Qulamhüseyn Əlibəyli: “Vətəndaşın yataq otagına xəlvəti soxularaq gizli kamera ilə videoçəkilişlər aparmaq əxlaqdan uzaq iyrənc əməldir"

“Vətəndaşın yataq otagına xəlvəti soxularaq gizli kamera ilə videoçəkilişlər aparmaq və həmin çəkilişləri sosial şəbəkələrdə yerləşdirmək əxlaqdan uzaq iyrənc əməl olmaqla yanaşı həm də şəxsi həyata qanunsuz müdaxilə kimi cinayət məsuliyyətinə səbəb olan hərəkətdir.” Bu fikirləri sosial şəbəkədə Milli Şuranın sədri  professor Cəmil Həsənlinin qızına aid olduğu deyilən intim video yayılmasına münasibət bildirərkən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli söyləyib.
Partiya sədri həmin görüntülərə baxmaq fikrində olmadığını bildirərək qeyd edib ki, bu faktın özü beynəlxalq hüquq və dövlətin Konstitusiyası ilə təminat verilən şəxsi həyata qanunsuz cinayətkar müdaxilədən heç kimin sığorta olunmadığını bir daha təsdiq edir. Əvvəllər də belə əməllərin baş verdiyini deyən Q.Əlibəyliyə görə, qanunsiz videoçəkilişlərin xüsusi xidmət orqanları tərəfindən aparıldığına dair əsaslı şübhələr var. Eyni zamanda bu cinayət əməlinin hakimiyyətlə Milli Şura arasındakı münasibətləri daha da gərginləşdirərək şəxsi həyat müstəvisinə keçirmək, dövlət başçının başlatdığı dəyişikliklərə və nəzərdə tutulan islahatlara kölgə salmaq istəyən daxili və xarici qüvvələrin təxribatı olduğunu da istisna etmək olmaz.
Partiya sədri bütün bunları nəzərə alaraq Respublika prokurorluğu tərəfindən dərhal cinayət işi başladılaraq istintaq aparılmasının, cinayət əməlini törədən konkret şəxslərin aşkara çıxarılması, məsuliyyətə cəlb olunaraq qanuni şəkildə ciddi cəzalandırılması üçün lazımi tədbirlər görülməsinin gərəkliyini vurğulayıb.