Evli Qazın Göyərçin eşqi və ya uşaqlarımızın tərbiyəsi

Uşaq ədəbiyyatı ədəbiyyatımızın ən gərəkli və çətin sahələrindən biridir. Bu sahədə əsər yazmağa hər özündən deyən şair və yazıçı cürət etməyib. A. Şaiqi , M. Müşfiqi, A. Səhhəti, M. Ə. Sabiri, H Cavidi indi gör kimlər əvəz etmək fikrindədir? "Xoruz", "Keçi", "Uşaq və buz", "Gəl, gəl, a yaz günləri", Cütçü", "Qız məktəbində" oynaq ritmi, məlumatlandırıcı xarakteri, öyrədici xüsusiyyətləri ilə tam uşaqlara, onların psixologiyasına uyğun idi. Uşaq ədəbiyyatının, xüsusiıə, dərsliklərə salınmış mətnlərin bugünki vəziyyəti çox acınacaqlıdır. Uşaqlar üçün yazılan şeir, hekayə, təmsillər uşaqlara ana dilini düzgün öyrətməklə yanaşı, həm də onların zehni inkişafına kömək edən, ən təsirli tərbiyə vasitələrindən biridir. Eləcə də uşaqlar üçün yazılmış əsərlər vətən sevgisini, milli-mənəvi dəyərlərə yiyələnməyi hələ uşaqlıqdan onlara aşılayaraq, vətənpərvər ruhda böyümələrinə güclü təkan verən vasitədir. Amma indi uşaqlar üçün nəzərdə tutulan əsərlərdə bunun tam əksi ilə qarşı-qarşıyayıq. Ədəbi aləmdə tanınmayan təsadüfi müəlliflərin cızma-qaraları çap olunaraq nəfis tərtibatla, cəlbedici şəkillərlə yayılır. Bunun qarşısını almaq, bu biabırçılığa son qoymağın vaxtı artıq çoxdan çatıb. Bildiyimiz kimi, uşaq ədəbiyyatını təmsillərsiz təsəvvür etmək olmaz. Öz qaynağını şifahi xalq ədəbiyyaından alan təmsillər özündə əxlaqi-tərbiyəvi hikmət ifadə edir. Klassiklərimizin təmsillərinin sonundakı ibrətamiz nəticənin uşaqlara tərbiyəvi təsiri isə danılmazdır... Gəlin indi Aygün Bal adlı müəllifin təmsil adına uşaqlar üçün nəzərdə tutulmuş  aşağıdakı "əsərinə"ə diqqət yetirək. Yazının (təmsil deməyə dilim gəlmir) məzmunundan belə məlum olur ki, evli Qaz bir Göyərçinə vurulur. Göyərçin əvvəl naz edir, razılıq vermir, bilir ki, Qaz ona tay deyil, amma eşidəndə ki, Qazın yaxşı pulu var, razılaşır. Qaz hər gün restoranda Göyərçinə qonaqlıq verir. Arada arvadına da hədiyyələr alır ki, gizli eşqindən xəbər tutmasın. (Bilməyənlərə də yol öyrədirlər sanki. Qaz və Göyərçin - Quş da nəsə yaxşı səslənmir). Bir gün işin üstü açılır, Qazın xanımı göylə gedən Göyərçin xanımın üstünə gedir, qırğın düşür, dava başlayır, vurhavur, tutatut, dartmayaxamcırıldı olur. Bütün quşlar səsə yığışır. Sonda Göyərçin görün nə deyir? "Mənim davadan xoşum gəlmir. Axı mən sülh göyərçiniyəm." Hamıya məlumdur ki, təmsillər əxlaqi-tərbiyəvi və nəsihətamiz məzmunda olur.Təmsildə bir son nəticə olar. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində ifadə edir. Ordan əxz olunmuş qiymətli ifadə alınar. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Olmasaydı cahanda sarsaqlar, Ac qalardı yəqin ki, yaltaqlar. "Kişi bir sənəti bilər xalis, Çoxuna meyl edən qalar naqis" S.Ə.Şirvani. "Bu mәsәlin vardır ona nisbәti: Bir kәsin bir kәsә ola ülfәti, Gәrәk zar olanda, o da zar ola, Hәmişә dostundan xәbәrdar ola." Q.Zakir Bu təmsil isə iki yaramaz , qeybətcil qadının qeybətinə oxşayır. Bundan uşaq nə öyrənəcək, nə ibrətamiz nəticə çıxaracaq? Qazla Quşun eşqimi olur? Elə buna bənzər şeirlər dərsliklərdə də az deyil. Ən cox da ibtidai sinif dərsliklərində. Halbuki idtidai sinif uşaqlarının nə öyrənməsinə ciddi diqqət yetirilməlidir. Hələ A.Bakıxanov bir əsr bundan öncə özünün "Təhzibül-əxlaq" əsərində yazırdı ki, uşaqlıqda qazanılan bilik daş üzərinə, sonradan qazanılan bilik isə qum üzərinə yazılan yazıya bənzər. Buradan belə nəticə çıxır ki , uşaqlara, onların tərbiyəsinə , nə öyrəndiyinə ciddi diqqət yetirilməli, fikir verilməlidir. Çünki uşaqlıqda öyrəndikləri onların beyninə elə həkk olunur ki , illər onu oradan silə bilməz. Bundan əvvəlki nəsil Nizaminin "Sirlər xəzinsi", M. Ə. Sabirin, Q. Zakirin, S. Ə. Şirvaninin ibrətamiz hekayələri ilə böyüyürdü. İndi də belə axmaq şeirlərlə... Nə baxan var, nə nəzarət edən. Əvvəllər bu mövzularda danışmaq belə eyib sayılardı, uşaqlardan gizlədilirdi. Yaraşdırmazdı insan özünə. İndi danışmaq bir yana, uşaqlara da oxudurlar. Söylədi eşqini Qaz Göyərçinə, Dedi: "Vurulmuşam nə vaxtdır sənə". Evli olduğunu bilsə də Qazın, Göyərçin artırdı bir az da nazın... Uşaqlarımızı, gənclərimizi korlaya-korlaya hara gedirik , görəsən? Bu da illərdir beyinlərdə formalaşdırdığımız , şahların belə hörmətinə müharibələri dayandırdığı sülh quşumuzun uşaqlara sırınan (üzr istəyirəm) obrazı! Bu, ümumiyyətlə, bir nəfərin deyil, komanda əməlidir, yazan, redaktə edən, çapa imzalayan, çap edən, satışa qoyan. Kim ağzına nə gəldi, yazır. Bu başqa, amma niyə hazır məhsul kimi qarşımıza çıxır? Niyə mənəviyyat korlanır, niyə uşaqlara qətiyyən aidiyyətı olmayan yazılar uşaq ədəbiyyatı adına xalqa sırınır? (Üzr istəyirəm ifadəmə görə, başqa cür düzgün ifadə edə bilməzdim ) Uşaq ədəbiyyatı yazmağın məsuliyyətini, hər yazıçı və ya şair boynuna götürməyə qadir deyil. Yüngüllük bütün sahələri başına almaqda, mənəviyyata dağıdıcı təsir göstərməkdə, gələcəyimizi korlamaqdadır. Gəlin özümüzə qayıdaq, klassiklərimizdən bəhrələnək, "inciyə, altun bilərziklərə deyil də, təmizliyə və bilgiyə dəyər verən, sevgisi ilkin Allaha, sonra onun gondərdiyi elçilərə, anası, babası, müəlliməsi və bütün insanlara olan"(H. Cavid "Qız məktəbində") saf qəlbli , təmiz mənəviyyatlı uşaqlar tərbiyə edək! Gəlin, gələcəkdə satqınlarla , xainlərlə , mənəviyyatsızlarla, xəyanətkarlarla üzləşməmək üçün, ailə təməlimizin möhkəm qurulması xatirinə dərsliklərə , uşaqların tərbiyəsinə bu gündən ciddi fikir verək və bu işi dərsliklərdən , kitablardan başlayaq. Xüsusən də, uşaq ədəbiyyatından! Axı uşaqlar bizim gələcəyimizdir!