Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
Bu günlərə qədər dünyanı yedəyinə alıb bəlli olmayan istiqamətdə aparan qloballaşmada bir durğunluq, geriləmə hiss olunmaqdadır. Əslində, böyük güclərin, nəhəng transmilli korporasiyaların ambisiya və maraqlarına işləyən bu proses onun bəzi öz oyunçuları tərəfindən (məsələn, ABŞ ) sabotaj edilir.
Deqloballaşmanın qaçılmaz olduğu çoxdan proqnozlaşdırılırdı. Bu gün ayrı -ayrı dövlətlərin dünya siyasətindəki rolunun, yerinin və əhəmiyyətinin güclənməsi-zəmanəmizin reallığıdır. Şübhəsiz ki, proses özü ilə müəyyən neqativlər də gətirir. Dünya birliyinin yeni risklərlə üzləşəcəyi ehtimalı da böyükdür. Daha çox narahatlıq doğuran hamılıqla qəbul edilmiş birgəyaşayış qaydalarının, beynəlxalq hüququn normalarının pozulmasının adi hala çevrilməsidir. BMT, onun Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların dünyada sülhün, istiqrarın təmin edilməsində rolu zəifləməkdədir.
Lakin deqlobollaşma meylləri yeni, daha əhəmiyyətli inteqrasiya proseslərinə də yol açır. Azərbaycan üçün bu baxımdan real və məqbul görünən dünyadakı Türk dövlətləri ilə əməkdaşlığı daha da genişləndirməkdir. Hazırda da Azərbaycan Türk Şurası tərkibində bu proseslərin önündə gedir. Ancaq sözügedən ölkələrin siyasi, iqtisadi, hərbi və s. sahələrdəki inkişaf səviyyələrinin fərqliliyi, siyasi elitalarının ambisiyaları və bundan irəli gələn baxış müxtəlifliyi, yerləşdikləri coğrafiyada Rusiya faktorunun hələ də təsirli olması, yaxın perspektivdə bu çərçivədə dərinləşmiş əməkdaşlığı və inteqrasiyanı istisna edir. Odur ki, qarşıdakı illərdə qardaş dövlətlərlə Türk Şurası çərçivəsində mövcud əməkdaşlıqla kifayətlənməli olacağıq.
Bütün əlaqələri "Bir millət, iki dövlət "prinsipinə söykənən Azərbaycan -Türkiyə tərəfdaşlığını daha sıx inteqrasiya səviyyəsinə çatdırmaq üçün bütün mümkün şərtlər mövcuddur.
Terrorla, işğalla, qonşuları tərəfindən haqsızlıqlarla, ərazi iddiaları ilə üzləşən hər iki qardaş dövlətin bütün problemlərini bir yerdə, birlikdə həll etmələrinin zamanı çatmışdır. Müstəqilliklərini saxlamaq şərti ilə qardaş dövlətlərin münasibətləri konfederativ əlaqələr səviyyəsinə qaldırılmalıdır. Vahid xarici siyasət, vahid ordu bu birliyin təməlində dayanmalıdır. Bu qaçılmazdır. Geopolitik təhlükələr, dünyanın gedişatı bunu bizdən tələb edir. Bu tarixi zərurət - hər iki qardaş dövlətin xalqlarının da arzusudur. Dövlətlərimizin rəhbərləri arasındakı səmimiyyət, bir-birlərinə qardaş deyə,müraciət etmələri də münasibətlərimizin yüksək səviyyədə olduğunun göstəricisidir.
Dünyanın ən qüdrətli ordularından birinə, güclü iqtisadiyyata, hərbi sənaye kompleksinə, yenilməz milli birliyə malik Türkiyənin, dünyanın neft-qaz mərkəzlərindən biri, Avropa qitəsinin enerji təminatı və təhlükəsizliyində əhəmiyyətli yer tutan, dayanıqlı iqtisadiyyatı, sərvətləri, maliyyə imkanları, samballı ordusu, möhkəm milli birliyi olan Azərbaycanla güclərinin birləşdirilməsi böyük bir region üçün önəmlidir. Bu hərbi-siyasi birlik Aralıq dənizindən tutmuş Mərmərə, Egey, Qara Dəniz, Xəzər dənizi hövzəsi regionunda, Qafqazlarda sülhün, faydalı əməkdaşlığın qarantına çevrilə biləcəyi heç kəsdə şübhə doğurmur. Azərbaycan-Türkiyə birliyinin gələcəkdə Mərkəzi və Orta Asiyaya, Əfqanıstana, Pakistana uzanan böyük bir coğrafiyadakı dövlətlərin yarada biləcəkləri güc mərkəzinin nüvəsini təşkil etməsi heç də utopiya deyil. Böyük yollar kiçik addımlardan başlayır. Gəlin, ilk mübarək addımmımızı ataq!