Karvanımız çox dayandı...

İt hürərsə, karvan keçməz ...
İt hürürsə , karvan keçə bilmir, atam,
İt hürür, oğruları duyuq salır, quldurları ayıq salır.
Pozulur karvanln yolu, soyulur karvanın özü ...
Neçə ildir, hürən itlər başımızı yaman qatdı,
karvanımız yoldan oldu!
Uyduq sənin bu sözünə:
"İt hürər, karvan keçər", - dedik ,
30 ildir karvan qalıb bu tərəfdə, keçə bilmir,
öz yoluyla gedə bilmir.
İtlər yaman çoxalıbdır...
Hürmək nədir, üstümüzə ulayırlar,
dişlərini qıcayırlar.
Quyruqların sarılara bulayırlar,
sonra gedib qab dibini yalayırlar.
hürə-hürə it olublar.
hürə-hürə çoxalıblar,
Hürə-hürə torpaqları qoparıblar,
hürə-hürə sərvətləri aparıblar!
Hürə-hürə baş qatıblar,
dünya əhlin aldadıblar, çaşdırıblar.
Daş atıb, başın tutublar!
İtlər hürdü, karvanımız getməz oldu.
Karvanımız çox xıxladı,
sarbanımız yuxuladı ...
"İtlər hürür, karvan keçmir".
Dediyin söz düz çıxmadı,
Yalan oldu, yanlış oldu.
Karvanımız çox dayandı, getməz oldu,  atam!
karvanımız dayandı!
"Arxalı köpək qurd basarmış".
Bax bunu düz bildin, atam!