Təhsil naziri “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı problemi həll etdi

Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatlarının azaldılması ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə  böyük sayda mütəxəssislərin iştirakı ilə keçirilən onlayn konfrans zamanı bəyanat qəbul edildi. Bəyanatın qəbulundan sonra  Təhsil nazirliyi  tərəfindən bizlərə dəvət gəldi. Mütəxəssislər içərisindən seçilən dörd nəfərlik nümayəndə heyətini Təhsil nazirliyinin səlahiyyətli nümayəndələri qəbul etdi. Öncədən bildirək ki, nümayəndə heyəti həm qarşılanmadan, həm də söhbət zamanı nümayiş etdirilən yüksək nəzakətdən məmnun qaldı. Söhbət zamanı Təhsil nazirliyinin səlahiyyətinə daxil olan bütün məsələlərdə nümayəndə heyəti ilə razılaşma oldu. Nümayəndə heyəti həm də Ümumi tarix, o cümlədən Azərbaycan dili və ədəbiyyatı saatlarının azaldılması məsələsini də gündəmə gətirdi. Məsələlərin müzakirəsi zamanı o da bəlli oldu ki, Təhsil nazirliyi bir çox məsələlərdə Ali Təhsil müəssisələrinə sərbəst seçim hüququ vermişdir. Təəssüf ki, həmin Ali Təhsil müəssisələrinin əksəriyyətinin rəhbərləri bu məsələdə ciddi yanaşma ortaya qoymur, ziddiyyətlərin yaranmasında birbaşa iştirak edirlər. Məsələn, onların Təhsil nazirliyinə göndərdikləri ekspertlər isə işin öhdəsindən gələ bilmirlər. Çünki bu ekspertlərin hansı meyarla seçildiyi hamımıza bəllidir. Nəticədə, belə hallar ortaya çıxır. Buna görə də Təhsil nazirliyində bizə bildirdilər ki, siz bu məsələdə Ali Təhsil müəssisələri ilə də danışıqlar aparın. Biz yalnız qeyri-ixtisas fakültələrində “Azərbaycan tarixi” saatlarının artırılması və bir də hansı dövrdən tədris olunması məsələlərinə baxa bilərik.  Elə də oldu. Təhsil nazirliyi söz verdi ki, onların səlahiyyətləri daxilində olan məsələləri qısa zamanda həll edib Ali Təhsil müəssisələrinə göndərəcəkdir.  Bu günlərdə də qərar çıxarıldı. Qərarda deyilir: “Bir qrup tarixçinin ali təhsil müəssisələrində ”Azərbaycan tarixi" fənninin tədrisi ilə bağlı Təhsil nazirliyinə ünvanlamış müraciətinə və bununla bağlı mətbuatda yazılan fikirlərə cavab olaraq bildiririk ki, bakalavriat səviyyəsinin (əsas baza tibb təhsilinin) ixtisas üzrə təhsil proqramının yeni çərçivə sənədi hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2020-ci il tarixli F-226 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin çərçivə sənədinin ümumi fənlər blokunda (bütün ixtisaslarda) 5 kredit həcmində “Azərbaycan tarixi” fənni məcburi fənn kimi nəzərdə tutulmuşdur. Qeyd edirik ki, ixtisaslar üzrə təhsil proqramlarında fənnin saatları deyil, kreditləri qeyd olunur və həmin kreditə ayrılmış saatların həcminin müəyyən edilməsi müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisələri tərəfindən aparılır. Vurğulamaq istəyirik  ki, 5 kredit həcmində müəyyən olunmuş “Azərbaycan tarixi” fənni müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisəsi tərəfindən 75 saat həcmində tədris olunacaq. Beləliklə, Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramlarında fənlər üzrə yalnız minimum kreditlər müəyyən edilir və həmin fənlərin tədrisi üçün ayrılan saatlarının yekun olaraq müəyyən edilməsi ali təhsil müəssisələrinin səlahiyyətinə buraxılır". Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq başda yeni təyin olunan nazir olmaqla, nazirliyin bu işdə əməyi keçən bütün əməkdaşlarına səmimi minnətdarlığımızı bildiririk. Əminik ki, biz yenə də bir yerdə tariximizin məsələlərini müzakirə edəcəyik. Çünki “Azərbaycan tarixi”nə ayrılan saatlar daha da artırılmalıdır. Bu bizim hamımızın həm də bir vicdan borcumuzdur!  Çünki biz Vətənimiz üçün əsl vətənpərvər insanlar yetişdiririk. Bunun yolu da tarixi təfəkkürün formalaşmasından keçir. Bu yolda hamımıza uğurlar diləyirik!   Dilavər Əzimli, tarixçi alim