Keçmiş Sovetlər Birliyi ərazisində, Avropada, ABŞ-da, Kanadada və digər ölkələrdə ilk Azərbaycan cəmiyyətləri, mədəniyyət mərkəzləri bizim təşkilatçılığımız və dəstəyi ilə yaradılıb. Diaspor təşkilatlarımızın vasitəsilə Qarabağ həqiqətlərini, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etmişik. Bu fəaliyyətin hökumət səviyyəsinə qaldırılması, diaspor işi ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında bir başa iştirak etmişik. Milli Məclisin deputatı olduğum zaman dövlətimizin bu siyasətini tənzimləyən qanunların qəbul edilməsinin təşəbbüskarlarından və müəlliflərdən biri olmuşam. Partiyamız hər zaman öz fəaliyyətində dövlət və milli maraqlarımıza söykənib. Indiki pandemiya şəraitində dövlətimizə əlimizdən gələn dəstəyi veririk. Təkcə insanların maarifləndirilməsi və karantin qaydalarına, sanitar - epidemioloji normalara əməl edilməsiilə bağlı müxtəlif mətbuat orqanlarında yüzlərlə məqalə çap etdirmişik. Ermənilərin Tovuzla sərhəddə törətdikləri təxribatın ilk anından biz dövlətimizin və Ali Baş Komandanımızın yanında olduğumuzu xüsusi bəyanatla bildirdik. - Son dövrdə Azərbaycanla və Türkiyə arasında müsbət mənada tarixdə görünməmiş yaxınlaşma gedir. Bu mənada Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfərlərini və bunun ardınca avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərini necə qiymətləndirirsiniz? - 12 iyul hadisələri ilə bağlı Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun və Müdafiə naziri Hulusi Akarın verdikləri bəyanat düşmənlərimizə və onların havadarlarına meydanda tək olmadığımızı göstərdi. Ordumuzun Tovuz sərhədində erməni qüvvələrini darmadağın etdikdən cəmi bir neçə gün sonra Türkiyə Silahlı Qüvvələrinin 11 min heyətlə, böyük sayda hərbi texnika, hərbi hava qüvvələri ilə ölkəmizə gəlişi düşmənlərimizi daha da vahimələndirdi. Hər kəs bu gün yaxşı görür ki, Türkiyə və Azərbaycanın bütün təhlükələrə, təhdidlərə, düşmənlərə və şər qüvvələrə qarşı birləşməsi artıq reallığa çevrilir. Prezident Ilham Əliyevin Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətilə görüşündə dediyi kimi "Yaxın zamanlarda Türkiyə bütün sahələrdə olduğu kimi, hərbi texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır". Həmin görüşdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın "83 milyonluq Türkiyə xalqının nəbzi Azərbaycanla döyünür. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik"- söyləməsi də Türkiyə Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələsinin başlandığını göstərir. - Son günlər cəmiyyətdə Türkiyə hərbçilərinin Azərbaycanda qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə intensiv çıxışlar səslənir. Bu məsələyə də münasibətinizi bilmək istərdik. - Bütün əlaqələri "Bir millət, iki dövlət" prinsipinə söykənən Azərbaycan - Türkiyə tərəfdaşlığının daha sıx inteqrasiya səviyyəsinə çatdırılması artıq bir şərtdir. Terrorla, işğalla, qonşuları tərəfindən haqsızlıqlarla, ərazi iddiaları ilə üzləşən hər iki qardaş dövlətin bütün problemlərini bir yerdə, birlikdə həll etmələrinin zamanı çatmışdır. Bu baxımdan Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi təklifini birmənalı olaraq dəstəkləyirəm. Mən hesab edirəm ki, qardaş dövlətlərimizin münasibətləri öz müstəqilliklərini saxlamaq şərtilə, konfederativ əlaqələr səviyyəsinə qaldırılmalıdır. Vahid xarici siyasət, vahid ordu birliyimizin təməlini təşkil etməlidir. Bu- qaçılmazdır. Geopolitik təhlükələr, dünyanın gedişatı bunu bizdən tələb edir. Hər şeydən əvvəl, yarada biləcəyimiz birlik Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, bölgəmizdə sülhün, sabitliyin təmin olunmasında tarixi rol oynaya bilər. - Bir neçə il öncə deputat Qüdrət Həsənquliyev tərəfindən Avropa İttifaqı modelində “Türk-Slavyan Respublikaları İttifaqı”nın (TSRİ) yaradılması ideyası yenidən gündəmə gəlib. Yəni söhbət ondan gedir ki, bu ideya reallaşacağı təqdirdə həmin ittifaqa Türkiyə ilə yanaşı, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın da daxil ola biləcəyi istisna olunmur… - Mən sizin haqqında danışdığınız təklifin detalları ilə tanış deyiləm. İstənilən halda, Türk -Slavyan birliyinin tərəfdarı deyiləm. Təkcə o səbəbdən ki, yolları fərqli olan dövlətlər ortaq xəyallar qura bilməz. Rusiyanın bütün fikri-zikri postsovet məkanında ağalıq etmək, fürsət düşən kimi, SSRI-yə bənzər bir model qurmaqdır. Bu günkü Rusiya Federasiyasının tərkibinə baxın. Əslində, bu dövlət - türk və slavyan xalqlarının birliyidir. Digər etnoslar azlıqdadır. Öz tarixi torpaqları ilə Rusiya Federasiyası ərazisində qalan türklər - tatarlar, başqırdlar, çuvaşlar, balkarlar, kumıklar, qaraçaylar, yakutlar, noqaylar və onlarla digər türk əsilli xalqlar nə gündədirlər? Rusiya İmperiyasının ömrü bir az da davam etsə, onların çoxu öz milli kimliklərini itirəcək, tarixin səhnəsindən silinəcəklər. - Sizcə, Qarabağ münaqişəsi danışıqlar vasitəsi ilə həllini tapmasa, müharibənin başlaması labüdləşə bilərmi? - Danışıqlar aparmaq, məncə, vaxt itkisidir. Hər bir danışığın məqsədi - anlaşa bilməkdir. Qarşı tərəf anlaşmaya heç yaxın da gəlmir. Əgər Paşinyan deyirsə ki, biz Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu qaytarmayacağıq, onunla daha nə barədə danışmaq olar? Ermənilər bizə müharibədən başqa yol qoymurlar. Bir siyasətçi kimi ehtimal edirəm ki, dövlətimizin bu məsələdə planlı şəkildə həyata keçirdiyi siyasət var. Hədəf torpaqlarımızı azad etməkdir. Bunu bu yaxınlarda keçirdiyi müşavirədə Prezident də açıq söylədi. Düzdür, ölkə başçısı təfərrüatlara varmadı, bu da aydındır. Çünki təfərrüatlar dövlət və hərbi sirrdir. Amma sirr olmayan bir həqiqət var: Belə davam etməyəcək, Azərbaycan əsgəri qartal kimi düşmənin başına şığıyacaq! - Cəmiyyətdə ədəbiyyatın rolunu, yerini nə cür təsəvvür edirsiniz? Bədii əsər oxumağı sevirsinizmi? Müasir Azərbaycan şair və yazıçılarından kimləri oxuyubsunuz? Sənət və ədəbiyyat adamları arasında dostlarınız varmı? - İnsanın həyatında ədəbiyyatın rolu olduqca böyükdür. O, sanki müdrik bir insan kimi bizə yol göstərir, nəsihətlər verir. Düzdür, bəziləri kimi mən hesab etmirəm ki, ədəbiyyat insanı qəhrəmana çevirir, həyat yollarında onun əlindən tutub, bütün çətinliklərə sinə gərməyə kömək edir. İnsanı kamilləşdirən, möhkəmlədən gerçək həyatın özüdür,onun ağrılı, acılı hadisələridir. Odur ki, insanlara xüsusən də, gənclərə gecə-gündüz bədii kitab oxumağı, uydurma həyatdan zövq almağı tövsiyyə etməyin tərəfdarı deyiləm. Kitabdakı həyat illuziyadır. Illuziyalarla yaşamaq olmaz. Kitabdan zəngin biliklər almaq, real həyat situasiyalarında onlardan istifadə etmək lazımdır. Aludə olmaq, əsla, doğru deyil. Əlbəttə ədəbiyyatın şəxsiyyətin formalaşmasında da rolu mühümdir. Bədii obrazlar bizə hələ uşaqlıqdan xeyir və şər, doğru və yalan, həqiqət və yanlış, vicdan və daşqəlblik və s. kimi anlayışları öyrədir. Vaxtımın az olmasına baxmayaraq, bədii ədəbiyyat oxumağa çalışıram. Gəncliyimdə, xüsusən tələbəlik illərimdə çox mütaliə etmişəm. Klassimlərimizlə yanaşı,dünya ədəbiyyatının tanınmış simalarının əsərlərini sevə - sevə oxumuşam. Günümüzdəki Azərbaycan ədəbiyyatı da mənə maraqlı gəlir. Müasir ədəbiyyatımızın orta və yaşlı nəslinin nümayəndələri Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Kamal Abdulla, Çingiz Abdullayev, Seyran Səxavət, Rüstəm Behrudi, Zemfira Əlişqızı, Elçin Hüseynbəyli, Mürvət Qədimoğlu və digərlərinin yaradıcılıqlarını izləməyə çalışıram. Eyni zamanda, Şərif Ağayar, Aqşin Yenisey, Varis Yolçuyev, Nərminə Məmmədzadə, Seymur Baycan, Ülkər Nicatlı kimi gənc yazarlarımızın əsərlərini məmnuniyyətlə oxuyuram. Gənc şair və nasirlərimizin içərisində istedad sahibləri çoxdur. Təəssüflər olsun ki, müasir ədəbiyyatımızı saf- çürük edən, onu istiqamətləndirən ədəbi tənqid zamanın çağırışlarına cavab vermir. Bu səbəbdən bədii sferada, söz meydanında bir qarışıqlıq var. Əlinə qələm alan özünü yazar hesab edir, az qala dahi sanır. Sənət, ədəbiyyat aləmində dostlarım var. Onlarla tez-tez bu mövzularda söhbətlər edirik. - Dinə münasibətiniz və dinin cəmiyyətdəki rolunu necə görürsünüz? - Mənim fikrimcə, din ilahi qüvvənin - Allahın mövcudluğuna insanın daxilindən, qəlbinin dərinliyindən, beyninin içindən gələn inamdır, əminlikdir. Din nə Roma Papasıdır, nə Qafqaz Müsəlmanları İdarəsidir, nə bütün Rusiyanın patriarxlığıdır. Din-insanla onu yaradanın, bütün göylərin, yerin, aləmlərin sahibi arasındakı rabitədir. Dinin cəmiyyətdəki ən böyük rolu ondan ibarətdir ki, inanclı insanlar, ürəkdən ibadət edənlər, əsasən, toplumda saflığın, düzgünlüyün, ədalətin, vicdanın yanındadırlar. Bəşəriyyəti yaşadan elə bu dəyərlərdir. Yoxsa dünyamızın nizamı pozular və insanlıq çökər. Mən müsəlmanam. Bununla fəxr edirəm! Bütün konfessiyalara, inanclara hörmətlə yanaşıram. Ateizmi heç qəbul etmirəm. - Həyatda arzularınızın neçə faizini reallaşdıra bilibsiniz? - Hər bir insan həyatı dərk etməyə başlayandan onun qəlbində saysız - hesabsız arzular kök salır. Mənim də ürəyim həmişə arzu və istəklərlə dolu olub. Onlara çatmaq üçün gərək ardınca gedəsən, ərinməyəsən, yorulmayasan, əziyyətə qatlaşasan. Mən arzularımın ardınca getməyi sevən insanam. Uğur insana gəlmir, biz özümüz gedib ona sahiblənməliyik. Demirəm ki, bütün istəklərimə qovuşmuşam. Allahıma şükür olsun, qazandığım az deyil. Zənnimcə, arzuların riyazi hesabını aparmaq mümkün deyil. O səbəbdən ki, hər gün adamın qəlbinə yeni-yeni arzular gəlir. Son nəfəsində belə arzular insanı tərk etmir. - Asudə vaxtınızı necə keçirirsiniz? - Mən asudə vaxtımı övladlarımın, nəvələrimin əhatəsində keçirməyi xoşlayıram. İmkanım daxilində yaşlı qohum-əqrabama, həyatda qalmış müəllimlərimə baş çəkməyi unutmuram. X.Əhmədov
© 2020 - Created by İLK XEBER.