Aztəminatlı əhaliyə hüquqi yardım

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit etmiş olsa da, bir sıra hallarda vətəndaşların bu hüquqdan istifadə imkanları  məhdudlaşdırılır. Hazırda elə amillər var ki, yuxarıda qeyd olunan konstitusion hüquqdan istifadə edilməsinə mənfi təsir göstərir.

2018-ci ildə isə məhkəmə işlərinin sayı ümumilikdə 700 mindən artıq olmuşdur. Hər 10 000 nəfərə 1,5 vəkillə bu qədər məhkəmə işlərində müdafiəni təmin etmək fiziki olaraq mümkün deyildir.

Hazırda ən ucuz hüquqi yardım xidmətinin qiyməti təxminən 300-500 manat arasında dəyişir. Bu məbləğ minimum əmək haqqının 250, orta aylıq əmək haqqının isə 590 manat olması şəraitində əhalininn aztəminatlı təbəqəsi üçün hüquqi yardıma əlçatanlığı çətinləşdirir.  Bu cür vəziyyət daha çox məcburi köçkünlərin, təqaüdçülərin, şəhid ailələrinin, qadınların və digər həssas qrupların hüquqi yardımdan istifadə imkanlarını məhdudlaşdırır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun mətbuata açıqlamasından bəlli olur ki, hazırda ölkədə vəkillərin sayı 1700 nəfərdən çoxdur. Əslində vəkillərin sayının getdikcə artması vətəndaşların, o cümlədən aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində aparılan dövlət siyasətinin uğurla həyata keçirilməsində öz imkanlarından geniş istifadə edir. Vəkillər Kollegiyasının bugünki fəaliyyəti, xüsusilə əhalinin aztəminatlı hissəsinin dövlət hesabına hüquqi yardım xidmətlərinə çıxışının təmin olunmasının, bu xidmətin keyfiyyətinin artırılmasının həm dövlətin sosial məqsədləri, həm də ədalət mühakiməsinin maraqları baxımından olduqca əhəmiyyətlidir.

Ölkə qanunvericiliyi həssas əhali qrupu üçün ödənişsiz hüquqi yardımı nəzərdə tutmuş olsa da, istifadə şərtlərinin məhdud şəkildə müəyyən edilməsi bundan çox az hallarda faydalanmağı mümkün edir.   “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsində deyilir ki, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. İnzibati işlərdə dövlət büdcəsi hesabına hüquqi yardımın göstərilməsi hüququna yalnız 1) İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanlar; 2) Lal, kar, kor olanlar və 3) Fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslər malikdirlər. Cinayət işlərində ödənişsiz hüquqi yardım əsasən vəkilin məcburi iştirakı nəzərdə tutulan işlərdə, Mülki işlərdə isə işlərə yalnız Ali Məhkəmədə baxılması zamanı nəzərdə tutulmuşdur.

Mülki işlərdə pulsuz hüquqi yardımdan faydalanmaq imkanı yalnız Ali Məhkəmə instansiyasında nəzərdə tutulur ki, bu da bütövlükdə pulsuz hüquqi yardımdan istifadəni əhəmiyyətsiz edir. Halbuki staistikada mülki işlərin çəkisi digər işlərlə müqayisədə dəfələrlə çoxdur. Rəsmi statistikaya görə, 2018-ci il üzrə 701199 məhkəmə işindən 157465-i cinayət işləri və inzibati xətalar, 482322-si mülki işlər və iqtisadi mübahisələr, 61148-i inzibati mübahisələrə dair işlərin payına düşür.

2018-ci il üzrə məhkəmə işlərinin sayını ən yaxşı halda 1500 vəkil arasında böldükdə 1 vəkilə 467 iş düşür ki, bu qədər işin bir vəkil tərəfindən aparılması mümkün deyildir. Əslində mövcud statistika mübahisələrin çox böyük əksəriyyətinin vəkilin iştirakı olmadan həll edildiyini və vətəndaşların keyfiyyətli hüquqi yardım hüququndan istifadə imkanında olmadığını ortaya qoyur.

Zəif hüquqi məlumatlılıq ədalətə çıxışa mənfi təsir göstərən digər  mühüm amillərdəndir. Müşahidələr göstərir ki, insanlar bir çox hallarda üzləşdirkləri problemlərin həlli yollarını bilmədiklərindən problemə sosial problem, mənəvi problem və özəl problem kimi yanaşırlar. Mövcud vəziyyət hüquq və azadlıqları haqqında məlumatsız olmaları ilə bərabər, hüquq pozuntusu halında nə etmək lazım olduğunu da bilməyə imkan vermir. Rəsmi statistikaya görə əhalinin 70%-dək hissəsinin internetə çıxışı olmuş olsa da, internet resurslarından faydalanma göstəriciləri yüksək deyildir...

Məcid Əliyev

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Sivilizasiya" Monitorinq və Araşdırmalar İctimai Birliyi tərəfindən “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində çap olunur.