Elbəyi Cəlaloğlunun yeni kitabı işıq üzü görüb

“Əvən yeri” oxucuların ixtiyarında Tanınmış yazıçı, şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun “Əvən yeri” adlı növbəti kitabı işıq üzü görüb. Kitab tirajı 200 olmaqla “3 saylı Bakı Mətbəəsi” ASC-də hazır depozitivlərdən ofset üsulu ilə çap edilmişdir. Kitabın ikinci səhifəsində yer alan annotasiyada deyilir: ““Əvən yeri” kitabına tanınmış yazıçı, şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun bu vaxta qədər qələmə aldığı oçerklər, ədəbi-tənqidi mövzuda yazdığı məqalələr, tədqiqat xarakterli yazılar, səfər qeydləri, publisistik məqalələr, müsahibələr və kiçik həcmli hekayələrindən seçmələr daxil edilib. Kitabda həmçinin müəllif haqqında yazılmış, onun əsərlərindən bəhs edən ədəbi-tənqidi və publisistik məqalələr, həsr olunmuş şeirlər, götürülmüş müsahibələr və götürülmüş müsahibələr də yer alıb”. “Əvən yeri” kitabında 150-dən çox şair, yazıçı, rəssam, heykəltaraş, aşıq, alim, jurnalist, siyasətçi və s. Azərbaycan ziyalısı barədə müəllifin fikirlərini oxumaq olur. Bu sırada Azərbaycanın və Türk dünyasının müxtəlif toponimləri haqda da müəllifin səfər qeydləri və araşdırma yazıları vasitəsilə məlumat almaq olur. Diqqət çəkən detallardan biri də kitabın adıdır. Bu barədə kitabın 3-cü səhifəsində müəllif özü açıqlama verir: “Əvən yeri nə deməkdir? Yeniyetmə vaxtlarımda bu sözü çox eşitmişdim, məsələn, bir nəfər bir yerə çox gedəndə deyirdilər ki, o yer elə bil bu adamın əvən yeridir. Hətta bəlağətlə yox, yeddi il ayrılıqdan sonra, həsrətdən gözləri tutulmuş anası və gənc bacısı ilə görüşərkən onları bağrına basmaq əvəzinə üç bənd şeiri saz üstündə ifa etmək izni alan Aşıq Qəribin epik səbri və aşiqlik hövsələsi ilə desək, kəndimizdə belə bir gizlən-qaç oyunu da var idi. Ortaya qoyulmuş Əvən daşının yanında bir nəfər gözünü yumar, qalanları isə gizlənərdi. Sonra Əvən daşının yanındakı uşaq gözünü açar və gizlənənləri ehtiyatla axtarmağa başlayardı. Ona görə ehtiyatla ki, bu oyunçu Əvən yerindən uzaqlaşdığı zaman kimsə gizlindən çıxıb qaçaraq əlini Əvən daşına birinci vursa, axtaran uşaq uduzmuş sayılar, oyunu yenidən başlamalı olardı və bu, ta onun gizlənənlərin hamısını bir-bir tapıb, onlardan əvvəl Əvən daşına əl basa bilməsinə qədər davam edərdi. Bundan sonra qalib oyunçunu başqası əvəz edərdi. Beləliklə, bəhs etdiyimiz terminin mənası təxminən aydın olsa da, bunun əsil anlamını sonralar milli tariximizi əks etdirən qaynaqlardan öyrəndim. Məlum oldu ki, qədim zamanlarda türk qəbilə və tayfa başçıları şərtləşərək müəyyən etdikləri bir yerdə, iri bir daş və ya qayanın ətrafında yığışaraq orada rəsmi görüş təşkil edərlərmiş. Burada siyasi və iqtisadi məsələləri müzakirə edər, ortaq maraqlara uyğun qətnamə və ya qərarlar qəbul edərlərmiş. Qərarların sonuncusu isə növbəti toplantının vaxtını müəyyən edən tarix olarmış. Təklif olunmuş qərarların təsdiqlənmə mərasimi isə onların ətrafına toplaşdıqları daşın üzərinə əl qoymaları ilə icra olunarmış. Yəni görüş iştirakçılarından biri əlini daşın üzərinə qoyaraq qətnamə və ya qərarları təsdiqlədiyini deyir, bunun ardınca sonrakılar da əllərini həmin əlin üstünə qoymaqla verilmiş qərarları qəbul etdiyinə işarə edərlərmiş. Burada bir-birinin üstünə qoyulmaqla qalaqlanan əllər, həm də birlik, bərabərlik simvolunu nümayiş etdirərmiş. Başçıların təkrar-təkrar toplaşdığı həmin yer “Əvən yeri”, qərarın təsdiqləndiyi daş isə “Əvən daşı” adlanarmış. Qeyd edim ki, bəzi yerlərdə, əsasən dağlıq bölgələrimizdə “əvən” sözü “əfən” sözüylə əvəzlənir ki, bu da Oğuz və Qıpçaq deyim fərqilə izah oluna bilər. Dağlıq bölgələrdə “çiliyağac” oyun adının “əvənəsalma” deyil, məhz “əfənəsalma” kimi tələffüz olunması bir nümunədir. “Əvən” və ya “əfən” sözü Azərbaycan orfoqrafiya lüğətində yer tutmasa da, dialektoloji lüğətimizə “bir adamın çox gedib-gəldiyi yer” kimi daxil olunmuşdur. “Əvən” və ya “əfən” sözünün mənası əslində “ocaq”dır. “Ocaq piri” anlamında olan “əfəndi” sözü də buradan doğur. Əfəndilik – kübarlıqdır, təhsil görmək, haqq ilə düşünmək, millətinin, dövlətinin qeydinə qalmaqdır, nümunəvi insan, ədalət carçısı olmaqdır, əsil ziyalılıqdır. Bəzən “əfəndi” sözünün Orta Yunancadakı “avthentis” – bəy, ustad, həzrət, seyyid, mövla anlamında olduğunu da deyirlər. Lakin nəzərə alsaq ki, “əvən” sözü “ev”, “ocaq” və ya maddi mənası ilə yanaşı hardasa bir siyasi yön də daşıyan “ov” anlamından törəyib, o zaman bu versiya özünü doğrultmur. Yəni “əvən” tər-təmiz türk sözüdür və olsun ki, türkçədən yunancaya keçib. Kitab nəyə görə “Əvən yeri” adlanır? Bu kitabda bu vaxta qədər qələmə aldığım oçerklər, ədəbi-tənqidi mövzuda yazılmış məqalələr, tədqiqat xarakterli yazılar, səfər qeydləri, publisistik məqalələr, müsahibələr yer alıb. Kitaba həmçinin haqqımda yazılmış, əsərlərimdən bəhs edən məqalələr və məndən götürülmüş müsahibələr də daxildir. Bütün bu yazılarda çoxlu sayda elm və sənət insanlarının, ziyalıların –  alim, yazıçı, şair, aşıq, rəssam, siyasətçi, jurnalist, müğənni və s. adı keçir, onlardan və onların yaradıcılıq nümunələrindən bəhs olunur. Burada da birlik, bərabərlik nişanəsi müşahidə edirəm. Bu mənada bu kitabı adı çəkilən zümrənin ƏVƏN YERİ hesab edirəm. Allah ömür versə, əlbəttə ki, bu ənənəni davam etdirəcəm”. Qeyd edək ki, Elbəyi Cəlaloğlu “Səninlə ilk görüşdə”, “Bu köç hara gedir?..”, “Dan üzünün rəngi”, “Haqq məndədi” adlı şeir və poemalar kitablarının, “Mehralı bəy” dastan-poeması, “Göy ərləri, yaxud Borçalı türklərinin etnik tarixinə səyahət” etnoqrafik-publisistik araşdırması, “Eşq dənizləri qovuşanda” dərvişnaməsi, “9-cu meydan” povesti, “Yasəmən ətri” romanı, “60 ilin söhbəti”, “Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri”, “Dr. Əhməd Məmmədov və radiotexnika elmi”, “Professor Tapdıq Həsənovun ömür yolu”, həmçinin “Elat fədailəri” kitabında yer almış “Mədəd Coşqunun sərgüzəştləri” və “Dağ yolunda, köç arabasında, elatın içində doğulan şair” adlı sənədli povestlərin, eləcə də hekayələr, oçerklər və yüz əllidən çox müxtəlif səpkili məqalələrin müəllifidir. Bu vaxta qədər yazdığı oçerkləri, tədqiqat xarakterli yazıları, ədəbi-tənqidi və publisistik məqalələrindən seçmələrdən ibarət olan “Əvən yeri” kitabı müəllifin oxucularla növbəti görüşüdür. “Əvən yeri” kitabının işıq üzü görməsi münasibətilə tanınmış araşdırmaçı-yazar Elbəyi Cəlaloğlunu təbrik edir, ona cansağlığı, oxucu sevgisi və yaradıcılıq uğurları arzu edirik.