Prezidentin zirvə görüşündə üç mühüm bəyanatı

Ölkə rəhbəri ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini önə çəkdi, “erməni əhalinin problemləri” haqda spekulyasiya cəhdlərinə nöqtə qoydu və...

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə üç vacib məsələyə toxunub. Ölkə rəhbəri öncə bir daha ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini önə çəkib.

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi, “erməni əhalinin problemləri” haqda spekulyasiya cəhdlərinə bir daha nöqtə qoyub. Sitat: “Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.

Üçüncü məsələ isə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirməyin türk dünyasının coğrafi parçalanması haqda bəyanatı olub. Sitat: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Siyasi şərhçi Elçin Mirzəbəyli dedi ki,  Prezidentin bəyanatları Türk dünyasının və Avrasiya subregionunun bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir: “Bu xüsusda diqqət çəkən istiqamətlərdən biri ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət, BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Helsinki Yekun Aktının prinsiplərinin heçə sayılması, işğalçıya qarşı analoji vəziyyətlərdə tətbiq edilən təzyiq mexanizmlərinin 30 ilə yaxın bir zaman kəsiyində işə salınmaması və təbii ki, Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlardan başqa alternativlərin qalmamasıdır. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri eyni zamanda BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri, dünyanın aparıcı dövlətləri- güc mərkəzləridir, o zaman BMT TŞ-nin qətnamələrinin icrasına görə onların ikiqat məsuliyyət daşıdığını qeyd edə bilərik. Amma Minsk Qrupu həmsədrlərinin Vətən müharibəsinə qədər ki, 26 illik fəaliyyəti ərzində işğalçıya qarşı nəinki iqtisadi, hərbi, diplomatik, heç siyasi təzyiqlər də edilmədi, əksinə, işğalın daha da uzanması, status-kvonun qorunması və Azərbaycanın təslimçi sülhə sövq edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edildi.

Elçin Mirzəbəyli: “Rusiya təzyiq dilini qəbul etmir və etməyəcək də...”

 Elçin Mirzəbəyli 

Torpağı işğal edilən Azərbaycan xalqı miqyası olmayan haqsızlıqlarla qarşı-qarşıya qaldı, öz evindən didərgin salınmış bir milyona yaxın vətəndaşımızın pozulan fundamental hüquqları nəzərə alınmadı, Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırım və özündə müharibə cinayətlərinin bütün komponentlərini daşıyan digər cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilmədi. Azərbaycan xalqına qarşı sivil bəşəriyyətin tarixində görünməmiş rəzil, çoxüzlü bir münasibət sərgiləndi. Cənab Prezidentin də öz nitqində qeyd etdiyi kimi, əgər ”Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi". ATƏT-in Minsk Qrupunun de-fakto fəaliyyətsizlikdə olduğu 26 illik böyük bir zaman kəsiyində biz dəfələrlə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi üçün təxirasalınmaz tədbirlərin həyata keçirildiyinin şahidi olduq. Məhz bu səbəblərdən Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasına, dövlət və mülki əmlakın, tarixi, mədəni və dini abidələrin, infrastrukturun darmadağın edilməsinə, Azərbaycan ərazilərində Ermənistanın hərbi birləşmələrinin törətdikləri misli görünməmiş müharibə cinayətlərinə, vandalizm aktlarına görə işğalçı ilə yanaşı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədrləri də məsuliyyət daşıyırlar. Azərbaycan Prezidentinin nitqində diqqət çəkən digər önəmli məqam işğal altında olan Azərbaycan ərazilərindəki “erməni əhalinin problemləri” adı altında beynəlxalq ictimai rəyə sırınan yalanlar və bu xüsusda edilən spekulyasiyalarla bağlıdır. Halbuki bugünkü real rəqəmlərə görə, sayı 60 minə çatmayan etnik ermənilərin, guya təhlükəsizliklərinin təmin edilməsi üçün bir milyona yaxın insan evindən didərgin salınmış, onminlərlə günahsız insan qətlə yetirilmiş, Azərbaycanın yaşayış məntəqələri viran qoyulmuşdu. İşğalçıların oyuncağına çevrilmiş 60 min nəfərə görə bir milyon insanın olmazın məhrumiyyətlərə məruz qoyulması, evlərindən didərgin salınması nonsensdir və bu müstəvidə spekulyasiya edənlərin misli görünməmiş simasızlığının bariz nümunəsidir. Bəli, hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. 

İlham Əliyev Türk Şurasının qeyri-formal Zirvə görüşündə çıxış etdi - Doğru  Xəbərlər

Azərbaycan özü BMT TŞ-nin qətnamələrinin icrasına nail olub, Zəfər qazanıb və dağıdılmış ərazilərdə bərpa işlərinə başlayıb. Cənab Prezidentin nitqində yer alan başqa bir mühüm istiqamət isə, şübhəsiz ki, Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti ilə bağlıdır. Qeyd edim ki, Prezident İlham Əliyev hələ 2009-cu ildə, Türk dövlət başçılarının Naxçıvan şəhərində keçirilən zirvə görüşündə Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilən Zəngəzurun Türk dünyası üçün əhəmiyyətindən söz açmış, Zəngəzurun qəsb edilməsi ilə Türk dünyasının coğrafi birliyinin pozulduğuna diqqət çəkmişdi. Həmin zirvə görüşündən Vətən müharibəsinə qədərki 11 illik bir zaman kəsiyində biz İlham Əliyevin xalqımızın, Türk dünyasının strateji hədəflərinə doğru addım-addım irəlilədiyinin şahidi olduq".

Akif Nağı:

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a üç məsələni bu cür şərh etdi: “ATƏT-in Minsk Qrupu, onun həmsədrləri ilə bağlı açıqlama reallığı əks etdirir. Eyni zamanda daha bu qrupa ehtiyac olmadığını göstərir. Ermənistan cidd-cəhdlə çalışır ki, Azərbaycanın müharibə meydanındakı qələbəsindən sonra yaranmış müvəqqəti vəziyyəti, status-kvonu həmsədrlərin köməyi ilə saxlasın. Düşmən ölkənin xarici işlər naziri Ara Ayvazyan iki gün əvvəl həmsədrləri ittiham etdi  və yeni şəraitdə onlara ”güclü həmsədrlərin" lazım olduğunu dedi. Yəni yeni şəraiti, status-kvonu saxlamaq üçün onlara güclü, onları daha ciddi müdafiə edəcək həmsədrlər, vasitəçilər istəyirlər. Hər kəs başa düşür ki, tam qələbə hələ əldə olunmayıb, torpaqlarımızın bir hissəsi, o cümlədən Xankəndi, Xocalı erməni-rus qüvvələrinin nəzarəti altında qalır. Ermənistan  o əraziləri qaytarmaq istəmir, əldə saxlamaq üçün müxtəlif vasitələrə əl atır, həmçinin yenidən diriltmək istədikləri Minsk Qrupu həmsədrlərinin köməyinə ümid edir. Ona görə də, prezident İlham Əliyev bu məsələdə konkret mövqe qoyaraq, bu həmsədrlərin ermənipərəst fəaliyyətinə bundan sonra dözmək fikrinin olmadığını bildirir. Eyni zamanda ermənilərin, onların havadarlarının son ümidlərini heçə endirir ki, daha Dağlıq Qarabağ adında inzibati vahid yoxdur. Prezidentin bu mövqeyi vacibdir və Azərbaycanın qəti iradəsinin nümayişidir. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı bir neçə vacib mesaj verdi. Əvvəla, bu ərazinin qədimdən Azərbaycana mənsub olduğunu və öz həqiqi sahibinə qaytarılmalı olduğunu bir daha diqqətə çatdırdı. Bu, həm tarixi fakt kimi qabardıldı, həm də həmin ərazilərin geri qaytarılması üçün atılacaq praktiki addımların anonsu verildi. Prezident yaranmaqda və güclənməkdə olan Türk birliyi üçün də Zəngəzur dəhlizinin önəmini vurğuladı. Bütün bunlar yeni güc mərkəzinin formalaşdığını, bu mərkəzin öz qarşısına böyük vəzifələr qoyduğunu göstərir".