Çoxdan görüşməyə macal tapa bilmirdik. İnternetdə keçmiş həmkarım Ağasəf müəllimin həyətində bir park yaratmasından söhbət açmış və maraqlı görüntülər paylaşmışdı. Ona bu parkı görmək istədiyimi yazmışdım. Bu gün birdən telefonuma Xanoğlan müəllimdən mesaj gəldi: "Rayondayam, vaxtın varsa gəl bizim kəndə gedək". Zəng vurdum. Rayon mərkəzində görüşdük. Daimi yol yoldaşı olan oğlu Səid də yanındaydı. Səid haqqında çox eşitmişdim ondan. Anadangəlmə zəif doğulduğundan Xanoğlan üçün bir əlavə qayğı mənbəyi olsa da, atası onu bütün maddi çətinliklərə baxmayaraq taleyin ümidinə buraxmamış, bütün həkimləri gəzdirmiş və nəhayət Səidi ayağa qaldıra bildirmişdi. Yüngül qüsur qalmağına baxmayarq Səid çox sevimli bir gəncdir, savadlı, zirək və atasının işində ona bir nömrəli dayaq olan cəngavər bir gənc olub maşallah Səid, həm də şirindil və yapışıqlı. Səidlə tanış olmaqdan məmnun oldum.
Şiləvəngə kəndində Xanoğlangilin ata evlərinə enməmişdən qabaq, o yolun solundakı köhnə dəbdə tikilmiş, amma zövqlə təmir edilmiş bir evi mənə göstərərək dedi: "Bu evin sahibi Adinə kişi övladı olmadığılna görə vəfat edəndən sonra evinin məscid edilməsini vəsiyyət etmişdi. Adinə kişi rəhmətə gedəndən sonra bacısı uşaqları bu evi yadigar olaraq təmir elətdirdilər. Evin aşağısında isə kənd üçün məscid inşa elətdirdilər". Bacıuşaqlarının bu alicənablığı xoşuma gəldi. "Düş məscidə baş çəkək,-deyə maşını saxladım. Kiçik də olsa çox xudmani bir məscid inşa etdiriblər. Həm bayır tərəfi, həm də içəri tərəfi çox zövqlə düzəldilib. Həyətdə qəşəng dəstəmazxana da inşa olunub. Xanoğlan məscidin içərisində vərəqlərinin çox hissəsi saralıb, qıraqları yeyilmiş və cilddən ayrılan qədim bir kitabı mənə göstərərək, "Bu Quran anamın anasının ata babasına məxsus olub. Nənəm bu kitabı gözü tovdan düşənə qədər oxuyurdu. Təqribən 200 yaşı olar". Qədim kitabı əlimə alıram. Sanki əllərimin içində 200 illik bir tarix canlanır.
Xanoğlangilin ata evlərində qardaşı yaşayır. Evləri möhtəşəm Haçayurdun qoşa qayaları ilə üzbəüzdür. Ev sahibəsi həyətdəki gavalı ağaclarının qarşı dağlardan gələn mehin adamı üşütdüyü kölgəsində gözəl bir süfrə açıb. Halal təamlardan dadıb Ağasəf müəllimgilə tərəf yollanırıq. Kəndə təzə asfalt yol şəkilir. Amma nədənsə yol kəndin yarısına qədər nəzərdə tutulub. Yəqin ki, bu müəmmalı məsələ öz həllini tapar. Gözəl təşəbbüsü yəqin ki, yarımçıq qoymazlar. Ağasəf müəllimin evi çəkiləcək yeni asfalt yolun kəndə giriş hissəsindədir. Darvazada bizi oğlu qarşılayır. Həyətə daxil olan kimi doğrudan maraqlı bir görüntü ilə qarşılaşırıq. Həmişəyaşıl ağaclar şəhər parklarında olduğu kimi səliqə ilə üstdən və yanlardan biçilərək həyətə park gözəlliyi verir. Aralıq yerlərdə çoxlu qızılgüllər və dekorativ bitkilər boşluqları doldurub. Ağasəf müəllimlə, 30 il bir müəssisədə çalışdığım həmkarımla qarşı-qarşıya gələndə çoxdanın ayrılığından gözlərimiz dolur. Amma maşallah heç dəyişilməyib. Ürəyində çox ciddi problemlər olsa da gürünüşcə çox, şux və sağlam görsənir. Həyətin ortasında çarhovuz inşa edib. Bunun üçün Deman deyilən sərhədyanı ərazidən qayalığın çox məhdud hissəsində rast gəlinən və bir-birinə toxunduqda akustik səs verən qaya parçalarından inşa edib bu hovuzu. Mənə göstərmək üçün çarhovuzun içindəki fontanın qoşulmasını əmr edir. Hovuzun ortasındakı dekorativ qurğudan su fontran vurub ətrafa xüsusi bir gözəllik bəxş edir. Hovuzun cənub hissəsində qəşəng bir "besedka" inşa etdirib. Stolun üstü bayrağımızın simvolu olaraq üç rəngdə rənglənib. Şimal tərəfdə isə yanında bayrağımız dalğalanan bir guşə inşa olunub. Guşə üç tağlıdır, burada hələ ki, M. Ə. Rəsulzadənin, Ə. Elçibəyin və şəhid generalımız Polad Həşimovun qara mərmərdə həkk olunmuş portretləri qazılaraq yerləşdirilib.
Çay süfrəsində söhbət ulu tariximizə doğru səmt alanda danışılanlardan dəhşətə gəlirəm. Mən tariximizi dağların başında, Savalan ətrafında axtarırdım. Demə tariximizin ən sirli ilmələrindən biri elə burada, Şiləvəngə kəndinin torpaqlarının altında gizlənib. Ağasəf müəllimin dediklərinə görə adama boy verməyən küp qəbirlər kəndin demək olar ki, hər yerində var. Yekə kişilərin iplə içərisinə salladıqları küpləri çıxara bilmədiklərindən üstünü torpaqlayıb əkin sahələri yaradıblar. Bu küplərin içərisindən sehirli, rəngbərəng muncuqlar, metal hərbi və məişət və digər naməlum məqsədlər üçün tətbiq edilən əşyalar tapılmışdır. Ağasəf müəllimin evində ərazidən tapılan çoxlu saxsı nümunələri var. Mənə onların bir qismini göstərə bildilər. Qalanları isə dərin yerdə olduğundan ev sahiblərinə çıxarmaları üçün əziyyət vermədim. Bu yerlər, yəni, Yardımlı, Lerik və Savalan ətrafı ərazilərin çox qədim tarixə malik olmaları barədə qənaətimə bir daha yəqinlik tapdım. Azərbaycanımızın Meşkin şəhəri ətarfında aparılan tətqiqatlar bu yerlərin tarixini 7500 il əvvələ aparır. Yardımlıda 5000 illik tarixi olan kurqanın tapılması da hələ son deyil. İnanıram ki, bu tarix hələ bir az da dərinliklərə gedib çlıxacaq.
Maraqlı faktlardan biri də Şiləvəngənin yuxarı, şimala doğru hissəsində Əcəbşir deyilən bir ərazinin olmasıdır. Bu adda İran ərazisində böyük bir şəhər də vardır. Əcəbşir ərazisindən çoxlu qədim əşyalar tapılır. Burada olan qədim qəbristanlıq da ərazinin tarixi bir yaşayış məskəni olmasına işarədir. Qədim qəbristanlıqda "Ocaq" adlanan bir yer var. İnsanlar buradakı daşın üzərindəki at ayağının ləpirinin birinci imam Hz. Əlinin atına aid olduğuna inanırlar və buranı vaxtilə müqəddəs yer kimi ziyarət ediblər. "Ocaq"-pir adı da buradan qalıb. Bura yaxın başqa bir qayalıqdan qopub aşağı yuvarlanan hündürlüyü 5-6, diametdi isə 6-7 metr olan qaya parçası isə "Çırtma daşı" adlanır. Daş sanki xəncərlə iki yerə ayrılıb. Yarıqda "qundaq yeri" adlanan və məhz körpə bir uşaq bələyinin yerləşə biləcəyi bir oyuq var. Rəvayətə görə qucağında körpə bir uşağı olan gəlin ona təcavüz etməyə çalışan zalımlardan qurtarmaq üçün Allaha yalvararaq bu daşa çırtma vurmağı ilə daş aralanıb və gəlin içərisində körpəsi olan bələyi-qundağı heç olmasa körpəsi xilas olsun deyə o oyuğa qoyaraq, irəldəki qayadan özünü aşağı atıb. Bu müəmmalı daşdan bir az aralı "Ağıl daşı" deyilən bir daş da var ki, alt tərəfindəki oyuqda böyük bir qoyun sürüsü-ağıl qoruna bilər. Buna görə də daş belə adlandırılıb. Bundan başqa ərazidə fars və ərəbcə adlandırılan xeyli bulaq və yer adları da mövcuddur. Kəndin tarixinin çox qədim zamnlara gedib çıxmasının bir işarəti də kəndin aşağısında "Bazar dərəsi" adlandırılan bir yerin olmasıdır. Guya bura adı tarixlərdə həkk olunan və indiki Cerimbel kəndinin ərazisində yerləşən möhtəşəm Cərcəmil şəhərinin bazar meydanı olub. Yeri gəlmişkəın, onu da qeyd edək ki, imam Hüseynin həyat yoldaşı Şəhrəbanu xanımın məhz Cərcəmil padşahının qızı olduğu güman edilir. Belə ki, xəlifə Ömərin vaxtında bu ərazini işğal edən ərəb ordusunun Şama, Dəməşqə apardığı qənimətlər içərisində Şəhrəbanu xanım da olmuşdu və o, ona təklif olunan 11 nəfər gəncin içərisindən könüllü olaraq hz. Hüseyni seçmişdi. Bazar dərəsindən bir az yuxarı olan yerin "Dəvə uçan" adlanması da deyilənləri isbat edir ki, həqiqətən bazar düzünə müxtəlif ərazilərdən tcarət üçün gediş-gəliş olub.
Biz tariximizə bir az da güzgü tutmaq üçün kənd qəbristanlığına getdik. Əvvəlcə Xanoğlan müəllimin yaxın vaxtlarda vəfat etmiş atasının məzarını ziyarət edib ruhuna dua oxuduq. Və sonara... sonra isə qədim insanların ruhlaarı ilə üz-üzə dayandıq. Qəbristanlıq çox qədimdir. Çox böyük ərazinin lap kiçik bir hissəsi müasir dövrü əhatə edir. Digər geniş ərazi isə başdan ayağa tarixdir. Hansı daşa yaxınlaşırsansa uzaqlardan səda gəlir. Müxtəlif qoç, baş və digər totemləri ehtiva edən başdaşları bir-birinin dibinə söykəınib. Oğul lazımdır ki, bunlardan baş açsın. Qəbristanlıqdan çıxıb yaxınlıqdakı yaşı 1300 ili haqlamış qədim çinara doğru hərəkət edirik. Çinar əslində yaxınlıqdakı Ökü kəndinin ərazisində yerləşir. Bu kəndin də yaxınlığında sirrli mağaralar vardır. Deyilənə görə bu mağaraların içərisində hələlik tədqiq olunmayan yaraltı yollar mağaraları naməlum yerlərlə əlaqələndirir. Yardımlıya sovet qoşunları gələndə yerli adamlar din xadimlərini qorumaq məqsədi ilə onlarda olan nadir dini kitabları bu mağaralarda gizlədiblər.
Ökü çinarı deyilən bu qədim çinar Yardımlı ərazisində nisbətən tam qalan çinarlardan biridir. Çinarın nəhəng gövdəsinin özəyi dağıldığından içərisi sanki böyük bir mağaranı xatırladır. Çinarla son görüşümdən fərqli olaraq indi çinarın ətrafının çəpərlənməsi bu tarixi yadigarın dibindən yeni pöhrələrin baş qaldırmasına səbəıb olub. Çinarı bu dəfə canlanmış görməyim əlbəttə məni sevindirdi.
Şiləvəngədə gördüklərim və eşitdiklərim yazdıqlarımın cüzi bir hissəsidir. Qoy qalanları ilə Xanoğlan Əhmədov və kəndin digər sayılıb -seçilən şəxsləri məşğul olsunlar. İnanıram ki, tədqiqatçılar bu əraziyə cəlb edilsələr, yurdumuzun daha bir vacib qaranlq keçmişi üzə çıxacaq.