Aydınlar Partiyası: “Dünya ictimaiyyətini Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq”

Aydınlar Partiyası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Partiyanın yaydığı bəyanatda deyilir:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı qanlı soyqırım törətdilər. Bir günün içində Yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəldi,  soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı bu vəhşi qətliamın qurbanı oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Xocalı soyqırımı əslində, ermənilərin ötən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı apardıqları terror müharibəsinin davamı idi.

Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir. Ancaq iyirmi doqquz il keçməsinə baxmayaraq, erməni terrorçuları bu cinayətlərinə görə hələ də cəza almayıblar. Xocalı faciəsinin iştirakçıları layiqli cəzalarını almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımıların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdən hesab olunur. Ona görə də, ermənilər 29 il əvvəl Xocalıda törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Xocalı soyqırımı mahiyyəti etibarilə, Holokost, Hernika, Xatın soyqırımıları kimi insanlığa qarşı törədilən cinayətlərdəndir, 1940-cı illərdə faşistlərin törətdikələri cinayətlərlə müqayisə etmək olar. Axı dinc əhalini məhv etməyə heç kəsə haqq verilməyib. Xocalı qətliamını törədənlər hərbi cinayətkar adlandırılmalı, cinayətkarlar Beynəlxalq Hərbi Tribunal tərəfindən cəzalandırılmalıdırlar.

Azərbaycan xalqının birliyi sayəsində 44 günlük müharibədə erməni qəsbkarları üzərində qazandığı tarixi qələbəsi onu deməyə əsas verir ki, Xocalı qətliamını törədən canilər də tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəklər. Onların soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil.

Xocalıda törədilmiş soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə bir daha müraciət edərək beynəlxalq təşkilatları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsini Azərbaycan xalqına qarşı erməni vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq”.