Heydər Əliyev və gənclər siyasəti

Ülviyyə Ağayeva, Milli Məclisin deputatı

Müasir dövrümüzdə ölkənin inkişaf etdirilməsi siyasətində gənclərlə bağlı iş, gənclərə  xüsusi qayğı və diqqət, onların dövlət idarəetməsinə cəlb edilməsi, gənclərə məsul vəzifələrin həvalə edilməsi, gənclərin təhsilinə ciddi diqqət yetirilməsi mühüm məsələlərdən biri, bəlkə də birincisidir. Bu, müstəqil dövlətimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin apardığı uzaqgörən və müdrik siyasətin, tutduğu yolun davamıdır.  Məhz Heydər Əliyev Respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkmiş, dövlət və cəmiyyət üçün sağlam və müasir düşüncəli, milli-mənəvi dəyərlərə söykənən yüksək intellektli yeni nəslin yetişdirilməsini ən önəmli vəzifə kimi görmüş və öz siyasi varislərinə də bunu həvalə etmişdir. Məhz H.Əliyevin hakimiyyəti illərində  gənclərlə iş sahəsində qanunvericilik bazası yaradılmış, gənclərin təhsilinə, inkişafına xüsusi dövlət qayğısı normativ aktlarla tənzimlənmişdir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək, onların dövlətin idarə olunmasına cəlb edilməsi üçün, sosial tələblərinin ödənilməsi, dünya standartlarına uyğun təhsil almaları  üçün dövlət ardıcıl siyasət yürütməyə başlamışdır. 1994-cü ildə  Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması (Gənclər və İdman Nazirliyi bütün fəaliyyətini gənclərin inkişafına yönəltmək üzərində qurmuş, müxtəlif tədbirlər keçirərək gənclərin həyat şəraitini yüksəltməyə,onlara başladıqları işlərdə dəstək verməyə nail olmuş və bu gün də həmin istiqamətdə fəaliyyətini davam etdirməkdədir), 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi,  1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi, 1999-cu ildə Ulu Öndərin "Dövlət Gənclər Siyasəti"nin həyata keçirilməsi ilə bağlı Fərmanı, 1999-cu ildə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi" Proqramı gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılmış  mühüm addımlar kimi qiymətləndirilməlidir. 2001-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək  "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalamışdır. Bu Fərmanın ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul və maddi dəstək olmuşdur
 2 fevral 1998-ci ildə Heydər Əliyev gənclərə müraciətlə demişdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."  Ulu öndərin müdrik uzaqgörənliklə söylədiyi sözlər bu günümüz üçün bir şüara çevrilmişdir və tam əminliklə  söyləyə bilərik ki, onun bünövrəsini qoyduğu iş bu gün də inkişaf və davam etdirilməkdədir. Bu, Heydər Əliyevin gənclər üçün saldığı əbədi bir yoldur. Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.