Ermənistanda baş verənlərin arxasında Moskva dayanır - SENSASİON AÇIQLAMA

İrəvandakı qiyam cəhdini Qərb-Rusiya qarşıdurması kimi şərh edənlər də var...

Rusiya Ermənistanda baş verən qiyama cəhd proseslərinə münasibəti zamanı baş verənləri Ermənistanın daxili işi saysa da, gələn məlumatlar Kremlin İrəvanda yaşananlara biganə olmadığını deməyə əsas verir.

Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Paşinyan isə bu bəyanatdan sonra feysbuk hesabında canlı yayım açaraq Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini açıqlayıb. Həmçinin Baş nazir tərəfdarlarını Respublika Meydanına dəvət edib və onların qarşısında etdiyi çıxışda əzələ nümayişində bulunub.

Baş nazir Nikol Paşinyan Ermənstan Silahlı Qüvvələri baş qərargah rəhbərliyinin qiyamının qarşılığında sərt addımlar atmağa başladıqdan sonra Rusiya hakimiyyətindən davamlı reaksiyaların şahidi olduq. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd etdiyimiz kimi, hadisələri Ermənistanın daxili işi hesab etdiklərini vurğulasa da, ardınca dedi ki, Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir. Eyni zamanda Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raket kompleksi barədə dediklərinə münasibət bildirməyib.

Ardınca Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub. Tərəflər Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər. Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib. “Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - o bildirib.

Eyni gündə prezident Vladimir Putinin N.Paşinyanla, həmçinin Rusiya müdafiə naziri Şoyqunun erməni həmkarı ilə telefonla danışaraq vəziyyəti müzakirə etdikləri məlum oldu. Növbəti gün isə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirdi ki, Ermənistanda baş verənlər Qarabağla bağlı anlaşmaları icra etməyə imkan vermir. Göründüyü kimi, Rusiya Ermənistanda baş verənlərin yarada biləcəyi əlavə fəsadlara da işarə edir. 

N.Paşinyan heç yerə getmək fikrində olmadığını bəyan edib, müxalifət isə İrəvanın baş meydanında, həmçinin mərkəzi küçələrində çadırlar, barrikadalar qurub, baş nazirin istefasını tələb edir. Ermənistanda baş verən proseslərin arxasında Kremlin dayandığı, bu qarışıqlığı Rusiyanın yaratdığı barədə iddialar var. Hesab olunur ki, İrəvan küçələrində Qərblə Rusiyanın toqquşur. Paşinyan küçələrə çıxıb xalqı dövləti, hakimiyyəti qorumağa səsləyir, Qarabağda uduzduğu müharibəni siyasi nəticələrini İrəvanda konpensasiya etməyə çalışır. Paralel olaraq bizim ictimaiyyətdə də belə bir rəy var ki, Paşinyanın qalması Azərbaycanın xeyirinədir. Ortaya ritorik sual çıxır: Ermənistanda iqtidar dəyişsə, bu, Azərbaycan üçün hansı təhlükələri yarada bilər? Ordusunu, siyasətini məğlub etdiyimiz, darmadağın etdiyimiz bir ölkənin başına kimin gəlib-gəlməməsinin bizim üçün hansı önəmi ola bilər?

Ermənistan Rusiyanın dəstəyilə toparlana bilər. Çünki hərbi-siyasi dəstəyi hər zaman Rusiyadan alıb. Rusiya isə 44 günlük savaşda və savaşdan sonra Azərbaycana dəstək verdi və bu dəstəyi verməkdədir. Qarabağın önəmli hissəsini işğaldan azad etməkdə bu dəstəyin önəmli rolu oldu. Görünən budur ki, Rusiya neçə əsrlik siyasətinin üstündən xətt çəkib, bu siyasətdən imtina edib Ermənistanı Azərbaycanla tək qoydu və biz düşməndən 200 illik öcümüzü aldıq, torpaqlarımızı geri qaytara bildik. Belə olan halda Rusiya təzədən niyə bunun əksini etsin ki? Yaxud imtina edəcəkdisə, bizə nədən dəstək verirdi? Bizə dəstək veribsə, verirsə, Ermənistanı niyə təzədən dirçəltsin? Məntiqlə biz Ermənistanda yox, Rusiyada iqtidar dəyişikliyindən, bu perspektivdən rahatsız olmalıyıq...

Zaur Məmmədov: “Post-koronavirus dövründə iqtisadi müharibə davam edəcək”

 Zaur Məmmədov 

Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a dedi ki, Ermənistanda hazırda Qarabağ torpaqlarından uzaqda böyümüş şəxslərlə Qarabağ klanının əksər hissəsi arasında müharibə başlayıb: “Hər iki tərəf anlayır kı, birinin qalibiyyəti, digərinin məhvi demək olacaq. Ona görə bu müharibə səngiməyəcək, sona kimi davam edəcək. Bizim üçün Ermənistanda Rusiyaya, Rusiyadakı erməni diasporuna yaxın olmayan şəxslərin iqtidara gəlməsi daha məqbuldur. 2020-ci ildəki müharibədə Ermənistanın təklənməsi və havadarlarının əsgəri dəstəyini almaması bunu deməyə əsas verir. Unutmayaq kı, bundan sonra Xankəndi ilə bağlı gələcəkdəki proseslər həm də Moskvanın davranışından asılı olacaq”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanda baş verənlər siyasi xaos bu ölkənin Qarabağ müharibəsində ağır məğlubiyyətindən irəli gəlir: “Bu gün Ermənistanda Nikol Pasinyan ölkəni idarə edə bilmir, demək olar ki, Baş Qərargah, Prezident Administrasiyası və müxalifət hökumətə qarşısıdır. Pasinyan da tərəfdarlarına müraciət edərək hələ ki, hakimiyyəti əlində saxlayır və onları meydanlarda güc vasitəsi olaraq istifadə edir. Qeyd edim ki, bu ölkədə hərbi çevriliş öz aktuallığını qoruyur. Baş qərargah rəisi Onik Qasparyan istefaya getmir. Prezident Armen Sarkisyan da məhz bunların tərəfindədir. Qeyd edim ki, Baş qərargah rəisinin, ordu generalların birbaşa Rusiya ilə əlaqələrə malik olması ehtimalı var. Koçaryan və Sarkisyan da Baş qərargahı dəstəkləyir. Əgər çevriliş olarsa, revanşistlər hakimiyyətə gələrsə, 10 noyabr və 11 yanvar razılaşmaları müəyyən qədər təhlükə altına girə bilər. Artıq Rusiya da Ermənistandakı siyasi vəziyyətlə əlaqədar anlaşmaların yerinə yetirilmədiyidiyi bəyan etdi. Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət və hakimiyyət dəyişikliyi regionda ümumi siyasi vəziyyəti, xüsusilə Qarabağla bağlı anlaşmaları da sual altına  qoya bilər”.

M.Əsədullazadə də hesab edir ki, Azərbaycan qalibdir və Ermənistan durumu kəskinləsdirsə, növbəti dəfə məğlub duruma düşəcək: “Hesab edirəm ki, Paşinyan hakimiyyətdə qalarsa, bu, siyasi xaosdan sonra Qarabağ klanın üzvülərini, qiyamçı generalları həbs edəcək və çalışacaq ki, anlaşmaları yerinə yetirsin. O, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasına çalışacaq. Ümumiyyətlə, Ermənistan bundan sonra müharibə etmək iqtidarında deyil. Bu ordu dağılıb və Rusiya erməni ordusunu qurmaq üçün illərlə işlər görməlidir. Onda Azərbaycan daha da güclü orduya sahib olacaq. Azərbaycanla Rusiya arasında Qarabağda sülhməramli qüvvələrinin fəaliyyəti ilə müəyyən fikirayrılıqları olsa da, proseslər gedir. Amma prezidentdə qeyd etdi ki, Ermənistan ordusunu onun müttəfiqləri yenidən qurur və indiyə qədər məhz pulsuz silahlar verilib. Müttəfiq də Rusiyadır. Rusiya çalışır ki, Ermənistan ordusunu qursun. Kimin üçün? Bunu prezident də qeyd etdi. Həmçinin Ermənistan kimi bir dövlətin ordusunun olmamasını vurğuladı. Ona görə də Rusiya geosiyasi şərtlərdən dolayı Qarabağ müharibəsində neytral qaldı. Ortada Türkiyə faktoru da var idi”.

Politoloq Moskvanın Ermənistanda fərqli maraqlarının olduğunu vurğuladı: “Hesab edirəm ki, Rusiya Ermənistandakı hazırkı vəziyyəti gərginləşdirməklə öz komandasını hakimiyyətə gətirib, geosiyasi maraqlarını gücləndirməyə çalışır. Ermənistanda iqtidar dəyişiklikləri birbaşa regionda ümumi ortaq platformanın qarşısının alınmasına yönəlib. Burada əsas aktyor Rusiyadır. Ermənistandan növbəti dəfə işğalçı ölkə düzəltmək mümkün olmayacaq. Rusiya çalışacaq ki, buna getsin. Amma Azərbaycanın güclənməsi və Türkiyə ilə birgə koordinasiyalı fəaliyyəti ilə bu siyasəti fiaskoya uğrayacaq”.

Ekspertin dediyi kimi, Ermənistan ordusunun modernləşdirilməsi istiqamətində cəhdlər müşahidə olunur. Ancaq dövlətimizin başçısının 26 fevraldakı brifinqdə səsləndirdiyi xəbərdarlıqlardan gərək Ermənistanın sahibləri də dərs çıxartsınlar. Azərbaycan Ermənistanda baş verənləri bu ölkənin daxili işi hesab edir. Ancaq eyni zamanda vəziyyətdən sui-istifadə edən qüvvələrin ölkəmizə qarşı hər hansı təxribatı cavabsız qalmayacaq, bu, şübhəsiz