"Bunları dinləmək üçün adamın əsəbləri poladdan olmalıdır..."

H.Əliyev: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Hər bir xalqın ən böyük sərvəti onun dilidir. Bizim zəngin, mükəmməl dilimiz var. Təəssüf ki, bu dildən həmişə, hər yanda lazım olduğu kimi istifadə olunmur. Dövrümüzün özəlliklərindən biri də KİV-in dilimizin inkişafına, nitq normalarının formalaşmasına olan təsiridir. Əgər 60-70 il əvvəl yalnız məktəblər, kitablar, yazılı mətbu orqanları belə bir təsir gücünə malik idisə, indi daha çox radio-televiziya, internet saytları, sosial şəbəkələr dilimizi əsir alıb və bu təsir getdikcə artır. Radio-televiziya xüsusi özəllikləri olan kütləvi informasiya vasitələridir və daha çox təsir gücünə malikdir. Xüsusən də burda diktorların, veriliş aparıcılarının, müxbirlərin rolu çox böyükdür. Onların həm nitqi, həm davranışı, həm xarici görünüşü diqqət çəkir və insanların, ən əsas da gənc nəslin zövqünün formalaşmasına təsir göstərir. Uşaqlı-böyüklü hər kəs televiziyada xəbərlərə, siyasi-ictimai verilişlərə, əyləncəli proqramlara maraq göstərir, bəzən saatlarla baxır və bu zaman istər-istəməz eşidilən nitq birbaşa beyinə, şüura təsir göstərir, danışığımızın, nitqimizin formalaşmasında iştirak edir. Hətta: "televiziya verilişlərinə baxmıram"- deyən adamlar da bəzən saatlarla televizoru açıq qoyur, evimizə icazəsiz daxil olan veriliş aparıcılarının nitqindəki qüsurlara qulaq öyrəşir, dil alışır. İstər-istəməz eşitdiyimiz pozulmuş nitq normaları vərdiş halını alır, uşaqlar dil açmağa başlayandan nitqləri qüsurlu olur.  Burda diktorun, aparıcının şəxsiyyətindən, nitq qabiliyyətindən çox şey asılıdır. Odur ki, tv jurnalistlərinin nitq mədəniyyəti düzgün formalaşmalı, diktorlar, aparıcılar zəngin leksikaya, düzgün diksiyaya, savadlı nitq qabiliyyətinə malik olmalıdırlar. Monitorinqə başlayanda tv kanallarında fəaliyyət göstərən saysız-hesabsız, dadsız-duzsuz, zövqsüz şoulardan, "əyləncəli" verilişlərdən deyil, xəbər proqramlarından yazmağı qərara aldım. O tipli verilişlərlə hər şey aydındır. Verilişin mövzusundan, məsələlərin qoyuluşundan, aparıcıların qüsurlu nitqindən, əttökən zarafatlarından, dəvət edilmiş qonaqların yersiz, məntiqsiz replikalarından tutmuş, adət-ənələrimizə, bəzən əxlaqi normalara zidd, xoşagəlməz kadrlara qədər - hamısı ancaq insanın əsəblərini korlayır, gənclərimizə lazımsız örnək olur. Xəbər proqramları isə hər bir tv kanalının simasıdır və onun səviyyəsinin göstəricisidir. Hər şeydən əvvəl, qeyd  etməliyəm ki, digər verilişlərdə rast gəldiyimiz mənfi hallar xəbər proqramlarında yox dərəcəsindədir. Bu verilişlərin diktorları, əsasən, düzgün nitq qabiliyyətinə malikdirlər, sözləri düzgün tələffüz edirlər. Burda heç bir xoşagəlməz halla rastlaşmırıq. Burda ən nəzərə çarpan qüsurlar tələffüzlə, cümlə quruluşu ilə bağlı olur. Bəzən sözlərdə qrammatik cəhətdən səhvlər olur, yerinə düşməyən, dilimizdə qarşılığı olan alınma sözlərlə qarşılaşırıq. Sizi bəzi nümunələrlə tanış etmək istəyirəm. Diktorların nitqində həm orfoepik, həm leksik, həm qrammatik, həm də sintaktik (cümlə quruluşu)  qüsurlarla rastlaşdım. Orfoepik qüsurlardan ən çox qarşımıza çıxan "q" səsinin tələfüzüdür. Qərb - gərb, naqil - nagil, qəsdən - gəsdən, qiymətlər - giymətlər kimi səhv tələffüzə əsasən rusdilli aparıcıların, danışığında rus ləhcəsi hiss olunan diktorların nitqində rast gəlinir. Bunu bəlkə də sözlə təsvir etmək mümkün deyil, amma sözlərin vurğusunda, cümlənin deyiliş intonasiyasında belə bir ləhcə  açıq-aydın  hiss olunur. Leksik-semantik qüsurlardan bəzən sözlərin yerində işlənməməsini, dilimizdə qarşılığı ola-ola xarici dillərdən götürülmüş sözlərdən istifadə olunmasını göstərə bilərik. Məsələn, aktiv, sektor, minimal, temp sözləri dilimizdə işlənsə də, bunların qarşılığı olan fəal, bölmə, az, sürət sözlərini işlətmək daha münasib olar. Cümlədə düzgün işlənməyən sözlərə aid bir neçə nümunə gətirək. "Ümumiyyətlə, belə bir vaksinin olmama" (tapılmama) ehtimalı da istisna edilmir"  - olmama sözü düzgün işlənməyib, tapılmama, daha doğrusu, "tapılmayacağı" sözü daha yerində olar. "Fransada koronavorusa yoluxanların sayı kəskin artım tempi nümayiş etdirib" - nümayiş etdirib nə dərəcədə düzgündür? "Fransada koronavirusa yoluxanların sayında kəskin artım var" deyilsə, daha sadə və düzgün olmazmı? "Bununla da koronavirusdan həyatını itirənlərin sayı 17400-ə yüksəlib" - yüksəlib tamamilə səhvdir, "çatıb" olmalıdır. "Sosial müdafiə ilə təmin olunanların sayı 130-150 minə artıb" - artıb yox, çatıb olmalıdır. Xəbərlərin idman bölməsində "3-1 üstün olan" (3-1 hesabı ilə üstün olan olmalıdır), "sürət yığdı" ifadələri də leksik  normaya tamamilə ziddir. Bəzi cümlələrdə qrammatik normaların pozulması halları ilə rastlaşırıq. "Hər bir ictimai iaşə müəssisələrinin", "məktəb alış-verişləri"; "Koronavirusa ilk yoluxma  halı (halına olmalıdır) məhkumda rast gəlib (gəlinib olmalıdır)". "Eyni zamanda, mətbuat konfransında 14 iyulda keçirilən ümumxalq yürüşünün virusa yoluxma saylarının (sayının olmalıdır) artmasına mənfi (mənfi sözü yerinə düşmür) təsir göstərdiyi qeyd edilib və bildirilib ki, hazırda Azərbaycan hökuməti tərəfindən dünyada (dünyada əvəzinə bəzi ölkələrdə olsa daha yerinə düşər) peyvəndin hazırlanması prosesi yaxından izlənilir və həmin şirkətlərlə əməkdaşlıq edilir"- bu cümlə, eyni zamanda, uzun  olması ilə də fərqlənir. Bu tipli cümlələrə xəbər aparıcılarının dilində çox rast gəlinir, nəfəs dərmədən bir neçə məlumatı bir uzun cümlədə çatdırırlar, bəzən fikri tutmaq çətin olur. Sadə, anlaşıqlı cümlələrdən istifadə olunsa, daha məqsədəuyğun olar. "Vaxtında müraciət etsələr, koronavirusdan (koronavirus infeksiyasından) daha asan  sağala bilərlər  (sağala bilərdilər)". "Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, bu cür yoxlamalar hər gün polis əməkdaşları  tərəfindən  aparılacaq" - cümlə səhv qurulub, çünki burda əsas vurğulanan polis əməkdaşlarının məhz "hər gün" yoxlama aparacaqlarıdır, odur ki, cümlə: "Elşad Hacıyev Xəzər Xəbərə bildirib ki, bu cür yoxlamalar polis əməkdaşları  tərəfindən hər gün  aparılacaq" "Dünən axşam saat 21 radələrindən başlayaraq şimal-qərb bölgəsindəki qeyri-sabit hava şəraiti nəticəsində  rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb"- qeyri-sabit hava şəraiti güclü külək və yağışın səbəbi deyil, məhz külək və yağış "qeyri-sabit hava şəraitini yaradır". "Özünüməşğulluq proqramın (proqramının olmalıdır) genişləndirilməsində  bu il həm də Dünya Bankı ilə birgə yeni layihəyə də başlanılacaq" - cümlə düzgün qurulmayıb. "Poliklinikalardan ibarət 39 məntəqənin  nümunə materiallarının götürülməsi ilə bağlı (bağlı artıqdır) məşğul olması" - "39 (məntəqədə) poliklinikanın nümunə materiallarının götürülməsi ilə məşğul olması" - daha düzgün olar. "Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz  rayonları ərazisinə yağış yağıb" - "bölgəni əhatə edən (bu ifadəni çox zaman yerində işlətmirlər) düzgün deyil, "Bölgənin ərazisində olan" - kimi işlədilməlidir. Ən çox xoşa gəlməyən "Space" telekanalında Elvin Basqallının apardığı "Hər Gün" xəbərlər proqramı oldu. Aparıcı qaça-qaça, qışqıra-qışqıra studiyaya  daxil olur, yerində fırlana-fırlana xəbərlərin anonsunu verir (yəqin ki, diqqəti daha çox cəlb etmək üçün). Heç xoş təsir bağışlamır. Bu cür başlanğıcdan sonra nitqinə diqqətlə qulaq asdım. Danışıq tərzi, diksiyası  xoşagələn olmasa da, nitqində elə bir ciddi qüsur yox idi. Amma veriliş boyu çıxış edən bölgə müxbirlərinin nitqləri qüsurlu idi. Bir neçə misal. "Neft-qaz lahiyələri",  "bir neçə dövlətlər" və s. "Qax rayonu polis əməkdaşları tərəfindən sərt karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq icazələri (icazəsi - hərənin bir icazəsi olur) olmadan istirahət məqsədilə gələn şəxslər (şəxslərin olmalıdır) müəyyən edilməsi məqsədilə reyd keçirilib"- məqsədilə sözü iki dəfə işlədilərək cümləyə ağırlıq  gətirib. "Bu gün xətlərə rekord sayda maşın buraxılıb"- xətlərə yox, marşrut xətlərinə. "Hər Gün" proqramına  faciəli bir məlumatla son verildi. "Yevlaxdan gəldi acı xəbər. ........ 34 yaşlı kişi sularda can verdi. Meyit səhər saatlarına qədər axtarıldı. Yalnız səhər saatlarında meyiti tapmaq mümkün oldu. Mərhumun cansız bədəni onun hələ də sağ olacağına ümidli olan ailəsinə təhvil verildi". Aparıcı hər sözü, hər ifadəni xüsusi vurğu ilə deyərək, xəbərin ağırlığını daha da artırmağa çalışırdı. Başa düşürəm, burda hər cür xəbər verilə bilər. Kriminal xəbərlərlə, faciə ilə də hər gün rastlaşırıq. Amma xəbəri bu qədər dramatikləşdirib insanların tarıma çəkilmiş əsəblərini bu qədər gərginləşdirmək nəyə lazım? Xəbərlər proqramının əsas hissəsi qurtardıqdan sonra  "Hava haqqında məlumat" bölümü başlandı. Bu bölümü axıradək izləyə bilənlərə xüsusi mükafat düşür. Bölümün aparıcısı Aytən Süleymanovanı dinləmək üçün  adamın əsəbləri poladdan olmalıdır. Bu xanımın heç elə bil Azərbaycan dilindən xəbəri yoxdur. Sözləri güclü rus ləhcəsi ilə,  bərbad halda tələffüz edir. Elə intonasiya ilə danışır ki, nə dediyini başa düşmək olmur. Diksiyadan ümumiyyətlə anlayışı yoxdur. Bu xanım kimin üçün danışır, bəlli deyil. Müqayisə üçün "Space" telekanalının gündəlik bir "şou" proqramı ilə tanış olmağa qərar verdim və gördüm ki, "Xəbərlər" proqramı xeyli şükürlü imiş. Aparıcı Amil Xəlillinin idarə etdiyi "Gəl dərdini danış" proqramı əsl tragikomediya idi. Aparıcının nitqindən götürdüyüm bəzi nümunələr: "ekranlarda olun"; "bir növ gəlinlərindən şikayətçidir"; "dəhşətli üzləşmə"və s. Qadın deyir: "Uşaqlarımı istəyirəm, bir təhər yaşayacağam",- aparıcı şərh verir ki, yəni belə bir aura ilə qarşılaşdıq. Verilişə gələn xanım ailəsi ilə münaqişədədir, bir övladı ilə küçədə qalıb, aparıcı soruşur ki, övladınla bağlı xəyalların var? Bir verilişdə çox xoşagəlməz söhbətlərlə, bir-birinə qarşı dilə gətirilə bilməyən ittihamlarla qarşılaşdım, daha artıq yazmaq istəmirəm. Ümumiyyətlə, monitorinqin sonunda belə nəticəyə gəldim ki, televiziya kanallarımızda gedən xəbər proqramları başqa verilişlərə nisbətən daha səviyyəli hazırlanır və normal nitq qabiliyyəti olan (bəzi qüsurları nəzərə almasaq) diktorlar tərəfindən aparılır. Amma bir neçə tv kanalında xəbər proqramları ilə bəzi əyləncəli şou verlişləri arasında uçurum var. Buna "Azad Azərbaycan", "ARB", "Xəzər", "Space" kanallarını misal göstərmək olar.  İstəyərdim ki, bu verilişlər yenidən saf-çürük edilsin, lazımsız şou proqramların, əyləncəli yemək verilişlərinin, reklam xarakterli sağlamlıq proqramlarının yerinə hərbi-vətənpərvərlik ruhunda verilişlər salınsın. Tariximizə, dilimizə aid məlumatlar  verilsin, əxlaqı-didaktik mövzularda, elmi-kütləvi məzmun daşıyan qısametrajlı filmlər çəkilib göstərilsin, məhz uşaqların başa düşəcəyi dildə, qəbul edəcəyi bir tərzdə onlara çatdırılsın. Ümid edirəm ki, yaxın zamanlarda Azərbacan tv kanallarında arzu etdiyimiz dəyişiklikləri görə biləcəyik.