Qulamhüseyn Əlibəyli: "Rusiya hərbi kontingentinin seperatçı cinayətkar rejimi müdafiə etməsi..."

Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının imzaladığı 10 noyabr tarixli bəyanatın bəndlərindən biri də Ermənistan ərazisindən Naxçıvana uzanan Zəngəzur dəhlizinin açılmasıdır. Bu da Azərbaycanı Muxtar Respublika ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat dəhlizinin yaranması deməkdir. Lakin Ermənistan bütün vasitələrlə həmin dəhlizin açılmasının reallaşmasına mane olmağa çalışır. Zəngəzur dəhlizi ətrafında yaranmış problemə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, sözügedən dəhlizin açılmasının Ermənistan tərəfindən müxtəlif bəhanələrlə ləngidilməsi ermənilərin 10 noyabr bəyanatına tam əməl etmək istəmədiyini bir daha təsdiq edir: “Erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmaması, Ermənistanda orduya çağırılan şəxslərin hərbi xidmət keçmək üçün cinayətkar separatçı rejimin və Rusiya hərbi kontingentinin nəzarət etdiyi Azərbaycan ərazilərinə göndərilməsi, Ermənistanın dövlət vəzifəli şəxslərinin həmin ərazilərə “rəsmi səfərləri” də nəzərə alınmaqla  deyə bilərik ki, Ermənistan 10 noyabr bəyanatının bir çox müddəalarını pozmaqda davam edir. Həmçinin sülhməramlı qüvvə kimi Azərbaycan ərazilərində yerləşdirilmiş Rusiya hərbi kontingentinin öz həqiqi missiyalarını yerinə yetirmək əvəzinə seperatçı cinayətkar rejimi hər vasitə ilə müdafiə etməsi Rusiya tərəfindən də həmin bəyanatın müddəalarının pozulduğunu göstərir”. Partiya sədrinə görə, belə olan vəziyyətdə Azərbaycan da həmin bəyanatla özünü bağlı hesab etməyə, işğalda qalan ərazilərimizdə dövlət süverenliyini bərpa etmək üçün qanuni tədbirlər görə bilər. “Belə tədbirlər kimi ilk növbədə Laçın dəhlizi dərhal bağlanmalı və işğalda qalan ərazilərimizdə antiterror əməliyyatları keçirilməlidir”- deyə Q.Əlibəyli bildirib.