Özümə acığım tutdu

 Mən niyə şeir yazmadım?

 Tanıyanlar da, tanımayanlar da bunu tez-tez soruşur məndən.

 Doğrudan da, necə yazmaya bildim? Yazmaya?!

 İstedadlı insanlar bilir ki, şeir yazmaq çox çətin bir işdir, Məmməd Araz necə deyir: “Ağır bir sənətə könül bağladın, bəxtimə dərdin də ağırı düşdü...”.  Yaxşı şeir yazmaq çox çətindir. Çünki yazdığın sözlər Poeziya olmalıdır! Kimsə demişdi: “Fikirləş bir, Şekspir var, Şekspir!”

 İki şeir kitabı, 30-a qədər tərcümə kitabım çıxdı, amma... o vaxtdan əl saxladım, şeir yazmadım.

 Məmməd İsmayılın bir şeiri var: “Hara getsən, yol açıqdır, 35 yaşına qədər, Ali-ali məktəblərin qapısı da... açıqdır 35 yaşına qədər...”. Şeir tam yadımda deyil. 30 yaşı keçmişdim, gördüm ki, mən artıq biliyimi, istedadımı, fikir və düşüncəmi kapitala çevirməliyəm, amma mən hələ xəyallar aləmindən ayrıla bilmirdim... Yaşamaq kapital tələb edir, maddi nemətlər tələb edir, hər yaşın öz tələbləri var...

 ...Amma yazmaya bildim!

Razılaşın ki, yazmaq necə çətindirsə, bir istedad yiyəsi üçün yazmamaq ondan da çətindir. İradə Tuncay deyirdi ki, “realizə olunmayan istedad qorxuludur... intihar-zad...”. Amma yaxşı ki, tərcümə əlimdən tutdu, enerjimi tərcüməyə verdim... yoxsa kim bilir...

 Özümə acığım tutdu, yazmadım.

 Ağacəfər Həsənli, Tofiq Mütəllibova niyə 500 dəfə salam verməli idim ki, yadına düşüm... Ki, onda mənim şeirlərim var, nə vaxt çap edəcək... Onu da Məmməd Araz deyəndən sonra.  Tofiz Mütəllibov “Azərbaycan gəncləri” qəzetində şeiri növbə ilə çap edirdi. Qəzetdə şeir çap etdirmək Bakıda 4 otaqlı bir ev almağa bərabər idi.

 “Özümə acığım tutdu...". Bu sözü gözəl yazıçı, həssas insan Cəmil Əlibəyov dedi mənə: “Elə bilirsən, mənim acığım tutmur özümə? Elə bilirsən, biz çəkməmişik bu zülmü? Adlı-sanlıların uşaqları gəldi, biz qovluğumuzu götürüb getdik...”

 70-80-ci illərdə bütün ədəbi redaksiyalarda şeirdən, poeziyadan bezgin, rəncidə bir əhval vardı... Çox eybəcər münasibət - şeir şöbəsinin müdirləri gəncləri görmək istəmirdi.  İstedadlı şair, Moskva Ədəbiyyat İnstitutunu bitirmiş Rəşad Bəydəmirli deyirdi: “Nəriman Həsənzadə adamı axırıncı misraya qədər alçaltmamış şeirini çap etmir... ”. Nəriman Həsənzadə o zaman “Ədəbiyyat və İncəsənət” qəzetinin redaktoru idi.  Sonralar xalq şairi olmuş biri belə deyirdi: ”Allah Nikolay Tixonovun evini yıxsın ki, deyib: “Azərbaycan xalqı şair xalqdır..” . Deyib və milləti avara qoyub... Hamı şeir yazır....”.  Davud Nəsibin üzünə heç baxmaq olmurdu, üzündə şeirdən bezgin bir ifadə vardı... Davud Nəsib “Ədəbiyyat və incəsənət”də şeir şöbəsinin müdiri idi.

 Haqqımda yaxşı sözlər yazmış ustad Məmməd Aslan ərklə deyirdi: “Ay Firidun, şeir yazmaq bir  şeydi, onu cücərtmək (çap etdirmək) üçün dürlü-dürlü bacarıqlar gərəkdi...”. 

  “Ulduz” jurnalının əməkdaşı Əhəd Muxtar belə deyirdi: “Şair gərək həyasız olsun, qapıdan vurdular, bacadan girsin...” (?). “Mütəhərrik” olmaq lazım idi, mənsə belə ola bilmirdim... Məlum “ədəbi region”lardan da deyildim... Odur ki, özümə acığım tutdu...

 Nüsrət Kəsəmənli ilə o, “Bakı” qəzetində işləyərkən tanış və dost olduq. Sonra, əsgərlikdə bir müddət birlikdə xidmət etdik. O məni Səyavuş Sərxanlı ilə tanış etdi...  “Ulduz” jurnalında Səyavuş Sərxanlı şeirlərimi seçib hazırladı, şəkil-zad istədi ki, nəhayət, məni bir sevindirsin. Amma Yusif Səmədoğlu iki il şeirlərimi buraxmadı... Səyavuş da pis vəziyyətdə qaldı... “Ulduz”da sonralar çap olundum... Amma... nədən belə olsun?

 1988-də Xəlil Rza haqqımda “Uğurlu yol” qeydlərini yazdı, amma elə həmin il “Azadlıq” Meydanı çağırdı bizi... və Bəxtiyar Tuncayla, Fuad Ağayevlə, İslam Sadıqla, Rauf Mirqədirovla... sözümüzü orda deməyə başladıq... 

 Eldar Baxış şeirlərimi radio ilə verdi, zəng eləyəndə dedi ki, “millət sənin şeirlərini dinləyir”, amma... Amma niyə belə olsun, Ayaz Arabaçı?

 Sabir Rüstəmxanlı ilə əvvəlcə yaxın, sonra uzaqlaşan münasibətlərimiz oldu, indi də var, amma Sabir müəllim o vaxt “Yazıçı” nəşriyyatına təqdim etdiyim qovluğu iki il saxladı, axırda Rüstəm Behrudi çağırdı ki, sənin kitabını yenə plana salmırlar, almanax üçün beş-altı şeirini seçmişəm, gəl.... “Yazıçı” nəşriyyatında o vaxt bir dəstə “dəstəbaz” və quldur redaktor vardı, Sabir Rüstəmxanlı onlarla az qala döyüşürdü, hər mənada döyüşürdü...  Qovluğumu alıb da getdim...

 O vaxt “Yazıçı”da işləyən Mustafa İskəndərzadə sonralar İdarəçilik Akademiyasında mənimlə rastlaşanda deyəcək: “Bağışla, o vaxt xətrinə dəydim...”. Mən burada dərs deyirdim, “kişi” burada politologiyadan dərs deyirmiş...

 Özümə acığım tutdu... və yazmadım. “Soyuq-soyuq baxışla söndürürlər adamı, öldürürlər adamı” – deyə yazmadım. O vaxt bir çoxlarını bezdirdilər, pisikdirdilər, uzaqlaşdırdılar... əl-qolunu soyutdular... 70-80-ci illərdə ədəbiyyatda da regionçuluq “sprut” kimi kök atmışdı... İradə Musyaeva bilər, yəqin, həmişə belə olub, hər halda indi də elədir.

 Yadımda qalanlardan Rauf Soltan, Əflatun Cəfərli, Əbülfəz Naxçıvanlı,  Hafiz Rüstəm, Telman Nəzərli, Cavanşir Eloğlu, Xaliq Rəhimli və bir çoxları istedadları ilə bu abı-hava arasında girinc qalmışdılar. Və o nəsil az qala görünmür indi.

 O vaxt deyirdilər ki, “hamı şeir yazır”, indi hamı satır, alverçidi, bəlkə bu yaxşıdı?... “Ən böyük təhlükə odur ki, indi kitab mağazalarına girən yoxdur”. ...Bizə hələ çox “sədərəklər” lazım olacaq... Dünyanın iki ən qədim, ən mənfəətli peşəsindən biri alver, ticarətdir... biz də onu seçmişik... İkincisi - heç.

 p.s. Ağacəfər Həsənli, Ayaz Arabaçı, heç özünüzə acığınız tutur?